Torpağın deqradasiyası və ona təsir edən amillər

A- A A+

Ekoloji anlamda deqradasiya-təbii, antropogen və texnogen proseslər nəticəsində bitki örtüyünün, otlaqların vəziyyətinin pisləşməsi, meşələrin kolluqlara çevrilməsi, torpağın strukturunun pozulması, humus və dəyişən kationların azalması nəticəsində münbitliyinin pisləşməsi prosesidir.

Torpağın deqradasiyasına torpağa üzvi və mineral gübrələrin düzgün verilməməsi, dağ-mədən sənayesi, sənaye binalarından atılan çirkab sular, əhalinin artımı, eroziya prosesi, mal-qaranın düzgün otarılmaması, irriqasiya prosesinin düzgün aparılmaması əsaslı şəkildə təsir edir.

Torpağın münbitliyini artırmaq və məhsuldarlığını yüksəltmək məqsədilə gübrələrdən istifadə etmək lazım gəlir. Müntəzəm əkinçilikdə gübrəsiz torpağın münbitliyi sonrakı illərdə aşağı düşür.

Yerli şəraitdən asılı olaraq, torpağın münbitliyini artırmaq üçün adətən azot, fosfor və kalium kimi mineral gübrələrdən müxtəlif formada və birləşmələr şəklində istifadə edilir.

Gübrələrin təsirindən ilk illər bitkinin məhsuldarlığı artır, sonrakı illər məhsul artımı azalır, sonra isə artım müşahidə olunmur, bəzən hətta azalmağa doğru da gedir.

Mineral gübrələrdən istifadənin törətdiyi fəsadlar onların miqdarı ilə deyil, onlardan istifadə mədəniyyəti və ya ekoetikası ilə bağlıdır.

Dünyanın bütün torpaqlarının tərkibində 150 mln ton azot vardır. Qaratorpaqda 20- 30 tona qədər azot vardır.Tarlaya azot gübrələri verildikdə onun miqdarı elə hesablanmalıdır ki, gübrələr məhz bitki tərəfindən mənimsənilsin, ətraf mühitə və insanlara ziyan yetirməsin. Çünki biogen maddələrin çoxluğu ətraf mühiti, saf suları çirkləndirir, hətta atmosferin ozon qatını təhlükə altına alır.Əgər azot gübrəsi 1 ha-da ildə 150 kq-a qədər istifadə edilərsə, onun həcminin 10%-i təbii sulara daxil olur və ciddi problemlər yaradır.

         Gübrələrdən çox miqdarda və uzun müddət istifadə etdikdə səthi və yeraltı sulara daha çox nitratlar daxil olaraq onu içmək üçün yararsız edir.

Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji problemlər də yaradır. Gübrələrdən istifadə  torpağın deqradasiyasına səbəb olur, təbii münbitlik əsasən kimyəvi maddələrə əsaslanan münbitliklə əvəz olunur.

ⅩⅨ əsrin 50-ci illərindən dağ-mədən sənayesinin inkişaf etdiyi  Respublikamızın zəngin təbii sərvətləri vardır. Hal hazırda ölkə ərazisində bir sıra təbii sərvətlərin çıxarılması zamanı torpaq örtüyü deqradasiyaya məruz qalır. Ərtaf mühitə yayılan tullantılar bütün ekosistem üçün təhlükə yaradır.Dağ-mədən sənayesinin ətraf mühitdə yaratdığı problemləri isə bunlardır:

a) ətraf mühitdə baş verən dəyişmələr, torpaq və bitki deqradasiyası və çirklənməsi, atmosfer havasının, səthsularının, yeraltı suların çirklənməsi, əsaslı landşaft dəyişmələri;

b) geoloji mühitdə baş verən dəyişmələr: təbii-texniki şəraitin, hidroloji rejimin və tektonik rejimin pozulması, geokimyəvi dəyişmələr;

c) törəmə problemlər: tədrici landşafı dəyişiklikləri, ekzogen geoloji proseslərin aktivləşməsi, seysmik aktivləşmə və s.

Sənaye binalarından atılan çirkab maddələr torpaq qatı üçün təhlükə yaradır. Çirkləndirici elementlərə bərk, maye və qaz şəklində olan maddələr aid edilir. Maye halında olan çirkab sular torpağa hoparaq həm torpağı həm də yeraltı suları yararsız hala salır. Fosfat, nitrat, kükürd oksidi, DDT və s. kimi uçucu xarakter daşıyan maddələr atmosferə daxil olur və turşulu yağışlar vasitəsi ilə torpağı çirkləndirir. Atmosfer havasından torpağın səthinə DDT-nin çökməsi üçün 4 il lazımdır. Torpaqda isə o, 20 ilə qədər qala bilir.

Müşahidələr göstərir ki, ətraf mühiti çirkləndirən sənaye binalarının arasındakı məsafə normaya uyğun olmadıqda çirkləndirici maddələr binalararası boşluğa hopur və oradan yayılar. Ona görə də bu binalar layihələndirilərkən onlar arasındakı  məsafə bina hündürlüyündən 8-10 dəfə çox götürülməlidir. Sənaye müəssisələrinin layihələndirilməsinə olan tələbata əsasən zərərli və iyli müəssisələrlə yaşayış binaları arasında sanitar-müdafiə zonaları dövlət standartlarına uyğun gəlməlidir. Bu zonaların ölçüləri istehsal müəssisələrinin gücündən, atmosferə atılan tullantıların xarakterindən asılıdır.

YUNESKO-nun məlumatına görə hər il Yer kürəsində milyonlarla insan aclıqdan ölür, on milyonlarla insan isə ərzaq qıtlığından daim əziyyət çəkir. Bu ona görə baş verir ki, planetimizin əhalisi durmadan artır. Adambaşına düşən kənd təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən- ilə azalmaqda davam edir. Yaşayış məskənlərinin daim genişlənməsi, torpaqların eroziyası, şorlaşma və bataqlıqlaşması dünyanın hər yerində müşahidə edilir.

Təcrübələr göstərir ki, suvarma təsiri altında olan bütün ərazilərə - su hövzəsi, suvarma sistemi və ya tarlalar deqradasiyaya məruz qalır, ona görə daim onların davamlılığına yönəldilən tədbirlərin aparılması nəzarət tələb edir.

Sudan effektsiz istifadənin bir çox səbəbləri var. Onlardan ən əsası sudan istifadə qiymətinin onun sosial qiymətindən çox aşağı olmasıdır. Bir çox ölkələrdə suvarma üçün istifadə olunan su pulsuzdur və ya suvarma sistemini saxlamaq üçün sərf olunan dəyərdən dəfələrlə azdır. Bunun nəticəsində su resursu qorunmur və dünyanın bir çox suvarma sistemində sudan hədsiz istifadə edilir.

Bitki üçün sudan tələb olunan qədər deyil, qeyri-mütənasib yüksək istifadə olunması əlverişsiz ekoloji problemlər yaradır, ərazini su basmasına və ya bataqlaşmaya səbəb olur. Bundan başqa, torpaqdan yuyulub aşağı qatlara aparılan duzlar qrunt suyunun tərkibindəki duzlarla birlikdə torpaq profili boyu qalxaraq əkinçilik üçün olduqca əlverişsiz proses sayılan - torpağın təkrar şorlaşmasına gətirib çıxarır.

Torpaq eroziyası təbii geomorfoloji proses olub yer relyefinin əmələ gəlməsində böyük rol oynayır. Təbii su eroziyası, adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə olunduğu landşaft zonalarında müşahidə olunur. Dünyada torpağın təbii su eroziyasının yayılması coğrafi zonallıq qanununa tabedir.

Təbii külək eroziyası əsasən arid zonalarda (yarımsəhra və səhra) baş verir. Təbii eroziya prosesi zəif getdiyi üçün müşahidə olunmur, belə ərazilərdə torpaqəmələgəlmə prosesi nəticəsində torpaq bərpa olunur.Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas səbəbi kənd təsərrüfatı hesab olunur. İnsanın təsərrüfat fəaliyyətilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması otlaq və örüşlərin intensiv otarılması, meşələrin məhv edilməsi torpağın yamac boyu şumlanması eroziya prosesinin güclənməsinə səbəb olur.

Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması, həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür. Deməli,torpaq eroziyasının əsas iki tipi ayrılır - su və külək eroziyası. Su eroziyası da, öz növbəsində, səthi və xətti eroziyasına bölünür. Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları bir çox mikroelementlər (yod, mis, sink, kobalt, marqans, nikel, mo- libden) də azalır. Bununla da həm məhsuldarlıq, həm də kənd təsərrüfatı məhsulunun keyfiyyəti aşağı düşür.Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan axıb getdiyindən, həm də eroziyaya uğramış torpaqların fiziki xassələri pisləşdiyindən torpaq səthindən buxarlanmaya və transpirasiyaya çox su sərf olunur, bununla da torpaqda quraqlıq yaranır. Çox vaxt eroziya gedən rayonlarda baş verən quraqlığı «eroziya quraqlığı» adlandırırlar.

 

 

Dixlordifeniltrix                         Akim Axundov

Naxçıvan Dövlət Universiteti

Memarlıq və mühəndislik fakültəsinin  dissertantı

Heydər Əsədov

Naxçıvan Dövlət Universitetinin  Magistratura məzunu

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: