Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur. Qazanılan nailiyyətlərin miqyasının ildən ilə genişlənməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açır. Muxtar respublikada da mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” xüsusi yer tutur.
Dövlət Proqramında 36 bənddən ibarət tapşırıqlar nəzərdə tutulub. 2020-ci ilin ötən dövründə qarşıya qoyulan vəzifələrin icrası sahəsində tədbirlər davam etdirilib, muxtar respublikanın əmək bazarı təhlil edilib, boş iş yerlərinin müəyyənləşdirilməsinin təmin edilməsi məqsədilə vergi orqanlarında qeydiyyatdan keçən fiziki və hüquqi şəxslər haqqında məlumatlar toplanılıb, müəssisələr üzrə boş iş yerləri məşğulluq mərkəzləri tərəfindən qeydiyyata alınıb. Dövlət maliyyə dəstəyi hesabına 107, özəl investisiya qoyuluşu hesabına 19 olmaqla, ümumilikdə 126 yeni iş yerləri açılıb. Eyni zamanda 495-i dövlət maliyyə dəstəyi, 75-i özəl investisiya qoyuluşu hesabına olmaqla 570 yeni iş yerinin açılması istiqamətində də işlər davam etdirilib. Nəticədə 2020-ci ilin ötən dövründə 569 nəfər məşğulluq xidməti orqanları tərəfindən qeydiyyatda olan vakant iş yerlərinə göndərilib. İşə göndərilənlərin 168-ni gənclər, 165-ni qadınlar, 10-nu isə sağlamlıq imkanları məhdud şəxslər təşkil edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqələr vasitəsilə 135 nəfər müvafiq vəzifələrə təyin olunub. Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası istiqamətində hərbi xidmətdən tərxis olunan 5 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin edilib.
Davamlı iqtisadi inkişafın təmin edilməsində kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Muxtar respublikamızda son illərdə kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması üçün dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir. Ötən dövrdə də bu tədbirlər davam etdirilib, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən Naxçıvan şəhəri üzrə 1 hüquqi şəxsə 3 milyon 200 min manat, 1 fiziki şəxsə 26 min manat, Şərur rayonu üzrə 10 fiziki şəxsə 121 min 400 manat, Babək rayonu üzrə 8 fiziki şəxsə 75 min manat, Ordubad rayonu üzrə 3 fiziki şəxsə 19 min manat, Culfa rayonu üzrə 2 fiziki şəxsə 9 min manat, Şahbuz rayonu üzrə 2 fiziki şəxsə 26 min manat, Kəngərli rayonu üzrə 4 fiziki şəxsə 84 min manat, Sədərək rayonu üzrə 1 fiziki şəxsə 8 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Bu sahədə banklar və digər kredit təşkilatları tərəfindən 7 milyon 260 min manat sənaye, 3 milyon 592 min manat kənd təsərrüfatı, 1 milyon 251 min manat ticarət, 30 min manat tikinti, 723 min manat nəqliyyat və rabitə sahəsinə olmaqla, ümumilikdə 12 milyon 856 min manat həcmində kreditlər verilib.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Dövlət Proqramının icrası istiqamətində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz muxtar respublikada məşğulluğun artırılması məqsədilə yerli resurslara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin yaradılması üçün müvafiq tədbirlərin həyata keçirilməsidir. Bu məqsədlə ötən dövrdə Sahibkarlığın İnkişafı Fondunun kredit vəsaiti və özəl investisiya qoyuluşu hesabına 37 layihənin yaradılması başa çatdırılıb, 47 layihənin yaradılması istiqamətində işlər davam etdirilib. Dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində qaynaq çubuğu, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, unlu-qənnadı məmulatları istehsalı sahələrinin yaradılması, Babək rayonunda meyvə-tərəvəz məhsullarının qablaşdırılması, meyvə araqlarının istehsalı, Kəngərli rayonunda mebel istehsalı sahələrinin genişləndirilməsi, eləcə də özəl investisiya qoyuluşu hesabına 3 müəssisənin yaradılması başa çatdırılıb.
Muxtar respublikada istehsal olunan keyfiyyətli məhsullar ölkəmizdə və dünyada brend məhsul kimi qəbul olunur. Bu sahədə ailə təsərrüfatlarının da rolu danılmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi uğurlu nəticələrin qazanılmasına və əhalinin məşğulluğunun təmin olunmasına, ən əsası isə istehsal olunan məhsulların keyfiyyətinin və çeşidinin artmasına səbəb olmuşdur”. Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Ailə təsərrüfatlarının üstün xüsusiyyətləri ondan ibarətdir ki, kənd yerlərində məskunlaşan ailələrin istehsal etdiyi məhsullarla həmin ailələrin həm öz istehlak tələbatlarının müəyyən bir qismi ödənilir, həm də artırılan təsərrüfat məhsullarını satmaq və ya dəyişdirmək yolu ilə gəlir əldə edilir. Ailə təsərrüfatlarının gələcəkdə kiçik sahibkarlıq subyektlərinə çevrilməsinin stimullaşdırılması sahəsində dövlət maliyyə dəstəyinin göstərilməsi önəmli rol oynayır. Ötən dövrdə ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, əhalinin məşğulluğunu artırmaq sahəsində əlavə imkanlar yaratmaq məqsədilə 21 təsərrüfata 155 min 500 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.
Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də şübhəsiz ki, muxtar respublikanın kəndlərində əhalinin məşğulluğunun artırılmasıdır. Dövlət Proqramı təsdiq edildiyi gündən bu sahədə də mühüm nailiyyətlər əldə edilib, kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, qadın gözəllik salonu və dərzi sexlərinin kadrlarla təmin edilməsi istiqamətində işlər görülüb və bu işlər davam etdirilməkədir. Ötən dövrdə də qeyd olunan sahələrdə vakansiyalara uyğun çalışmaq istəyənlər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə-Tədris Mərkəzində müvafiq peşələr üzrə kurs təşkil olunan, kənd xidmət mərkəzlərində 3 bərbər, 5 bərbər-manikürçü və 1 dərzi olmaqla, ümumilikdə 9 nəfər işlə təmin edilib.
Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Muxtar respublikamızda da iqtisadiyyatın inkişafı və sosial bərabərliyin təmin edilməsinə nail olmaq üçün bu sahəyə xüsusi önəm verilir. Dövlət Proqramının icrası ilə bağlı əmək bazarının tələblərinə uyğun peşə hazırlığı təşkil edilərkən xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması diqqətdə saxlanılır, milli və xalq tətbiqi sənəti növlərində kurslar keçirilir. Ötən dövrdə peşə təhsili müəssisələrində turizm agenti, qazanxana maşınisti, gözətçi, bərbər, bərbər-manikürçü, dərzi, arıçı, kompüter istifadəçisi peşələri üzrə təşkil edilən 10 kursu 232 müdavim bitirib. Milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarının təşkili məqsədilə xalçaçı kursuna 19 nəfər cəlb edilib. Kənd əhalisinin xalq yaradıcılığı sahəsinə marağının artırılması diqqət mərkəzində olub, Şərur rayonunun Cəlilkənd kəndində yerləşən “Buzxana” Kompleksində xalça toxuma sahəsinin fəaliyyəti davam etdirilib. Mədəniyyət evləri və klubların 14 əməkdaşı üçün xalçaçılıq sahəsi üzrə 3 aylıq peşə kursu təşkil edilib. Ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə onlara əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi üçün 1108 şagirdlə görüşlər keçirilib.
Dövlət Proqramının əsas istiqamətlərindən biri də sosial cəhətdən həssas əhali qruplarının yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsidir. Bu kateqoriyadan olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir. Ötən dövrdə Naxçıvan şəhəri, Babək, Ordubad, Culfa rayonları üzrə dövlət və özəl müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olanların, işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması üçün kvota yerləri ayrılıb, bu kateqoriyadan olan 2 nəfər kvota yerlərinə işə göndərilib. Eyni zamanda sosial layihələrin reallaşdırılması da mühüm əhəmiyyət kəsb edib, özünüməşğulluğun təmin edilməsi, fərdi təsərrüfatların yaradılması, inkişaf etdirilməsi üçün 87 aztəminatlı ailəyə müvafiq köməklik göstərilib, əvvəlki dövrlərdə özünüməşğulluq proqramına cəlb edilən 2 nəfərə yaradılmış təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyi üçün kənd təsərrüfatı avadanlığı verilib. Culfa rayonunda sağlamlıq imkanı məhdud 1 fiziki şəxsə tingçilik təsərrüfatının yaradılması məqsədilə 4 min manat, Sədərək rayonunda sosial qayğıya ehtiyacı olan 1 fiziki şəxsə meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi məqsədilə 8 min manat dövlət maliyyə dəstəyi göstərilib. Sağlamlıq imkanları məhdud və evdar qadınların müvəqqəti məşğulluqlarının təmin edilməsi məqsədilə sosialyönümlü layihələrin icrası davam etdirilib, 8 sağlamlıq imkanı məhdud qadın səməni becərilməsi ilə bağlı sosial əhəmiyyətli haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Qeyri-formal məşğulluq müəssisələrdə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur. İşçi işəgötürənlə əmək müqaviləsi bağlamadan, qeyri-formal şəkildə bu və ya digər fəaliyyəti yerinə yetirməklə özünü əmək və sosial təminat hüquqlarından məhrum etmiş olur. Dövlət Proqramının icrası sayəsində əmək müqavilələrinin bağlanmasına nəzarət edilir və yeni əmək fəaliyyətinə başlayanların sosial sığorta şəhadətnaməsi ilə təmin edilməsinə diqqət yetirilir. Ötən dövrdə 8 sahibkarlıq obyektində aparılan nəzarət zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilən 9 işçi aşkar olunub ki, həmin işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunaraq xəbərdarlıq edilib. İlk dəfə əmək fəaliyyətinə başlayan 430 nəfərin sosial sığorta şəhadətnaməsi ilə təmin edilməsi üçün sifariş verilib.
Sağlam və təhlükəsiz əmək şəraiti işçi amilinə diqqət və qayğının ifadəsi olmaqla, iş yerlərində işgüzar fəallığın, məhsuldarlığın yüksəlməsi, nəticədə iqtisadi inkişafın təmin edilməsi baxımından olduqca vacibdir. Əməyin mühаfizəsi insаnın əmək prоsеsində təhlükəsizliyini, səhhətinin və iş qаbiliyyətinin qоrunmаsını təmin еdən tədbirlər sistеmidir. İşəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət olunması məqsədilə muxtar respublika üzrə ümumilikdə 22 obyektdə yoxlama aparılarkən fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 27 işçi həmin vasitələrlə yerində təmin edilib, 14 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanması işçilərin sağlam əmək şəraitində işləmək hüququnun təmin olunmasına xidmət edir. Dövlət Proqramında nəzərdə tutulan tapşırığın icrası məqsədilə ötən dövrdə bu sahəyə nəzarət davam etdirilib, 2 min 866 işçinin sığorta müqaviləsi yenilənib.
Muxtar respublikada işaxtaranların işlə təmin olunmaları məqsədilə boş iş yerləri və məşğulluq sahəsində görülən işlərə dair məlumatların verilməsi üçün kütləvi informasiya vasitələrinin imkanlarından istifadə olunması da diqqətdə saxlanılıb, 24 qəzet materialı çap olunub, 2 radio materialı yayımlanıb, Naxçıvan Dövlət Televiziyasında 11 xəbər materialı və 3 veriliş efirə təqdim olunub.
Qeyd olunanlar onu deməyə əsas verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu sahədə daha böyük uğurların qazanılmasına imkan verəcəkdir.