Naxçıvandakı hərbi mövqelər Ermənistan tərəfdən necə görünür? - VİDEO - VİDEO
Bu günlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Günnüt kəndi də daxil olmaqla 11 min hektar ərazini 26 ildən sonra əks-həmlə ilə erməni işğalından azad etməsi və bir sıra strateji yüksəkliklərdə postlar quraraq mövqelərini möhkəmlətməsi Ermənistan hökuməti kimi, ictimaiyyətini və mətbuatını da ciddi şəkildə narahat edib. Naxçıvan televiziyasının və Müdafiə Nazirliyimizin təqdim etdiyi tutarlı foto-videofaktlar qarşısında aciz qalan Ermənistan Müdafiə Nazirliyi çarəni qeyri-müəyyən ərazilərə, eləcə də Naxçıvanla sərhəddə ordumuzun atəşi altına düşən postlara “press-tur”lar təşkil etməklə əhalini sakitləşdirməkdə görür. Bu günlərdə Ermənistanın nüfuzlu sputnik.am saytının əməkdaşı da həmin ərazidən çəkdiyi videonu yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, videomaterialda Azərbaycan əsgərlərinin həqiqətən də yüksək strateji mövqelərdə möhkəmləndiyini erməni jurnalist həyəcanlı səslə etiraf edir. Ordumuzun uğurunu kadrarxası və rus dilində etiraf edən erməni jurnalist deyir: “Biz Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhəddindəyik. Bizim kadrımızda görünən bu yaxın, yüksək mövqe Azərbaycanındır. Bir qədər aşağıda yenə də düşmənin müdafiə postlarıdır. Bizim dayandığımız yerdən Azərbaycan tərəfin mövqelərinə qədər olan məsafə 1800 metrə qədərdir. Onların Areni kəndinin ərazisini atəş altında saxlamaq üçün yüksək imkanları var. Amma buradakı Ermənistan mövqelərinin də yeri yaxşıdır. Onlar buradan düşmənin hansısa fəal hərəkətinə mane ola bilərlər. Bir qədər aşağıda, dərənin içərisində bizim mövqelərimiz var. Onların imkanları bir qədər aşağıdır. Çünki Azərbaycan mövqeləri daha hündürdədir. Amma burada, bizim indi olduğumuz postların da yaxşı imkanı var ki, düşmənin təxribatının bir neçə istiqamətdə qarşısını ala bilərlər. Bu yer yaxın zamanlarda istər erməni, istərsə də Azərbaycan mətbuatında çox geniş müzakirə olunan ərazilərdir”.
Maraqlısı budur ki, videoda heç bir əsgər və ya erməni postu görünmür. Görünür, jurnalist acınacaqlı durumda olan erməni əsgərlərini və lazımi xidmət şəraiti olmayan post və dayaq məntəqələrini göstərməmək təlimatı alıb.
Biz sizə uçuq daxmaya oxşayan və Günnüt istiqamətində ordumuzun atəşi altına düşən erməni postlarını bir daha təqdim edirik.