Təkamül təliminin yaradıcısı Çarlz Darvin belə bir ideya irəli sürübdür ki, bitki köklərinin yuxarı hissələri beynin bəzi funksiyalarını yerinə yetirir. O, özünün “Bitkilərin hərəkət gücü” kitabında yazırdı: “Bitki köklərinin yuxarı hissəsi ibtidai heyvanların beyninə oxşar olaraq müvafiq oxşarlığa və qonşu hissələrin hərəkətlərini istiqamətləndirmək imkanlarına malikdirlər. Belə ki, ibtidai heyvanlarda beyin qabaq tərəfdə yerləşir, hissetmə orqanlarından aldığı siqanallara əsasən bir sıra hərəkətləri istiqamətləndirir”.
Britaniya Universitetinin professoru Süzanna Simard 30 ildən artıqdır ki, müasir tədqiqat metodlarından istifadə etməklə meşə ağaclarının qarşılıqlı əlaqəsini öyrənməklə məşğul olur. Alim belə bir nəticəyə gəlibdir ki, müəmmalı və əsrarəngiz bioloji aləm mövcuddur: bu aləmdə nağıllarda, elmi-fantastik filmlərdə olduğu kimi ağaclar sayısız-hesabsız kontakt şəbəkələri vasitəsilə vahid orqanizm (müqəddas ağac) şəklində əlaqələndirilir. Yaradılan kontakt şəbəkələri vasitəsilə, canlı orqanizmlərdə olduğu kimi ağaclar bir-birilə ünsiyyətdə olur, maddələr mübadiləsində iştirak edir, bir-birindən hər cür qarşılıqlı köməyi əsirgəmirlər.
Tədqiqatçı alim Süzanna Simard hələ 1997-ci ildə karbonun radioaktiv izotoplarından istifadə etməklə meşə ağacları arasındakı madəllər mübadiləsi proseslərinin marşurtlarını tədqiq etmək ideyasını həyata keçirməyə başlayıbdır. Onun irəli sürdüyü hipotezə görə meşə döşəmələri vastəsilə diqqətimizdən yayınan mikoriza (göbələklərin və ali bitkilərin köklərinin simbiozu) insan beynindəki neyron şəbəkələrinin analoqudur. İrəli sürdüyü hipotezi təcrübi yolla əsaslandırmaq məqsədilə alim aşağıdakı eksprement seriyalarını yerinə yetiribdir.
Təcrübi tədqiqatlar üçün professor Simard və əməkdaşları meşə ağaclarının budaqlarını böyük plastik paketlərə yerləşdirərək onları bərkidib, tibbi şpirisin köməyilə hava torbalarına (paketlərə), tərkibində 2 növ izotop olan radioaktiv qaz doldurubdur. Təcrübənin aparılması üçün 2 növ ağac ( Düqlas küknarı və ağ Amerika tozağacı) seçilibdir. Tozağacı bitkisi üçün karbon-14, küknar üçün karbon-13 izotopundan istifadə edilib. Alimlər 2 növ ağac arasında ikitərəfli əlaqənin mövcudluğunu öyrənməyə çalışıblar. Təcrübəyə cəlb olunan ağaclar fotosintezin köməyi ilə radioaktiv karbonu mənimsəyərək qlükoza (şəkər) sintez etməli idilər. Tədqiqatçılar Qeyqer sayğacının və başqa çevricilərin köməyi ilə ağaclar arasındakı ağac şirələrinin hərəkət marşurutlarını öyrənə biliblər tədqiqat nəticələrini professor Simard belə xatırlayır:
“Tədqiqata cəlb olunan ağaclar radioaktiv qazı mənimsədikdən sonra mən cihazlara qoşdum və onların danışığını eşitdim. Küknar ağacı sanki tozağacından soruşurdu - Sən özündə olan karbonu mənimlə bölüşərsənmi? Çünki, kimsə mənim üzərimə parça saldığından mən kölgədə qalıb, günəş işığından məhrum olub. Tozağacı bitkisi dərhal köməyə gəldiyindən cihazlar nişanlanmış (radioaktiv) karbonun tozağacından küknara doğru hərəkətini qeyd ediblər. Payızda isə tozağacının yarpaqları töküldüyündən əks situasiya özünü göstərir. Yəni, həmişəyaşıl küknar ağacı öz karbonunu tozağacı bitkisi ilə bölüşür. Beləliklə, professor Simardın irəli sürdüyü hipotez öz təcrübi təsdiqini tapmış olur.
Müəyyən edilibdir ki, ağaclar mikoriziya şəbəkələrindən istifadə etməklə bir-birləri ilə karbon qazı, fosfor, azot, su, mühafizə siqnalları və s. mübadiləsi həyata keçirirlər. Alimlərin fikrincə bu şəbəkələr müasir dövr internetinin analoqu sayıla bilər. Göbələk hüceyrələrinin ağac kökləri hüceyrələri ilə toxunma yerlərində ağacların qidalandırıcı maddələrə çevirdiyi karbon mübadiləsi baş verir. Həmin qidalandırıcı mübadilələri isə günəş işığından məhrum olan və fotosintez prosesinə uğramayan göbələklər torpaqdan alır.
Özünəməxsus trofik mübadiləsi nöqtələri böyük, ana ağaclardır. İzotop indiqatorlarından istifadə etməklə bioloqlar müəyyən ediblər ki, meşələrdə ana ağaclar yüzlərlə ağac ilə əlaqədədir. Bundan başqa ana ağac öz nəslini digər ağac nəsillərindən fərqləndirə bilir. Məlum olubdur ki, ana ağac öz cinsinə aid ağaclar (tingləri) daha sıx mikoriza şəbəkəsi ilə əhatə edir, onlara daha çox karbon nəql edir, özünün kök sistemini yığcamlaşdırır ki, öz törəmələri üçün sərbəst yer sahəsi çoxalsın. Belə qayğı yeni əkilən ağac və tinglərin tutma (böyümə) ehtimalını 3-4 dəfə artırır. Əgər böyük (ana) ağacların ümumi şəbəkələr ilə qidalandırma köməyi olmasaydı, bəzən günəş işığından da məhrum olan körpə şitil və tinglər böyüyə bilməzdilər.
Bioloqların fikrincə meşə ağacları bir-biri ilə konkurent deyil. Bu - bir icmadır. Konkurentlik onlar üçün təkamül-nöqteyi nəzərindən əhəmiyyət kəsb etmir. Meşədə qonşu ağaclar quruduqda mühafizə örtüyündə boşluqlar əmələ gəlir, daxil olan külək və günəş şüaları mühafizə örtüyünü qurudur və qızdırır, mikoriza sistemi zəifləyir. Lakin elə ağac növləri vardır ki, hər biri özü, sərbəst olaraq cücərir, böyüyür. Buraya sidr, qovaq, ağcaqovaq və s. misal göstərilə bilər.
Bioloq və ekoloqların rəyinə görə biz meşələrə, meşə ağaclarına olan münasibətimizi dəyişməli, meşələr və bağça-bağlarda yaşlı ana ağaclarını, gen daşıyıcılarını, mikoriza şəbəkələrini qorumalıyıq. Bu, ağac kəsilmələrinə, meşələrin cavanlaşdırılmasına qadağa qoymaq deyil. Qadağa yalnız meşə və bağ-bağçaların kütləvi məhvinə aiddir. Lakin ana ağaclar saxlanılmalıdır ki, yeni nəsil ağacların qısa müddətdə meşəyə çevrilməsi təmin olunsun.
Almaniya biomüxtəlifliyin tədqiqi mərkəzinin və Leypsiq Universiteti bioloqlarının araşdırmalarına görə ağaclar bəzi maddələrin tərkibini, məsələn, ağacdakı ağız suyu, seliyin mənşəyini, hansı heyvanlara aid olduğunu təyin edə bilir. Məsələn, marallar həmin ağac budaqlarını yedikdə ağaclar yarpaqlara acı maddə ifraz edərək onları qoruyurlar. Budaqları insanlar qırdıqda isə zədələnmiş yerə yarasağaldıcı maddə axıdır. Şam ağacı və qarağac kəpənək qurdlarının (tırtılların) hücumuna məruz qaldıqda ağaclar parazit eşşək arılarını cəlb etmək üçün feromonlar ifraz edir. Parazit arıların qoyduğu yumurtadan çıxan sürfələr kəpənək qurdlarını içəridən yeyərək məhv edir. Afrika savannasında isə akasiya ağacları ifraz etdikləri iyli qazlar vasitəsilə bir-birilə ünsiyyətə girir, düşmənə qarşı birgə mübarizə aparırlar.
Daşqın Qənbərov
Naxçıvan Dövlət Universiteti Botanika kafedrasının müdiri,
biologiya üzrə elmlər doktoru