Avropa “İİV-ə testləşmə həftəsi-2020” yeni formatda keçiriləcək

A- A A+

COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimini nəzərə alaraq, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, əhali və pasiyentlər üçün əlavə xidmət növlərini gündəlik fəaliyyətinə daxil edib. Karantin rejiminin tətbiqindən əvvəl - hələ mart ayının ortalarından Mərkəz mütəxəssislərinin iştirakı ilə ölkə mənsubiyyətindən asılı olmayaraq, bütün maraqlananlar üçün Azərbaycan, rus və ingilis dillərində “Skype”, “Whatsapp” və “Viber” vasitəsilə məlumatlandırıcı və məsləhətləşmə xidmətini yaradıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Mərkəzin mütəxəssisi Ceyhun Nəcəfov bildirib: “Videobağlantı formatında “Evdən çıxmadan məsləhət al” xidmətindən hər kəs istifadə edə bilir. Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı, ölkə ərazisində İİV-lə yaşayan insanlar üçün dərman preparatları və digər tibb təyinatlı materiallarla təmin etmək məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi regional laboratoriyalar və regional antiretrovirus mərkəzlərinə preparatların, reaktiv və testlərin müntəzəm çatdırılmasını təşkil edib. Ciddi və mütəşəkkil karantin tədbirlərinə baxmayaraq, ölkədə İİV-ə yoluxmuş insanların müayinə, müalicə, qulluq və dəstəklə təminatı, pandemiyadan əvvəlki səviyyədə saxlanılmaqdadır. Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Avropa testləşmə həftəliyi” (European Testing Week) kampaniyasını İİV/QİÇS-lə qlobal mübarizə üçün səmərəli və faydalı hesab edərək, onun keçirilməsində iştirakını bu il də planlaşdırır”.

Onun sözlərinə görə, 15-23 may “Avropa testləşmə həftəsini” QİÇS-lə Mübarizə Mərkəzi yeni formatda keçirəcək. Belə ki, İİV-lə yaşayan insanlar üçün COVID-19-un profilaktikasına dair xüsusi hazırlanmış bukletlər yayılacaq. IIV/QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizə və İİV-ə test müayinəsinin təbliğinə dair mediada materiallar dərc olunacaq. Eyni zamanda, xarici ekspertlərin iştirakı ilə qeyri-hökümət təşkilatları üçün COVİD-19 pandemiyası şəraitində əhalinin həssas qrupları ilə autriç fəaliyyət məsələlərinə dair onlayn konfrans keçiriləcək”.

Qeyd edək ki, bu kampaniya “HIV in Europe”, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının (BMT) İİV/QİÇS İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların birgə təşəbbüsüdür. Aksiyanın keçirilməsində məqsəd regionda daha çox insanın İİV infeksiyasına yanaşmada öz statuslarını öyrənməsi və bu infeksiyanın gec qoyulmuş diaqnoz problemini azaltmaqdır. Strateji planda Avropa İİV-ə testləşmə həftəsinin məqsədi erkən diaqnostika və müalicəyə başlama sayəsində xəstəliyin yayılmasının qarşısını almaq və İİV infeksiyası epidemiyasına son qoymaqdır.

Testləşmə kampaniyasının keçirilməsi təşəbbüsü 2013-cü ildə yaranıb və Avropada böyük rəğbət doğuran hadisəyə çevrilib. Hər il bu kampaniyada İİV-QİÇS-lə mübarizə üzrə 700-dən çox milli dövlət və qeyri-hökumət təşkilatı iştirak edir. 2018-ci ildən etibarən İİV üzrə testləşmə kampaniyası ildə iki dəfə keçirilməyə başlayıb: may ayında - QİÇS-dən dünyasını dəyişən insanların ümumdünya xatirə günündə və noyabr ayında - QİÇS-lə Beynəlxalq Mübarizə Günündə. Azərbaycan bu təşəbbüsün elan edildiyi 2013-cü ildən panavropa kampaniyasında iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: