Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən təsdiq edilmiş 09 avqust 2019-cu il tarixli Sərəncama uyğun olaraq “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası uğurla davam etdirilir.
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-ci ilin 4 ayında (yanvar-aprel) nağdsız ödənişlərin həcmi 25 milyon 579 min 979 manata çatıbdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıq olub. Nağdsız ödənişlərin 15 milyon 735 min 831 manatı internet və digər ödəniş vasitələri, 9 milyon 844 min 148 manatı isə POS-terminallar vasitəsi ilə həyata keçirilib.
Özəl sektorda işçilərin əmək haqlarının nağdsız olaraq (ödəniş kartları vasitəsilə) ödənilməsini təmin etmək məqsədilə sahibkarlarla mütəmadi maarifləndirmə və məlumatlandırma işləri aparılıb, 95 sahibkarlıq subyektlərində işləyən 840 muzdlu işçinin əməkhaqlarının plastik kartlara keçirilməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində görülən işlərə uyğun olaraq 3 publik hüquqi şəxs statuslu müəssisədə (Naxçıvan Müalicə-Diaqnostika Mərkəzi, “Duzdağ” Fizioterapiya Mərkəzi, Stomatoloji Mərkəz) bu işlər başa çatdırılıb, digər publik hüquqi şəxs statuslu müəssisələr üçün bank hesabları açılıb, POS-terminalların quraşdırılması ilə bağlı lazımi sənədlər toplanılaraq müvafiq bank orqanlarına göndərilib. Muxtar respublika sakinləri qeyd olunan müəssisələrə müraciət edən zaman plastik kartlarından istifadə etməklə ödənişlərini rahat və nağd pula ehtiyac qalmadan həyata keçirə bilərlər.
“Nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 12 tirajında 2989 sakinə 190 min manat dəyərində hədiyyələr təqdim olunub. Cari ildə də bu həvəsləndirici tədbirin keçirilməsi nəzərdə tutulub .