Təhsilin qayğıyla əhatə olunduğu muxtar respublikada qızların təhsilalmalarına xüsusi diqqət yetirilir. Əvvəllər ali məktəblərə qəbul səviyyəsində ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edirdisə, son illərdə artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb. Bu baxımdan Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir. Liseyin fəaliyyətində əsas məqsəd burada təhsil alaraq formalaşan hər bir şagirdin təhsilini hansı istiqamətdə davam etdirməsindən asılı olmayaraq savadlı, vətənpərvər, dünyagörüşlü, Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə daşıyan, milli-mənəvi dəyərlərimizə sadiq və milli adət-ənənələrimizi yaşadan, tanıdan xanım kimi böyüməsidir.
608 şagird yerlik Naxçıvan Qızlar Liseyinin binası 2011-ci ildə yenidən əsaslı təmir olunaraq tədris üçün müasir infrastrukturla zənginləşdirilib. Kimya, biologiya və fizika laboratoriyalarda müvafiq fənlər üzrə dərslərin tədrisi yüksək səviyyədə aparılır. Lazımi avadanlıqlar və məlumat stendləri ilə təchiz olunan ilk tibbi yardım kabinəsində şagirdlərə ilk tibbi yardımın sirləri öyrədilir. Liseydə həmçinin musiqi dərslərinin yüksək səviyyədə tədrisi üçün piano ilə təmin olunmuş musiqi otağı da mövcuddur.
Tədrisin keyfiyyətinin artırılması məqsədilə ilə klassik və müasir Azərbaycan, eləcə də, dünya ədəbiyyatı nümunələri, ensiklopediyalar ilə zəngin kitabxana isə şagirdlərin biliklərinin, intellektual səviyyələrinin yüksəldilməsinə geniş imkanlar açır.
Hazırda Muxtar respublikanın 60 qabaqcıl müəllimi burada təhsil alan 380 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Müəllimlərdən 4-ü “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb, 1-i “Tərəqqi” medalı ilə təltif olunub, 2-si isə ”İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Liseydə dərslər ümumtəhsil məktəblərinin tədris proqramı əsasında keçirilir. Burada şagirdlər isti yemək və çayla təmin olunurlar. Günün ikinci yarısında tərbiyəçi müəllimlərin nəzarəti ilə məşğələlər başlayır. Məşğələlərdə şagirdlərə növbəti günün dərslərinin hazırlanmasında köməklik göstərilir.
Həmçinin liseydə şagirdlərin muzeylərə ekskursiyası, şeir, rəsm, inşa yazı və dram müsabiqələri, əl işlərindən ibarət müxtəlif sərgilər təşkil olunur. Eyni zamanda muxtar respublika üzrə təşkil edilən yaradıcılıq sərgilərində də liseyin şagirdləri fəal iştirak edirlər.
Burada təhsil alan şagirdlər asudə zamanlarını dəyərləndirmək üçün şahmat və idmanla (voleybol, basketbol, stolüstü tennis) da məşğul olurlar. Liseyin idmana böyük maraq göstərən şagirdləri beynəlxalq idman yarışlarında iştirak edərək ilk yerlərə layiq görülüblər. Bununla yanaşı, dərs saatları bitdikdən sonra, elektron lövhələrdə tarixi adət-ənənələrimizi, özündə nümayiş etdirən Azərbaycan filmləri də şagirdlərə nümayiş olunur.
Liseydə şagirdlərə xüsusi proqram əsasında siniflər üzrə qrafikə uyğun olaraq hər həftə mənəviyyat dərsləri və mənəviyyat seminarları keçirilir ki, həmin seminarlarda da ailə dəyərləri, əxlaqi və insani keyfiyyətlər gələcəyin Azərbaycan qadınına , analarına aşılanır. Həmçinin məişət işlərinin öyrədilməsi, milli mətbəximizin aşılanması məqsədilə “Kulinariya”, xalqımızın milli naxışlarının yaşadılması və öyrədilməsi məqsədilə “Tikiş-toxuculuq”, qədim el sənəti olan xalça toxumağın unudulmaması və öyrədilməsi məqsədilə “Xalçaçılıq” dərnəkləri təşkil edilib. Bu dərnəklərin keçirilməsi üçün xüsusi olaraq liseydə əmək kabinəsi, xalçaçılıq otağı yaradılıb. Bütün bunlar gələcəyin xanımlarına o məqsədlə aşılanır ki, böyüməkdə olan gənc qızların hər biri gələcəyin anası, gələcəyin övlad tərbiyə edicisi və gələcəyin ailə başçılarıdır. Gələcəyin anaları - bugünkü gənc qızlar nə qədər savadlı və nə qədər vətənpərvər olsalar, gələcəkdə öz övladlarını da o ruhda tərbiyə edəcəklər.
Muxtar respublikada təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, liseydə hər il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan şagirdlərin sayı artır. Son 5 il ərzində məktəbin məzunlarından 49 nəfəri 500-700 intervalında bal toplayıb. Lisey fəaliyyətə başlayandan bu tədris ilinədək məzunlardan 5-i qızıl, 3-ü gümüş medala, 16-sı isə fərqlənmə attestatına layiq görülüb. 2016-2017-ci tədris ilinin məzunu Fərəcova Günnar Yaşar qızı ali məktəblərə qəbul imtahanlarında 691 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb və topladığı bala görə muxtar respublika birincisi olub. Ötən tədris ilində isə liseyi 48 məzun bitirib ki, onlardan da 1-i qızıl, 1-i gümüş medala, 4-ü fərqlənmə attestatına layiq görülüb, 13-ü isə 500-700 intervalında bal toplayıb.
Bu il fənn olimpiadalarında XI sinif şagirdləri Babayeva Adilə “Riyaziyyat” fənni üzrə I, Qurbanova Türkan “Riyaziyyat” və Rəhimli Jalə isə “Biologiya” fənni üzrə II yerə layiq görülüblər. Həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA-nın Naxçıvan bölməsinin birgə təşkilatçılığı ilə keçirilən “Sabahın tədqiqatçıları” layihəsində liseyin IX sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihəsi Moskvada keçirilən Məktəblilərin “Elmə start” VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində III dərəcəli diploma layiq görülüb. Nuray Məmmədovanın layihəsi ikinci dəfə həmin müsabiqənin növbəti mərhələsində onlayn şəkildə iştirak edərək II yerin qalibi olub, medal və diploma layiq görülüb.
Müasir tədris şəraiti ilə təmin olunmuş liseyə muxtar respublikanın müxtəlif rayon və kəndlərindən şagirdlər oxumaq üçün müraciət edirlər. Liseydə təlim ümumi orta və tam orta təhsil pillələrində aparılır. Ümumtəhsil məktəbinin ibtidai təhsil pilləsini yaxşı və əla qiymətlərlə başa vuran qızların liseyə qəbulu hər tədris ilinin sonuna yaxın Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən seçmə üsulla, imtahan yolu ilə aparılır.
Bu il də 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinfində təhsil alacaq qız şagirdlərinin liseyə sənəd qəbuluna start verilib. 7 may 2020-ci il tarixdən başlanan sənəd qəbulu mayın 29-dək davam edəcək. İyunun 11-də test formatında müsabiqə yolu ilə “Azərbaycan dili”, “Riyaziyyat” və “İngilis dili” fənləri üzrə keçiriləcək imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird Liseyə qəbul olunacaqdır. Muxtar respublikanın müxtəlif istiqamətlərindən müsabiqədə iştirak etmək üçün səylə hazırlaşan hər bir şagirdə uğurlar arzulayırıq!
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti