NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetinin fakültə və kafedralarında struktur dəyişikliyi ilə əlaqədar keçirilən onlayn müşavirədə rektor Elbrus İsayev deyib. Rektor bildirib ki, ali təhsil ocağına tələbə qəbulunun ilbəil artan dinamika ilə yüksəlməsi və yeni ixtisasların açılması fakültə və kafedraların yenidən formalaşdırılması zərurətini yaradır. Eyni zamanda yeni dəyişiklik ixtisasların təsnifata uyğun qurulmasını nəzərdə tutur. Elm sahələrinə və fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsinə hesablanmış struktur dəyişikliyi professor-müəllim heyətinin ixtisaslarına uyğun komplektləşdirilməsinə imkan yaradacaq.
Qəbul edilən qərara əsasən Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq fakültələrinin bazasında 2 fakültə- Beynəxalq münasibətlər və hüquq, Xarici dillər fakültələri yaradılıb. İqtisad fakültəsi ləğv edilərək İqtisadiyyat və İdarəetmə fakültəsi yaradılıb.
Beynəlxalq münasibətlər və hüquq fakültəsi özündə Hüquq fənləri, Fəlsəfə və sosial iş, Beynəlxalq münasibətlər, İqtisadiyyat və idarəetmə fakültəsi İqtisadiyyat, Mühasibat uçotu və maliyyə, Dünya iqtisadiyyatı və menecment, Bələdiyyə və turizm, Xarici dillər fakültəsi isə İngilis dili və metodika, İngilis dili və tərcümə, Rus və Şərq dilləri, Roman- german dilləri kafedralarını formalaşdırıb.
Tibb fakültəsində də ixtisas uyğunluğu nəzərə alınaraq Əczaçılıq və biokimya, Stomatologiya, Ümumi təbabət və kliniki fənlər, Təməl tibb fənləri kafedraları yaranıb. Yeni yaradılmış kafedralarda professor-müəllim heyəti ixtisas sahələrinə görə formalaşıb.
Səadət Əliyeva