Muğanlı Şərur rayonunun Arazboyu yaşayış məskənlərindən biridir. Muğanlı Azərbaycan ərazisində geniş yayılmış adlardandır. Azərbaycan Respublikasının Ağdam, Ağcabədi, Bərdə, Ağstafa, Qubadlı, Zaqatala, Zəngilan, Kürdəmir, Xocavənd, Şamaxı rayonlarında Muğanlı adında kəndlər vardır. Tofiq Əhmədovun məlumatına görə Azərbaycanda Muğan və Muğanlı adı və bu tayfa adının iştirakı ilə yaranan 18 oykonim mövcuddur. Muğan və Muğanlı adları tədqiqatçılar tərəfindən müəyyən qədər izah olunub , onun mənşəyi haqqında müxtəlif fikirlər söylənilib.
Muğan sözünün etimologiyasına toxunan Əbdüləzəl Dəmirçizadə bu sözün İran dillərinə məxsus -an cəm şəkilçisi vasitəsilə mağ / muğ qəbilə adından yaranaraq “mağlar” və ya “mağ eli” mənası daşıdığını və uzun müddət təkrar-təkrar işləndikdən sonra “mağ” tayfasının yaşadığı ərazinin adı, yəni indiki Muğan adı kimi sabitləşdiyi fikrinə gəlib.
Aydın Məmmədov isə yazır ki, Muğan əslində “muğlar” mənasını verir, yəni həmin coğrafi ərazidə vaxtilə muğlar tayfası yaşayıb. Muğ isə Herodotun əsərlərində göstərildiyi kimi, qədim midiyalılardan olan “muğ” və yaxud “mağ” qəbiləsinin adıdır.
Rəmzi Yüzbaşev ,Kamil Əliyev və Şəmsəddin Sədiyevin birgə yazdıqları “Azərbaycanın coğrafi adları” kitabında belə fikir səslənir ki, hələ Miletli Hekatey Araz boyunda yaşamış mük tayfasının adını çəkir. Müklər haqqında Herodot da məlumat verir. Sonralar ərəb coğrafiyaşünaslarının əsərlərində mük etnonimi üzərində Muğan toponimi yaranır. Müasir toponimika bu qədim tayfa adını da saxlayıbdır: Muğan, Muğan düzü. Görünür ki , müklər Kürün və Arazın aşağı hissəsində, Muğan düzündə məskən salıblar. Muğan adı “an’ (qədim İran dillərində “ana”) sözdüzəldici şəkilçi vasitəsilə düzəlmiş İran mənşəli sözdür.
Tədqiqatçılardan Nadir Məmmədov isə başqa fikirdədir. O yazır ki, indiki Muğan düzünün vaxtilə bu ərazidə guya yaşamış muğlarla heç bir əlaqəsi yoxdur. Akademik Ziya Bünyadov göstərir ki, hazırda tarixçilərin türk adlandırdıqları böyük qəbilə birləşmələrindən olan hunlar V əsrdə Azərbaycanın Muğan ərazisinə köçüb orada məskunlaşıblar. İlk orta əsrlərdə hunların Kür və Araz düzənliklərində yaşaması tarixi mənbələrdən məlumdur. Ziya Bünyadovun əsərində V-VIII əsrlərdə Azərbaycanda hun tayfalarından olan Muğan adlı bir xanın adı çəkilir. Həmin dövrdə Azərbaycanda hun tayfalarından olan Muğan xan indiki ərazidə məskunlaşmış və düz də onun şərəfinə Muğan düzü adlandırılıblar.
Alimlərdən Qara Məşədiyev Muğan haqqında belə fikir irəli sürür ki, Muğan türk toponimidir.Çünki Muğan – Mil zonasında V əsrdən bəri hunlar mövcud olubdur ki, bunların da bir hissəsi ola bilsin ki , muq, yaxud Muğan adlanırdı.
Deməli, Muğanlı oykonimi də Muğan sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə yaranıb. Azərbaycanda 13 kəndin Muğanlı adlanması , muğanlıların orta əsrlərdə Muğan düzü ərazisində yaşamaları ,1086 -ci ildə Səlcuq Məlik şahın bu əraziyə çoxlu türk əhalisi köçürməsi haqqında elmi əsərlərdə xeyli məlumatlar vardır.
Muğanlı haqqında “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndəki qeyddə göstərilir ki, toponim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə əlaqədardır. Muğanlı tayfa adı kimi XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeyd olunub. XIX əsrin əvvəllərində 8 tirədən ibarət olan Muğanlılar XX əsrin əvvəllərində bir sıra nəsilləri əhatə edirdi.
Tofiq Əhmədov isə muğanlı tayfasının adının XVII əsrin əvvəllərindən məlum olduğunu bildirir, həmçinin qeyd edir ki, mənbələrdə onlar şahseverlərin tərkibində 300 ailədən ibarət müstəqil tayfa kimi qeyd olunub.
Budaq Budaqov və Qiyasəddin Qeybullayev birgə yazdıqları “Naxçıvan diyarının yer yaddaşı” kitabında Şərur rayonundakı Muğanlı kəndinin adını muganlı etonimi ilə əlaqələndirirlər: “Muğanlı Cənubi Qafqazda bir sıra toponimlərdə əksini tapmış etnonimdir. Hər halda , Muğan çölündə yaşamış müxtəlif qədim türk tayfalarının ümumi adıdır.V əsrdə Muğanda böyük türk tayfa birliyi vardı. Ehtimal ki, bu tayfanın əsasını həm yerli türk tayfaları, həm də eranın əvvələrində gəlmiş hunlar və b. tayfalar təşkil etmişdir”.
Beləliklə, deyilənləri ümumiləşdirib, bu qənatə gəlmək olar ki, Şərur rayonundakı Muğanlı kəndinin adı Azərbaycan- türk mənşəli muğanlı etnoniminin bu ərazidə məskunlaşması nəticəsində yaranmış etnooykonimdir. Muğan sözünə aidlik, mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə nəsil, tirə adı kimi muğanlı etnonimi formalaşıbdır.
Akif İmanlı
Naxçıvan Müəllimlər İnstitutu,
Dillər və ədəbiyyat kafedrasınin müdiri