Dağların qoynunda əsrarəngiz gözəlliyə malik bir kənd var. Xüsusilə yaz aylarında iki göz istəyir ki, bu güllü-çiçəkli kəndin dağlarını, dərələrini seyr etsin. Bir də Teyvaz adı gələndə bu füsunkar dağ kəndində doğulub boya başa çatan, igidliyi, qoçaqlığı ilə doğma kəndinin adını ucaldan qartal vüqarlı Coşqun Hüseynov yada düşür. Nədəndir bilinməz, qəlbi vətən eşqi ilə coşan Coşqunu Teyvazın əzəmətli füsunkar təbiəti ilə müqayisə edirlər. Biri bizi yaşadan,qida verən həyatın, təbiətin böyüklüyüdür, digəri isə qeyrətin, vətənpərvərliyin ucalığıdır.
Qardaşı Ədalət Hüseynov deyir ki, Teyvaz kəndində Hüseyn Hüseynovun ailəsində 20 aprel 1973- cü ilin baharında dünyaya göz açıb.İlk təhsilini kənd məktəbində alıb, istiqanlılığı , dərslərini yaxşı oxumaqla hamının sevimlisi olub. Əvvəlcə 129 saylı Yaycı texniki peşə məktəbinin Qazançı kəndindəki filialında mexanizatorluq peşəsinə yiyələnib. Gələcəkdə arzusu Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib ali təhsilli mütəxəssis olmaq olub. Lakin arzusunun ən böyüyünü qəlbində gizlədirdi...
Coşqun 1991-ci ilin dekabrında Culfa hərbi komissarlığından ordu sıralarına göndərilir, martın 1-dən isə Sədərək bölgəsinə.
Elə həmin tarixdə şiddətlənən Sədərək döyüşlərinə qardaşı Mahmud da könüllü olaraq gedir. O, bir müddət kiçik qardaşı Coşqunla çiyin-çiyinə vuruşur.Döyüş yoldaşı olan qardaşı deyir ki, Coşqun coşub-daşan çaya bənzəyirdi. Qəzəbi,nifrəti elə güclü idi ki, silahını sinəsinə sıxıb daim irəliyə can atırdı. Öz əlləri ilə neçə-neçə düşməni məhv edən, yaralı döyüş yoldaşlarını güllə yağışından xilas edən Coşqun həmişə bu sözləri deyirmiş: “Qoy namərd düşmən bilsin ki ,biz ölümdən, qandan qorxmuruq. Biz mərdanə döyüşürük. Ölümdən,qandan qorxan o nankorlardır”.
19 may 1992-ci ildə Sədərək uğrunda gedən döyüşlərdə böyük şücayət göstərən,qəhrəmancasına həlak olan Coşqun qardaşı Mahmudun qollarında son nəfəsini verir. Coşqun elindən, obasından, ata-anasından ayrılır, amma vətən torpağından ayrılmır, igidliyi ellərdə , adı dillərdə qalır. Cismi ana yurdun qoynunda, ruhu vətən göylərində əbədi məskən tapır.
Qardaşı deyir ki,o bizim hamımızdan qoçaq idi. Dağların ətəklərində at minməkdən yorulmazdı... Coşqun at minməkdə mahir idi. Kəndin bütün atları, xüsusilə həyətimizdəki “ Ceyran” adlı at bir onunla dil tapırdı. Coşqun şəhid olduqdan sonra o atla bacara bilmədik. Coşqunu şəhid xəbəri sanki vəfalı ata da çatmışdı.Atam atı hətta qonşu kəndə satsa da, at geri qayıtdı.
Teyvaz kənd qəbiristanlığında bir məzar var- şəhid Çoşqunun məzarı.Bu günkü və gələcək nəsillərin and yerinə , vətənpərvərlik məktəbinə çevrilən bu məzarda əbədilik uyuyan Coşqun Hüseynovun adı təkcə doğmaları üçün deyil, uğrunda canından keçdiyi vətən üçün əzizdir.
1992-ci ilin 18-22 may tarixlərində Sədərək uğrunda gedən döyüşlərdə sinəsini düşmən gülləsinə sipər edən onlarla igid gəclərimizdən biri oldu Coşqun.Və beləcə qorundu Qeyrət Qalamız. Onun kimi onlarla vətən oğullarının qanı ilə suvarıldı Sədərək torpağı . Qan rəngi hopdu boz qayalara, ancaq düşmən ayağı dəymədi bu torpağa...Sədərək döyüşlərinin 26-ci ilində 2018-ci ilin may ayında “Günnüt zəfərimiz”lə 11 min hektar ərazimiz düşməndən azad olundu. Bu hələ son deyil. İnamımız böyükdür.Tarixi qələbəyə az qalıb...
Türkan Əmoyeva