Şərur Rayon Mərkəzi Xəstəxanasında taktiki-xüsusi təlim keçirilib - FOTOLAR

A- A A+
 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təşəbbüsü ilə keçirilən təlim “Təbii fəlakətlər zamanı və radioaktiv çirklənmə şəraitində zədələnmişlərə tibbi yardımın göstərilməsi” mövzusuna həsr edilib.

NUHÇIXAN xəbər verir ki, təlim başlamadan əvvəl manqa və qrup komandirləri ilə söhbət aparılıb təlimin əhəmiyyəti barədə məlumat verilib. Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi  Adəm İmanov qeyd edib ki, təbii fəlakət və radioaktiv zəhərlənmə olarsa tibbi işçilərinin həmin hadisəyə operativ reaksiya vermələri və əvvəlcədən təyin olunmuş ardıcıllıqla prosesi həyata keçirmələri baxımından belə təlimlərin əhəmiyyəti böyükdür.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Rəcəb Cəfərov vurğulayıb ki, məqsəd rayon mərkəzi xəstəxanasının tibbi qüvvələrinin hazırlığını yoxlamaqdır.

Təlim, plana uyğun olaraq iki mərhələli keçirilib.

Birinci mərhələdə əhalinin və mülki müdafiə qüvvələrinin tibbi təminatının təşkili vəzifələrin yerinə yetirilməsi üzrə xəstəxananın mülki müdafiə planının reallığı, idarəetmə orqanlarının və tibbi qüvvələrinin hazırlığı yoxlanılıb.

İkinci mərhələdə təlim rəhbərliyi tərəfindən verilmiş müdaxilələr əsasında şərti fəlakət rayonundan gətirilmiş zədələnmişlərin ilk tibbi yardım dəstəsinin qəbul-çeşidləmə bölməsində yerləşdirilməsi, qeydiyyata alınması, xəstələrin qruplara ayrılması təşkil edilib. Bu təlim yerində həkim və orta tibb işçilərinin operativ və peşəkar müdaxilələri nəticəsində qarşıya qoyulmuş tapşırıqlar vaxtında və düzgün yerinə yetirilib.

Növbəti təlim yerində isə muxtar respublika ərazisində ehtimal olunan radioaktiv-çirklənmə şəraitində xəstəxana işçilərinin mühafizəsinin təşkil edilməsi, ərazidə dozimetrik nəzarətin həyata keçirilməsinə hazırlığın vəziyyəti yoxlanıb.

Keçirilən taktiki-xüsusi təlimdə Şərur Rayon Mərkəzi Xəstəxanasının 146 nəfərdən ibarət ilk tibbi yardım dəstəsi, 15 nəfər yüksək hazırlıqlı tromotoloji, cərrahi və yanıq əleyhinə briqadalar, sanitar-epidemioloji xidməti 10 nəfərdən ibarət ixtisaslaşdırılmış qurumları, 4 ədəd təcili yardım avtomobili, həmçinin Şərur Rayon Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin 10 nəfərdən ibarət təqlidetmə qrupu iştirak edib.

Təlim uğurla başa çatıb, qarşıya qoyulan məqsədlərə nail olunub.

                                                                              Nicat Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: