Prezidentin Fərmanı ilə təsdiq edilmiş yeni Qayda əsasında müvafiq kateqoriyalardan olan 90 minədək şəxsin pensiyaları artırılacaq

A- A A+
Prezident İlham Əliyevin 2018-ci il 25 iyun tarixli “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanı ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsində növbəti addımın atılmasına imkan verib. NUHÇIXAN xəbər verir ki, həmin Qayda 2017-ci il iyulun 1-dək əmək pensiyası təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının və sair (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin) qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanması qaydasını müəyyən edir və yeni qayda 90 min nəfərə yaxın adama şamil olunacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il iyulun 1-dən edilmiş dəyişikliklərdən biri kimi, qanunun 20-ci maddəsində nəzərdə tutulmuş həmin şəxslərin əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavələrin hesablanmasında staj tələbi və əlavəni almağa hüququn yaranması ilə bağlı yeni qayda tətbiq edilməyə başlanıb. 2017-ci il iyulun 1-dək əmək pensiyası təyin edilmiş həmin şəxslərin pensiyalarına qulluq stajına görə əlavələrin hesablanmasının yeni mexanizmə uyğunlaşdırılması və əməkhaqqında, təminat xərcliyində və dövlət məvacibində artımlar olduqda onların da pensiyalarının həmin artımlara müvafiq artırılması təmin edilir. Prezident İlham Əliyevin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında müvafiq kateqoriyalardan olan ümumilikdə 90 min nəfərə yaxın əmək pensiyaçısının əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılacaq. Edilmiş artımlar qeyd olunan şəxslərə iyul ayının pensiyaları ilə birgə toplam halda ödəniləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: