Biomüxtəlifliyin formalaşmasında göbələklərin rolu

22 may Beynəlxalq biomüxtəliflik günüdür

A- A A+

Konkret bölgədə və ya qitədə, göldə və ya dənizdə canlıların müxtəlif növlərinin milyon-milyon illər ərzində əmələ gətirmiş olduğu təbii birliklər bioloji müxtəlifliklərdir. Belə birliklərdə yaşayan növlər bir-birinə lazım olduqları üçün əlaqəli yaşayır. Əlaqəli yaşayan növlərin sayı nə qədər çox olsa, həmin birlik daha çox davamlı və məhsuldar olur. Bioloji müxtəliflikdən bir neçə növ tələf edildikdə onun davamlılığı zəifləyir, dinamik həyatı pozulur. Müxtəlif növlərin təbii şəraitdə əlaqəli yaşaması mexanizmlərini qorumaq bioloji müxtəlifliyi saxlamaqdır.

Biomüxtəliflik anlayışı 1992-ci ildə Rio-de-Janeyro (Braziliya) şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında bioloji müxtəlifliyə dair konvensiyanın qəbul edilməsi və əksər ölkələr tərəfindən imzalanmasından sonra geniş beynəlxalq nüfuz qazanıbdır. O vaxtdan müxtəlif  ölkələrin hökumətləri, dövlət və ictimai təşkilatları, kütləvi informasiya təşkilatları müxtəliflik konsepsiyasına tez-tez müraciət edirlər. Artıq biomüxtəliflik faktiki olaraq qlobal əhəmiyyət kəsb edibdir. Burada elmi aspektlərlə birgə iqtisadi və sosial problemlər sıx şəkildə qovuşur.

Məşhur bioloq E. Vilson biomüxtəlifliyi “həyatın məğzi” adlandırıb. Biomüxtəliflik Yer üzərində mövcud olan genlərdən ekosistemlərə qədər bütün canlıların əmələ gətirdiyi müxtəlifliyin məcmusu deməkdir. Onsuz həyat yoxdur.O, planetin hər yerində okeanlarda, çaylarda, göllərdə, meşələrdə, səhralarda, çəmənlərdə və torpaqda məskunlaşmış milyonlarla heyvan, bitki və mikroorqanizm və göbələklərin müxtəlifliyini özündə birləşdirir.

Biomüxtəlifliyin təşkil olunma səviyyələri genlər, populyasiyalar, növlər, areallar, ekosistemlər və onların varlığını təmin edən təbii proseslərdən ibarətdir. O, həyat olan hər bir yerdə mövcuddur.

Biomüxtəlifliyin əsasını biosenozlar təşkil edir. Biosenoz biotop daxilində məskunlaşıb, bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqələri ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusudur. Bir-biri ilə qarşılıqlı əlaqədə olan biosenoz və biotop bu və ya digər dərəcədə dayanıqlı bir təbii kompleks –biosferin elementar funksional vahidi olan ekosistem əmələ gətirir. Deməli, biomüxtəliflik ekosistemlərin ən vacib elementlərindən biridir.

Təbii-iqlim şəraitinin, geoloji relyef quruluşunun müxtəlifliyi və mürəkkəbliyi ilə bağlı olaraq, Azərbaycanın, o cümlədən onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da biomüxtəlifyi öz zənginliyinə görə bütün dünyada ən qabaqcıl yerlərdən birini tutur. 

Biomüxtəlifliyin formalaşmasında göbələklərin də böyük rolu vardır. Belə ki, göbələklər aşkar edilmiş biotanın proporsiyasını təşkil etməklə ekoloji proseslərin saxlanılması və insanların sağlamlığının qorunmasında həlledici rol oynayırlar. Göbələklərsiz qida zəncirində mühüm problemlər yarana bilər. Belə ki, bitkilər göbələklərin onlar üçün torpaqdan aldığı qidalı maddələr olmadan əziyyət çəkəcək, bu səbəbdən bəzi heyvanlar qidasız qalacaq, oduncaqlı bitkilərin parçalanması prosesi getməyəcək, bəzi həşəratlar və heyvanlar bitkiləri və onların qalıqlarını mənimsəyə bilməyəcək və hətta torpağın tərkibi də fərqli olacaqdır.

Bundan əlavə bir çox göbələklər antibiotik və digər əczaçılıq məhsullarının, ərzaq və içkilərin, sənayedə istifadə edilən kimyəvi maddələrin, fermentlərin, zərəvericilərə və alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə bioloji vasitələrin alınmasında insanlar üçün çox faydalıdır.

Əgər Yer üzündə biomüxtəliflik tamamilə məhv olsaydı, insan birbaşa və dolayısı yolla təbiətdən əldə etdiyi ərzaq və təssərüfat məhsullarını tapmaz, yeri kəskin ultrabənövşəyi şüalanmadan mühafizə edən ozon qatı yox olar, atmosferdə oksigenin sürətlə azalması nəticəsində nəfəs almaq çətinləşər, iqlim isə həyat üçün dözülməz hala düşərdi.

Biomüxtəlifliyi qorumaq üçün “Qırmızı kitab” lardan, qoruqlardan istifadə olunur.

Dövlət qoruqlarının yaradılmasında əsas məqsəd təbii komplekslərin  toxunulmaz şəkildə saxlanılması və burada gedən təbii proseslərin elmi cəhətdən öyrənilməsidir. Bununla yanaşı qoruqlarda mütəşəkkil təşkil olunmuş rekreasiya , ekoloji proseslərin normal gedişinə mane olan amillərin aradan qaldırılması məqsədilə aparılan tədbirlər, o cümlədən meşənin sanitar qırılması, heyvanların miqdarının optimallaşdırılması məqsədilə aparılan icazəli ov, ziyanverici həşəratlarla mübarizə, yanğından mühafizə tədbirləri və s. aparıla bilər.

Qırmızı kitab vəzifəsindən asılı olaraq beynəlxalq, milli və regional olur. Beynəlxalq Qırmızı kitab ilk dəfə 1948-ci ildə yaradılıb. Bu kitaba dünyada nəslinin kəsilməsi qorxusu yaranmış, az tapılan bitki və heyvan növləri daxil edilir. Milli Qırmızı kitablar konkret dövlətin ərazisində genetik fondun saxlanmasına xidmət edir. Ərazisi geniş və müxtəlif olan bəzi ölkələrdə region üzrə Qırmızı kitablar da tərtib edilir. Bəzi bitki və heyvanlar çoxlu ölkələrin Qırmızı kitabına daxil edilib. Belə ki, son illərdə Azərbaycanın və Naxçıvan MR-in Qırmızı kitabları hazırlanıb. Azərbaycan Respublikasının Qırmızı kitabına Naxçıvan mikobiotasında yayılan iki növ göbələk də əlavə olunub. Çünki, biomüxtəlifliyin formalaşmasında göbələklərin də böyük rolu vardır.  Bitki və heyvanlarda olduğu kimi göbələklərin də arasında çox nadir və nəsli kəsilmək üzrə olan növlər az deyildir. İnsanların təsadüfi hərəkətləri nadir bir növün bu və ya digər yerlərdən bəlkə də birdəfəlik itib getməsinə səbəb ola bilər.Unutmaq olmaz ki, təbiətdə heç nə təsadüfü yaranmayıb. Hər bir orqanizm onu əhatə edən ətraf mühitlə bilavasitə bağlı olaraq, təbii proseslər zəncirində özünəməxsus yer tutur. Ona görə də dünyada nəsli kəsilən hər bir növ istər təbiət, istərsə də insanlar üçün geri qayıtmayan bir itkidir. Müxtəlif sistematik qruplara daxil olan, qorunmasına böyük ehtiyac duyulan göbələklərin bir qismi Azərbaycanda eləcə də Naxçıvan MR-də də yayılıbdır. Aparılan müşahidə və tədqiqatlarımıza əsasən Naxçıvan MR mikobiotasında  7 papaqlı göbələk növünün qorunmasını təklif etmişik. Naxçıvan MR-də dombalanın yayılma arealı geniş olsa da əhali tərəfindən yeməklərdə çox istifadə edildiyindən, çox da toplandığından, eləcə də ekoloji faktorların təsirindən onun məhsuldarlığı keçən əsrin birinci yarısına nisbətən kəskin azalıbdır.

22 may Beynəlxalq Biomüxtəliflik Günüdür. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.Gələcəkdə hər bir növün istər bitki, istər heyvan, istərsə də göbələklərin yoxa çıxmaması, tamam itməməsi üçün əhali onların qorunmasına və toplanmasına ehtiyatla yanaşmalıdır.

Həmidə Seyidova

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun

böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: