Dünyamız düyündür göyün içində…

A- A A+

Şair Rahil Tahirlinin misraları ilə ədəbi söhbət...

Özüylə söhbətimiz baş tutmasa da, misraları ilə söhbət etməyə, onları sorğu-suala tutmağa lap çoxdan başlamışdım. Oxuyub düşünmək üçün kifayət qədər məna dolu poetik nümunələrdən artıq yükümü tutmuşdum. Hər yükün mənasını öz tərəzisinə qoymaq üçün bir dinc məqama, vaxta ehtiyacım vardı. O da bu günə qismət imiş…

Hələ bu dünyanın çözə bilmədiyi sirlər olduqca çoxdur. Söz yaranandan üzü bu tərəfə Yaranış, Olum, Ölüm və bunların fövqündə dayanan İnsan haqqında saysız-hesabsız fikirlər deyilib. Ruhu Tanrıya yaxın olanlar isə ruhlarının onlara təlqin etdiyi fikirlərlə gündəmə gəlib, tanınıb, seviliblər.

Nə sirr var, əllərin yumulu saxlar,
Nə qonub körpənin ovcuna elə?..

Bu misralar da hər gün qarşılaşdığımız, bizim üçün sadə görünən bir insanın ruhunun bizə ünvanladığı sualdı. Bu dünya bir körpənin, bir insanın ovcuna sığacaq qədərdi. Dünyaya gələndə “ mənimdi” deyib, ovcunu yumar, dünyadan gedəndə isə, ovcunu açıb “baxın, heç nə aparmıram”- deyər…bəzən də bu misraların müəllifi Rahil Tahirlinin dediyi kimi, dünya şair qələminin ucundakı  nöqtənin çəkəcəyi yük boydadı. 

O qədər kiçilib bu dünya bir vaxt,
Sığışıb qələmin ucuna elə.

Şair dünyanı bəzən ruhunun qılıncıyla doğrayır, bəzən sevgisiylə tumar çəkir. Bəzən “günahlarının” qamçısına, şilləsinə dönür dünya…hər zaman onun qəfil şilləsini gözləyir:

Bir dəfə güzəştə getmədin, dünya,
Neçə günahımı gizlədim səndən.
Hər dəfə bir sillə yeyib öyrəşdim,
Hər dəfə bir sillə gözlədim səndən.

Onun üçün aldığımız nəfəs elə yaşadığımız zaman boydadı. Ölüm gələndə vaxt da daralır. Aydın məsələdi ki, ölümlə qarşılaşdığımız an həyat gözümüzdə adiləşır:

Nəfəs də ömürdə zaman boydadır,
Zaman da tükənir nəfəs sonunda.
Hər şey adiləşir hamıda bir gün,
Hamıya bənzəyir hər kəs sonunda.

Hər kəs ömrün qəmli-qəmsiz nəğməsində öz yaşadığı notları dilləndirir. Çox zaman isə dəyər verilən sözlər, fikirlər, misralar dərdli anımızın çırpıntılarına çevrilir. Hər şairin sözə öz yanaşma tərzi, ruh qələmi var. Yaşanan ömür Rahil Tahirli üçün bir başqa məna kəsb edir:

Dərd yaladı, yedi duz tək,
Barmaq çəkib baxdı toz tək.
Alıb-satdım ömrü qoz tək –
Mənə qaldı tıqqıltısı.

Və ya:

Guya başqa nə olur?..
Əzəl və əcəl olur.
Adam da günəş kimi
Üfüqdə gözəl olur.

Şairlər dünyanın sonunu görən,diri ikən əcəl köynəyini geyən, sevə-sevə əcələ mədhiyyələr qoşan qəribə məxluqlardı. Onları əsil oxucusuna sevdirən də məhz budu...Söz yoluna işıq saldığım şairin bu üçbəndlik şeirini oxuduqca, insanın əcələ meydan oxumağı, özü istədiyi vaxt yıxılıb ölməyi gəlir...

Kimə nə var, olanım bu,
Bir az da ayıb geyərəm.
Bu gün yırtdığım kəfəni
Bir gün yamayıb geyərəm.

Sən gedərsən, tozun gələr, 
Üzün yoxsa,üzün gələr,
Dərd köynəyin uzun gələr-
Qolun çırmayıb geyərəm.

Bu yerdə deyəcək söz tapmır insan. Ancaq misraları ürəyinə çəkib şeiri tamamlamaq istəyir.

Yarpağı düşər budağın,
Yolu aşılar bu dağın,
Öpüb, qoxlayıb...torpağın
Yaxasın açıb geyərəm.

Bəli, sözü bu qədər əlində oynatmaq, onu öz ruhunun şəklinə salmaq bundan artıq ola bilməz.
  
Bəs xoşbəxtlik? Axtardığında tapmadığın, tapdığında əlində tuta bilmədiyin, acı olsa da, şirinliyindən doymadığın, bəzən anların, bəzən bütöv ömrün yaşantısı olmağa məhkumdur xoşbəxtlik dediyimiz məfhum… bu haqda nə qədər  deyilib, nə qədər yazılıb? Hər gələn içindəki xoşbəxtlik düsturunu cızıb… “ayaqüstü görüşüb çıxar qismət qapıdan”…ilk dəfə xoşbəxtliyin sabun kimi sürüşkən olmasını da Rahilin misralarında oxudum:

Bir dəfə bir qismət gəldi qapıma,
O da ayaqüstü görüşdü çıxdı.
Xoşbəxtlik əlimdə sabun kimiymiş,
Mən bərk-bərk sıxanda sürüşdü çıxdı.

Bir də deyilən sözün, yazılan misranın həmişəyaşarlığı var. Heç kəsin demədiyini demək, özünü yazmaq, özünü tapmaq var. Dünyanı, insanı yeni fikirdə, yeni mənada yaratmaq var. Hər şeirini, hər misrasını ruhunun süzgəcindən keçirən Rahil Tahirlinin “Düyün” şeiri hələ ki, yaradıcılığının ən yaddaqalan tapıntısıdır. Bu, əlbəttə ki, mənim fikrimdi. Şeir məni tutduğu üçünmü belədir bəlkə, bilmirəm. Amma şairin yaradıcılığını yaxından izləyən oxucu kimi, bu qənaətimi dəyişmirəm. 

Yox, biz sıxılmırıq, düyünlər sıxır,
Dünyamız düyündür göyün içində.
Hər düyün altından bir düyün çıxır,
Adam düyün düşür düyün içində.

Yaşadığımız dünyəvi missiyaların varlığını bu qədər aydın, mənalı, özünəməxsus tərzdə söyləmək, həqiqətən, fərqlilik tələb edir. Şair bunu bacarıb, məncə…

Biz altdan yuxarı baxırıq göyə,
Elə hamı düşür göyün üstünə.
Elə düyünlər var açmayaq deyə,
Allah düyün vurmuş düyün üstünə.

Kələfçəsi qarışmış dünyanın düyün dərdi çoxdu. Nə qədər Tanrıya şikayət etsək də, çözümü olmayan düyünlərimiz var. Bəzən insan özü düyün salır düyün üstünə... onu çözəcək barmaqları tapmır.  Elə şairin də düyün dərdi, düyün sevgisi bitmir:

...Nolar ki, açıla yaşın düyünü,
Ömrümə bir ömür toxuya biləm.
Deyirəm açıla qaşın düyünü,
Alnımın yazısın oxuya biləm.

Bəli, həyatda insanlar da, ağaclar da, yollar da, hətta göz yaşlarımız belə, düyün-düyündü.
Bu dünyada qərib bir yolçu, qərib bir adam var. Yolu uzundu…fikirləri kimi.. Dərdli ürəkləri deşib getməyən, çayın kənarı ilə düşüb getməyən, qarışıb çay ilə birgə axan qərib yolçu…demək istədiyini yolların qulağına pıçıldayan qərib adam…
 
Elə yapışmışdı söz sinəsinə,
Elə bil yapışıb köz sinəsinə.
Söykənib evinin pəncərəsinə
Özü olmayacaq günə baxardı...

Yolun açıq olsun, Qərib Adam....

Bəli, mənim bu dünyanın qərib yolçusu, çoxunun xəbəri belə olmayan başqa dunyanın - Tanrı sözünün, Tanrı ruhunun doğma sakini olan Rahil Tahirlinin misraları ilə ədəbi söhbətim  başa çatır. Bəzən bir bənd, hətta bir misra şeirlə dünyanı, həyatı, insanı düşüncələrimizə yeni fikirlə tanıdan şairə həyatda və yaradıcılıq yollarında hər zaman belə uğurlu olmağı arzu edirik.


                                                                        Təranə Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: