Üzüm yarpağının faydaları

A- A A+

Qədim yurd yerimiz  Sədərəkdə yetişdirilən üzüm tarixən şöhrətli olub, ad ilə deyilib. Min ildən çox tarixi olan üzümçülükdə sədərəklilərin özünəməxsus becərmə üsulu, indinin özündə də maraq doğurur. Sədərəklilərin  əksəriyyətinin üzümçülükdə zəngin təcrübəsi var. Bu sahədən həm də yaxşı gəlir götürürlər.

Yaz fəslinin bu çağı Sədərək üzüm bağlarında üzüm yarpağının yığılma dövrüdür. Rayon sakinləri üzüm bağlarından yığılan yarpaqları muxtar respublikamızın bir çox bölgələrində satışını təşkil edir və bununla da ailə büdcəsinə dəstək olurlar.

Təzə üzüm yarpağından bişən dolmanı hər kəs sevir. Evdar qadınlar yazda qış üçün tədarük görüb təzə üzüm yarpaqlarını duza qoyaraq soyuq aylarda da bu dadlı-tamlı yeməyi bişirmək üçün istifadə edirlər.

Bu günlərdə muxtar respublikanın ailə təsərrüfatçıları    həm də qışda bazarlara çıxarmaq üçün üzüm yarpaqlarının duza qoyulması işləri ilə məşğuldurlar. Sədərək kənd sakini, ailə təsərrüfatçısı Aybəniz İbrahimova ilə də söhbətimiz üzüm yarpağının yığılması və saxlanma qaydası haqqında oldu.

Müsahibim bildirdi ki, duza qoymaq üçün əsasən ağ şanı üzümünün nazik yarpaqları yığılır. Onlar yuyulur, qaynar suya salınıb aşsüzəndə süzülür. Sonra dəst-dəst götürülüb (10-15 dənə) ortasına yarım çay qaşığı duz tökülür, dolma bükən kimi bükülüb sıx-sıx kiçik bankalara yığılır. Bankalar dolandan sonra üstünə bir çay qaşığı duz səpilir və qaynar su tökülüb kip bağlanır.

Aybəniz İbrahimova onu da qeyd etdi ki, təzə dərilmiş faraş yarpaqları aralarına bir az duz səpməklə susuz da bağlamaq olar. Bundan başqa, həyətimizdəki tənəklərdən topladığımız üzüm yarpaqlarını dəstələyib, sellofana büküb soyuducuda da saxlayırıq. Üzüm yarpaqları keçmişdə müalicəvi vasitə kimi ishalın, ürək xəstəliklərinin, diş və qarın ağrılarının, qanaxmaların müalicəsində  də istifadə olunurdu.

Onun dəmləməsi öskürək zamanı yaxşı kömək edir, bəlğəmi duruldur və nəfəs yollarından çıxmasına kömək edir.

İllərdir müxtəlif çeşidlərdə üzüm yarpaqları qablaşdırıb, satışını təşkil edən Aybəniz xanım deyir ki, hazırladığım  məhsulu satmaq üçün  gözəl şərait var.  Neçə illərdir  üzüm bağından əldə etdiyim gəlir hesabına ailəmin  bir çox tələbatlarını təmin edirəm.  Bu  gözəl işlərlə  hər bir kənd sakinin, xüsusilə gənc ailələrin məşğul olmağını  tövsiyə edirəm.

Zülfiyyə Həsənova

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: