Üzüm xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri

A- A A+

Üzüm bağlarının məhsuldarlığına potensial təhlükə yaradan mildiu, oidium və boz çürümə xəstəlikləri hava şəraitindən asılı olaraq müxtəlif dərəcədə inkişaf edir. Xəstəlik törədiciləri yazın sonunda baş verib artır, yayda isə sürətlə inkişaf edərək üzümlükləri sirayətləndirir.

Üzümdə mildiu xəstəliyinin intensiv inkişafı çiçəkləmə dövründə başlayır. Havanın yağıntılı, sərin keçməsi xəstəliyin şiddətli yayılmasına səbəb olur. Yayda havalar qızdıqca nisbi rütubət azalır, bununla əlaqədar olaraq mildiumun inkişafı həmin dövrdə zəifləyir. Xəstəliyi törədən göbələk sirayətlənmiş yarpaqlarda və torpaq səthində qışlayır. Törədici tənək üzərində yarpaqları, qönçələri və salxımda yetişməmiş gilələri sirayətləndirir.Unlu şeh, külləmə və ya oidium adlanan üzümün bu xəstəliyi son zamanlar çox geniş yayılaraq məhsuldarlığa ciddi ziyan verir. Respublikamızın üzümçülüklə məşğul olan bütün bölgələrində, xüsusən də yayı isti və quraq keçən rayonlarında oidium xəstəliyi hər il baş verir, sürətlə inkişaf edir və məhsuldarlığa xeyli ziyan vurur.

Xəstəlik törədicisi tumurcuqlar daxilində qışlayır və tənəyin bütün yaşıl hissəsini sirayətləndirir. Sirayətlənmiş yarpaq, qönçə, çiçək, qora və salxımlar açıq külvari toz təbəqəsi ilə örtülür. Xəstəliyə tutulmuş gilələrin qabığı sərtləşir, birtərəfli inkişaf nəticəsində isə sonradan partlayır. Zədəli meyvələrdə toxumlar çılpaq görünür. Bu isə oidium xəstəliyinə xas olan xarekterik əlamətdir. Zoğlardakı tumurcuqlar xəstəliklə yoluxduqda qışlamadan sonra açılmır. Bu cür tənək çubuqları əkin materialı üçün yararsız olur.

Boz çürümə xəstəliyi hava şəraiti ilə əlaqədar olaraq, yağıntı çox düşən rayonlarda daha çox ziyanlı olur. Xəstəlik üzümün əsasən salxımında gilələri sirayətləndirir, onların üzəri boz liflərlə örtülür, tuluqlaşıb çürüyür. Xəstə gilələr inkişafdan geri qalır, forma və rəngini dəyişir, büzüşür, sonradan quruyur.

Üzümlüklərdə xəstəliklərə qarşı mübarizə tədbirləri əsasən iki istiqamətdə aparılır. Xəstəliyə qarşı davamlı sortların əkilməsi və xəstəliyin inkişafı üçün bağlarda əlverişsiz şəraitin yaradılması. Mildiu xəstəliyinin inkişafına mane olmaq üçün bağlarda havalanmanı  yaxşılaşdırmaq məqsədilə tənəklər simlərə qaldırılmalı, vaxtında yaşıl əməliyyat aparılmalı, cərgə və bitki araları alaqlardan təmizlənməlidir. Vaxtında və keyfiyyətlə aparılan yaşıl budama və ucvurma xəstəliklərə qarşı mübarizədə çox əhəmiyyətli tədbir hesab olunur. Bundan başqa tənəkdə salxımların yaxşı qidalanması üçün onları kölgələndirə bilən ətraf zoğ və yarpaqların qırılıb təmizlənməsi oidium və boz çürümə kimi xəstəliklərin inkişafını xeyli zəiflədir.

Xəstəlik çox inkişaf etdiyi illərdə yazda tumurcuqlar şişənə qədər tənəklərə 1 faizli DNOK və ya 3 faizli Bordo məhlulunun çilənməsi çox faydalıdır.

Oidium xəstəliyinin ilk nişanələri müşahidə edildikdə kükürd tozu ilə tozlama (12-15 kq /ha), Pover Sulphur H 80 VC, Sulfopomer 800 SC kolloid kükürddən hər 100 litr suya 400 qram qatıb çiləmə aparılması tövsiyə edilir.

Boz çürümə xəstəliyinə qarşı Kolloid kükürd kimi preparatların oidiuma qarşı işlədilən normalarının üzüm məhsulunun yığımından əvvəl tətbiq edilməsi faydalıdır.

                                                                                                                                                        

Niyamət  İsayev

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinin

Toxumçuluq və Bitkilərin Mühafizəsi  idarəsinin  müdiri

“Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: