Ramazan bayramı insanları bərabərliyə və savab işlərə dəvət edir

A- A A+

Elə sözlər var ki, özündə bir çox mənanı ehtiva edir. Səbr, ibadət, birlik, bərabərlik, şəfqət, mərhəmət, bağışlanma mənalarını da əhatə edən Ramazan  belə sözlərə ən gözəl nümunədir. Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli “Ramazan ayı gərək, açıla cənnət qapısı” deyərək milli mədəniyyətimizdə dərin kök salmış, insanın İslamla şərəfləndiyi bu ayın önəm və əhəmiyyətini vurğulayıb.

Müsəlmanların oruc ibadətini icra etdiyi Ramazan ayının adı müqəddəs “Qurani-Kərim”də zikr olunaraq, bir gecəsinin min aydan daha üstün olduğu qeyd edilib.

Dinimizdə ibadətlərin icrası zamanla müəyyən olunubdur. Məsələn, namazla bağlı olaraq Nisa surəsinin 103-cü ayəsində “Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir” və ya peyğəmbər kəlamında “Allahın ən sevdiyi əməl, vaxtında qılınan namazdır” buyurulur. Eyni zamanda həcc, qurban, zəkat, oruc kimi ibadətlər üçün də zaman bir ölçüdür. Zamanı ifadə edərkən işlətdiyimiz saat, gün, ay, il kimi anlayışlar bizim hisslərimizə görə müxəliflik ərz etməkdədir.

İslam aləminin hər il böyük sevinclə qeyd etdiyi Ramazan bayramı müsəlmanların İbrahim kimi atəşə düşüb yanmamaq, Musa kimi dəryanı keçib boğulmamaq, İsmail kimi qurbanlığa müştəri olmaq, Yusif kimi zindanı, məktəbi-irfan eləmək, Məhəmməd Mustafa (s.a.v) kimi ilahi nur ilə mağarada əhatələnmək sevincini yaşadıqları müstəsna zamanlardan biridir.

Ramazan bayramında ibadət və sevinc ilə yanaşı birlik və bərabərlik də ön planda dayanır. Bayram namazından əvvəl verilən fitrə zəkatının, ehtiyacı olanlara edilən yardımın ən fəzilətli əməllərdən hesab olunması bunlara nümunədir.

Hər il dünya müsəlmanları tərəfindən böyük təntənə ilə qeyd olunan Ramazan bayramı bütün İslam aləminin həmrəylik və qardaşlıq timsalına çevrilib. Bayram günlərində insanlar arasında Allaha inam, Vətənə, torpağa, xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhval-ruhiyyəsi yaşanır.

Tarix boyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da dünya müsəlmanlarının mübarək Ramazan bayramını könül xoşluğu ilə qeyd edir. Bu bayram günlərində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsi ehtiramla yad edilir, şəhidlərimizin ruhuna dualar oxunur. Ramazan bayramı, həmçinin insanların Vətən torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında sıx birləşməsinə xidmət edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanıb.

“Ən ali dəyərlərimizən biri də mübarək Ramazan ayıdır. İlahi hikmətlər xəzinəsi olan “Qurani-Kərim”in nazil olduğu bu müqəddəs ay insanları əmin amanlığa, bərabərliyə və savab işlərə dəvət edir” deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Nuh Peyğəmbərin vətəni Naxçıvanda bugün dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına böyük diqqət var. İslam mədəniyyətinin ən qədim mərkəzlərindən biri olan yurdumuzda dini dəyərlərə hörmətlə yanaşılır, dini-mədəni abidələr bərpa olunur. Muxtar respublikamızda mənəvi dəyərlərə qayğı ilə yanaşılması, dini bayramlarımızın yüksək səviyyədə qeyd edilməsi,  məscidlərin tikilməsi, dindarlar üçün hərətəfli ibadət şəraitinin yaradılması görülən işlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.

Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları, sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah orucunuzu və dualarınızı qəbul etsin! Ramazan bayramınız mübarək olsun!

 

Orxan Məhərrəmov

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: