Əvəzsiz qış azuqələri...

A- A A+

Baldırğan, çiriş, kəklikotu, uşqun, bolu, cacıq, çaşır , dağ göbələyi, yarpız, nanə.. Erkən yazdan başlayaraq zəngin Naxçıvan təbiətini öz rəngi və rayihəsi ilə bəzəyən bu məhsulların adı gələndə hər birimizin ağzı sulanır. Bu nemətlər yetişmə dövründən asılı olaraq, biri sanki öz yerini digərinə verir. Mart, aprel ayında Naxçıvanın bazar-dükanları qazayağı, cacıq, çirişlə dolub-daşırsa, may ayında ələyiz, əvəlik, baldırğan, bolu, çaşır, göbələk, mərəçöyüd, çöl kəvəri (qulançar) üstünlük təşkil edir. Əvəzsiz qış azuqəsi olan bu bitkilərdən pay tutub Bakıdakı, Şəkidəki qohum-əqrəbasına  göndərən dost-tanışlarımız da az deyil. Elə ki, aprel-may ayları gəldi insanlar üz tuturlar ucqar kəndlərdəki alçaq təpəlik və dağlıq zonalara. Bu vaxt təbiətin səxavətlə bizə ərmağan etdiyi bitkilərdən biri də çaşırdır.Çaşır yüksək qiymətləndirildiyi üçün onu qazanc mənbəyinə çevirənlər də az deyil. Bu bitkinin özünəməxsus iyi və acı tamı vardır. Naxçıvan mətbəxinin əvəzsiz qida məhsulu olan çaşırı təzə-tər yığandan sonra qaynadıb yeyənlər də var, şorabaya qoyub qışa saxlayanlar da. Bütün hallarda heç bir yerin çaşırı Naxçıvan çaşırının dadını vermir. Yaz aylarında bitən bolunun bir neçə növü olsa da, elmi ədəbiyyatlarda adına rast gəlmirik.

Naxçıvanda iki cür bolu toplanılır. Keçi bolusu təzə halda qaynadılıb yeyildiyi kimi, şorabaya da qoyulur, digər boluya nisbətən az tapılır, acılığı yoxdur. Adi bolu isə daha çox toplanılır və acı tonu olsa da, həvəslə yeyilir. Qaynadılmış bolunu əsasən, pendirlə yeyirlər. Şahbuzun, Ordubadın, Culfanın dağ kəndlərində daha çox bitən bolu fikrimizcə, Naxçıvan brendi sayıla bilər. Bu bitkiləri toplamaq, onlardan istifadə etmək, qışa turşu hazırlamaq, hələ bir neçə kilometr uzaqda olan tanışlarımıza pay tutmaq işin bir tərəfidir. Bu məsələnin ən ağrılı tərəfi bəzi insanların bu bitkiləri yığan zaman necə deyərlər, dibinə balta çalmasındadır. Bəzən şəhərdə və aran kəndlərində yaşayıb ucqar yerlərə çaşır, baldırğan, bolu, kəklikotu, göbələk yığmağa gedən naşı adamlar yığılma qaydasını bilməyib, ağına-bozuna baxmadan onları talan edirlər. Əlimizə keçən təsərrüfat alətini (bel, kürək, qazma və sair) götürüb təbiətə hücum çəkməklə ona qənim kəsildiyimiz üçün bəlkə də bir neçə il sonra gələcək nəsillər bu bitkilərə tamarzı qalacaq. Çaşırı bellə, sobunu (maral çaşırı) qazma ilə kökündən çıxaranlar növbəti il həmin bitkiləri tapa bilmirlər. Hələ soruşanda da kinayə ilə deyirlər ki,daha bu ərazidə çaşır olmur. Amma fərqində belə deyillər ki, bu bitkilərin “qatili” elə onların özüdür. Həyətimizdə əkdiyimiz tingin başına dolanıb böyüməsini təmin ediriksə, həyətimizdən kənardakına da o münasibəti göstərməyi bacarmalıyıq. Gəlin, burada dövlət nəzarəti, inzibatçılıq gözləməyək. Əlimizi vicdanımıza qoymağı bacaraq və fikirləşək ki, elə təbiət də bizim öz evimizdir.

 

Zaleh Novruzov

“Şərqin səhəri”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: