145-in KADRARXASI - Fərhad Zamanbəyov - FOTOLAR
Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edəcək. Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media fədailəri gündəmə gətiriləcək. Beləliklə, rubrikanın ilk kadrı Fərhad Zamanbəyovla açılır...
Qısa təqdimat:
-Zamanbəyov Fərhad Qılman oğlu
-1977-ci il aprelin 6-da Naxçıvan şəhərində anadan olub.
- 1994-cü ildə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbini, 1998-ci ildə “Naxçıvan” Universitetini bitirib.
-1994-cü ildən Naxçıvan televiziyasında səs rejissoru asistenti, səs rejissoru, efir rejissoru, daha sonra rejissor kimi fəaliyyət göstərib. Hazırda televiziyanın baş rejissorudur.
-2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
-Ailəlidir, 2 övladı var.
O, 26 ildir ki, hər səhərini Naxçıvan televiziyasında açır. Hər gün işə yeni bir məqsəd, yeni düşüncə tərzi və ideyalarla gəlməyi bacarır. Və beləcə neçə-neçə filmlərə həyat, Naxçıvan televiziyasının efirinə rəngarənglik verilir. Fərhad Zamanbəyovun imza atdığı filmlər televiziyanın qızıl fondu, müasir Naxçıvanın kinoxronika tarixi kimi əbədiləşir...
...Televiziya mühüm bir kütləvi informasiya orqanı olmaqla yanaşı, həm də yaradıcılıq məbədidir. Hazırlanan hər bir videomaterial, veriliş, film tarixin salnaməsidir. Məhz televiziyada nəyi, niyə və necə göstərmək yüksək sənətkarlıq təxəyyülü tələb edir. Cəsarətlə deyə bilərəm ki, Fərhad Zamanbəyov “Nəyi, necə göstərməyin” ustasıdır. Hazırladığı hər bir filmdə onun gərgin əməyini, yaradıcılıq qabiliyyətini, özünəməxsus dəst-xəttini duymaq mümkündür.
Həyat kimi, televiziyanın da öz qayda qanunları, nizamları vardır: Adətən, aysberqin görünən tərəfindəkiləri – apıcını, redaktoru, jurnalisti tamaşaçı daha tez tanıyır, görür və duyur. Ancaq kamera arxasındakı fədailərin tanınması bəzən uzun illərin gərgin əməyi, zəhməti ilə başa gəlir... Jurnalistin sözlə, müxtəlif təsvir və ifadə vasitələri ilə çatdırdığı məqamları bəzən adi bir kadrla “dilləndirmək” isə rejissorun ən ümdə işidir. Və çoxlarımız bilməsək də, bu da bir gerçəklikdir ki, hazırlanan hər bir televiziya materialının, filmin ikinci bəzən isə elə gerçək müəllifi rejissordur. Fərhad Zamanbəyov istər rejissoru, istər ssenari müəllifi, istərsə də quruluşçu rejissoru olduğu bütün materiallarda öz sözünü deməyi, möhürünü vurmağı bacarır.
...Sənətə kiçikhəcmli videoçarxlar
hazırlamaqla başlayıb.
Kinooperator Zaur Seyidovla birgə çəkdiyi rəssam Şəmil Mustafayev haqqında film isə onun yaradıcılıq ilkidir. Gənc rejissorun ilk ekran işi uğurlu alınır və sevilir. Bu, həm də böyük sənət yolunun başlanğıcı idi. Film ona görə sevilir ki, o vaxta qədər hazırlanan formatdan kənar idi və tamamilə yeniliklərlə müşaiyət olunurdu. İzləyicilərin bu filmlə bağlı müsbət fikirdə olması rejissoru həvəsləndirir və beləcə yeni filmlər yaranmağa başlayır.
Fərhad Zamanbəyov həm də doğma kanalda yarım əsrə qədər kinooperator kimi çalışan və buranın ən təcrübəli operatorlarından olan Qılman Zamanbəyovun oğludur. Hələ məktəb illərindən atası ilə birgə televiziyaya gələn Fərhad müəllim heç ağlına da gətirmirmiş ki, nə vaxtsa bu qocaman ailəyə daxil ola bilər.
Sitat: “Atamdan daha çox dayım Arif Qədimov məni bu sənətə həvəsləndirib, o mənim həm də idealım idi. Həm rəssam idi, həm də film çəkirdi, mənim uşaqlığım onun filmlərinə baxmaqla keçib. Dayımın kinostudiyası var idi. Bir faktı xatırlayıram ki, onun Gəmiqaya haqqında çəkdiyi film Argentinada yer tutmuşdu. Bir Naxçıvanlının çəkdiyi filmin Argentinada mükafata layiq görülməsi o vaxt üçün çox önəmli bir uğur idi. O mənə bir mayak oldu. Mən çalışıram ona oxşayam. Mənə ilk dəfə kinokamera ilə işləməyi də o öyrədib. Elə ilk həvəsdə məndə belə yarandı.”
Deyirlər ki, yaxşı bir ssenariyə yaxşı bir rejissor dahiyanə bir film çəkər. Eyni ssenariyə pis rejissor adi bir film çəkər. Ancaq pis ssenariyə heç bir yaxşı rejissor film çəkə bilməz. Fərhad Zamanbəyovun xoşbəxtliyi həm də Naxçıvan televiziyasında işə başlaması, bu məbədin qələmli, geniş dünyagörüşlü jurnalist və ssenaristləri ilə birgə çalışmasında idi. Özündən əvvəl burada çalışan rejissorların təsiri, illərlə qazanılan təcrübə, məsuliyyət, hazırlanan filmlərə yaradıcı münasibət Fərhad Zamanbəyovun yaradıcılığının əsas özəyini təşkil edir. Çəkiliş pavilyonunda operatordan işıqçıya, dekorçudan redaktora, montajçıdan musiqi tərtibatçısına qədər hər kəsin işinə nəzarət etmək, cavabdeh olmaq, hər bir nüansı süzgəcdən keçirib tamaşçıya mükəmməl bir əsər təqdim etmək məsuliyyətli və dəqiq olmaq tələb edir. Bütün bunlarla yanaşı jurnalistin, ssenari müəllifinin sözünə güzgü tutmaq, onu görüntüdə işıqlandırmaq və öz yaradıcılığını ortaya qoymaq da heç kəsə asan gəlməməlidir. Hər halda Fərhad Zamanbəyov bunu bacarır. Artıq geridə qalan 25 ildə sayını elə özünün də unutduğu yüzlərlə ekran işi tamaşaçı qarşısına çıxıb. Bu bir tamaşaçı qənaətidir ki, televiziya işindən məlumatı olan, olmayan hər kəs asanlıqla onun yaradıcılıq üslubunu, yaradıcılığının ritmini duya bilər.
Ən böyük arzum Naxçıvan haqqında yaxşı bir film çəkməkdir. Təbii ki, yaxşılar çəkilib, amma daha yaxşısını çəkə bilərəm
Müstəqillik dövründə nəinki Naxçıvan mediasında, o cümlədən ölkə mediasında muxtar diyarın tarixinə, mədəniyyətinə, incəsənətinə, folkloruna, tarixi şəxsiyyətlərin ömür yoluna, təbiətinə güzgü tutan saysız filmin titrlərində onun adını oxuyuruq.
Deyirlər tarix iki cür yazılır. Biri kitabların və daşların yaddaşına, biri də kadrların. Sanki yaşayıb geridə qoyduğumuz tarixi, bu günü yenidən yazır Fərhad müəllim. Bütün gizli və açıq qalan məqamları, görünən və görünməyən tərəfləri ilə... “Naxçıvan təbiəti-bulaqlar”dan “Kitabi-Dədə Qorqud və Naxçıvan”a qədər, “Göy-göl” televiziya filmindən “Mən ruhumla bu torpağa bağlıyam”a qədər, “Elmin Fəxri”ndən “Xalqın müəllimi”nə, “Sərkərdə”dən “Azərbaycanın ürəyidir Naxçıvan”a, “Naxçıvanın ilkin şəhər mədəniyyəti”ndən “Ziyalı ömrü”nə, “Tar qəlbimin işığıdır”a, “Məndən bu dünyaya nə qaldı görən”ə, “Dağlardan baxıram yer kürəsinə”, “Sənətin Bəhruz zirvəsi”nə, “Obalar”a, “Günəş doğan yerdə”yə, “Vətən sənə canım qurban”dan “Səbət” filminə qədər televiziyanın qızıl fondunda saxlanılan yüzlərlə ekran əsərinə imza atıb.
Məsuliyyət, zamanı düzgün bölmək və dəqiqlik...
Fərhad Zamanbəyov deyir ki, işə məsuliyyət mənim xarakterimdən irəli gəlir. Bir işin üstündə çox düşünürəm, çox var-gəl edirəm. Heç bir işə səthi yanaşmıram. Düşünür ki, rejissorun ürəyinə yatan ssenarinin efir həlli daha yaxşı olur, keyfiyyətli olur, maraqlı olur. Bu bir həqiqətdir ki, filmin yaradıcısı həm də rejissordur, ssenari isə filmin təməlidir. Ürəyimcə olan ssenari bəzən qarşıma çıxmır. Özümün ssenari müəllifi olduğum filmlər, qısametrajlı filmlər daha ürəyimcə olur. Əsas məsələ fikirdə, ideyadadır. Hər şey ondan yaranır. Əgər fikir mükəmməldirsə, ssenari yaxşıdırsa, təbii ki, film də gözəl alınacaq.
Fərhad müəllim özünə tələbkar olduğu qədər, həm də tənqidi yanaşır. Hər çəkilən filmdən sonra daha yaxşısını hazırlamağın mümkün olduğuna inanır. Ekranda öz işinə tamaşaçı kimi baxmağı, onu ələkdən keçirməyi bacarır. Deyəsən elə işinin sirri də bundadır...
Rejissor sənəti özündə bir çox keyfiyyətləri ehtiva edir: səbr, psixoloji durum, duyum, bədii təxəyyül, təqdim etmək bacarığı, yüksək peşəkarlıq və s. Bu keyfiyyətlərə malik olan Fərhad müəllimin araya-ərsəyə getirdiyi filmlər izləyiciləri ovsunlaya bilir, tamaşaçının ruhunu ələ alır.
Müasir Naxçıvana ayna tutmaq və olduğu kimi əks etdirmək vətəndaşlıq borcudur. Hər kəs işi ilə Vətənimizə öz töhfəsini verməlidir
Fərhad Zamanbəyovun rejissoru olduğu və doğma kanalın efirində geniş izləyici kütləsi toplayan filmlər həm də ona görə qiymətlidir ki, hər ilməsində tarix, mədəniyyət, incəsənət saxlayan o kadrlar bu gündən gələcəyə ünvanlanan namələrdir. Çəkilən hər film bu günü sabaha daşıyan bir-birindən qiymətli MİRASDIR. Fərhad Zamanbəyovun yaradıcılıq və karyerasının qırmızı xəttini isə Doğma diyarla bağlı çəkilən filmlər təşkil edir. “Nuhun yurdu Naxçıvan”, “Qədim və müasir Naxçıvan memarlığı”, “Tarixin 90 ili” məhz bu qəbildəndir. Bu ensiklopediya qədər qiymətli olan filmlərin davamı isə “Azərbaycanın ürəyidir Naxçıvan” filmidir. Bu film öz rejissorunun imzasını həm də xarici tamaşaçılara tanıtdı. Yurdumuzun tanıdılması və təbliği baxımından mühüm önəmə malik olan film 2020-ci ildə 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalında “Turizm məkanı” kateqoriyası üzrə “Sənədli film” kateqoriyasında qalib gəldi.
Naxçıvanın çox zəngin teatr tarixi, zəngin teatr rejissorluğu məktəbi vardır. Lakin televiziya rejissorluğu məktəbi ötən əsrin sonlarından yaranmağa başlayıb. Və qətiyyətlə demək olar ki, Fərhad Zamanbəyov bu məktəbin ən əlaçı şagirdlərindən biridir. Məhz ona görə də yaradıcılığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Ölkə başçısının sərəncamı ilə ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Zənnimcə, Fərhad müəllimin işinin uğuru həm də ondadır ki, çəkdiyi hər kadr, həyatdan gördüyü və götürdüyü, mavi ekrana daşıdığı, izləyiciyə sunduğu həyatın hər anı öz səmimi, təbii duyğularından yoğrulur. O izləyiciyə həyatın da, tarixin də tam şəffaf üzünü, elə lap özünü göstərir. Fərhad Zamanbəyov pafosdan, süni parıltıdan uzaq gerçək həyatı ekrana daşıyır.
Və həm də Naxçıvan televiziyası bir məktəbdir, özünün zəngin ənənələri olan və onu yaşadan məktəb. Bu gün Naxçıvan rejissorluq məktəbi də məhz Fərhad Zamanbəyovun çiyinlərində gələcəyə yol alıb. O, bu yolun davamı üçün həm də yeni ardıcıllar hazırlayır. Naxçıvan televiziyasının gənc rejissorları Razim İsmayıllı, Arzu Novruzov, Vüqar Mehdiyev, Aydın Çingizoğlu və başqaları bu məktəbdə yetişirlər.
Barəsində
(Sahil Tahirli, Televiziya komitəsinin sədri)
“Məsuliyyət Fərhad Zamanbəyov deməkdir. Ona görə də Fərhad müəllimə iş tapşıranda istədiyim nəticəni alacağımı bilirəm. Ona işlərində uğurlar və sağlamlıq arzulayıram. Fikirlərimi yazanda başımı qaldırıb televizora baxdım. NTV-nin efirində “Ehsan xan Kəngərli” tamaşası Naxçıvan Dövlət Musiqili Dram Teatrından canlı yayımlanırdı. Tamaşa elə ustalıqla təqdim olunur ki, canlı yayım olduğunu hiss etmirsən. Bu, peşəkarlıqdır... Fərhad Zamanbəyov peşəkarlığı... Kaş Naxçıvan televiziyasında Fərhaddan çox olardı...”
Fizzə Bağırova,