Ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları

A- A A+

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Hər il olduğu kimi bu il də taxıl zəmilərində bol məhsul yetişdirilməkdədir. Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan taxılın təhlükəsiz biçilməsi və tədarükünə hazırlıq işlərinə artıq başlanıb.

Taxıl biçininə hazırlıq və biçin dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazalarında “Bərəkət Toxumçuluq” MMC-nin nümayəndələri ilə birgə biçinə cəlb olunan kombaynlarda və digər kənd təsərrüfatı texnikalarında yanğın-texniki müayinələr aparıb, 9 un dəyirmаnı və 2 yеm аnbаrındа yаnğın təhlükəsizliyinin vəziyyəti yoxlanılıb.

Biçin dövründə taxıl zəmilərində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi olaraq vətəndaşlara, torpaq mülkiyyətçilərinə və sahibkarlara bəzi təhlükəsizlik tədbirlərinə əməl etmələrini tövsiyə edir.

NUHÇIXAN İnformasiya Agentliyi həmin tövsiyələri oxuculara təqdim edir:

Min bir zəhmət hesabına yetişdirilən taxılın yanğından qorunması yanğın təhlükəsizliyi orqanları ilə yanaşı həm də kənd təsərrüfatı sahəsində çalışan bütün işçilərin, təsərrüfat başçılarının, həmçinin texniki personalın ümdə vəzifəsi olmalıdır.

Taxıl yığımı başlayan andan qurtaranadək hər bir təsərrüfat rəhbəri tabeliyində yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır və bununla bağlı işçilər arasında izahat işlərinin aparılmasına geniş yer verməlidir.

Biçinə hazırlıq dövründə hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı texniki müayinədən keçirməli, ilkin yanğınsöndürmə vasitələri ilə təmin etməli və bundan sonra texnikalar sahələrə buraxılmalıdır.

Dənlı və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əmrlə cavabdeh şəxslər təyin edilməlidir. 

Taxıl biçinində iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs yanğına qarşı təlimatlandırılmalıdır.

Məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, kollektorların birləşmə hissələrində və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır.

Mühərrikin çıxış kolletoruna küləşin düşməsinin qarşısını almaq məqsədilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir. Kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumulyator batareyaları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izoliyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və ya plasmas borularla mühafizə olunmalıdır.

Taxıl yığımı zamanı kombaynın kənar şəxs tərəfindən işə salınması, kombaynı yedəyə almaqla və yüksəklikdən buraxmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra kombaynların sahələrdə saxlanması, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması yanğın təhlükəsizliyi cəhətdən yol verilməzdir.

Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr məsafədə tayalanmalıdır. Taxıl yetişən zaman zəmiləri yanğından qorumaq üçün xüsusi keşikçilər ayrılmalıdır.

Taxıl təmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində “Siqaret çəkmək yeri” yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır.

Biçin zamanı taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılmasına yol verilməməlidir. Biçin aparılan sahələrdə texnikalara yanacağın doldurulmasına yol verilməməlidir, gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.                    

Kombaynların diyircəklərinin və digər sürtünən hissələrinin vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların və digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir.

Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralı məsafədə yerləşdirilməlidir. Xırmanların ətraf sahələri quru otlardan, yanar materiallardan mütləq təmizlənməli, ətrafı isə 4 metr enində şumlanmalıdır.

Unutmayaq ki, taxılın yanğından qorunması hər bir vətəndaşın borcudur. Taxıl bərəkətdir və o böyük zəhmət hesabına əmələ gəlir. Bu baxımdan xalqımızın bu müqəddəs və əvəzsiz sərvətini oddan qoruyaq.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi taxıl zəmilərində baş verə biləcək yanğınlara çevik reaksiya verilməsi məqsədilə əlverişli yerlərdə və intensiv biçin aparılan sahələrdə yanğınsöndürmə heyətlərinin və magistral yol kənarlarında motoxilasedicilərin хidmətinin təşkil edilməsi, tахıl zəmilərində işləyən kоmbаynlаrın yаnındа gündəlik оlаrаq yanğın təhlükəsizliyi şöbələrinin əməkdaşlarının növbətçilik аpаrmаsı plаnlаşdırılıb. Bundan əlavə taxıl biçininə hazırlıq dövründə bütün yanğınsöndürmə avtomobilləri yaşıl süpürgələrlə təmin edilib və ehtiyat yaradılıb.

Biçin dövründə taxıl zəmilərində yanğın hadisəsi baş verdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə və ya yanğın təhlükəsizliyi şöbələrinin «101» xidməti telefonlarına zəng etmək xahiş olunur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: