102-ci təntənə

A- A A+

Təqvimin bugünkü yarpağı o qədər əlamətdardır ki, hərə bir şəkildə yaşamında, öz şəxsi səhifəsində bu gündən sanki bir iz buraxmaq istəyir.

Kimisi şeirlə, kimisi rəsmlə, kimisi də mənim kimi əlinə qələm alıb bu gün barədə nələrisə kağıza tökməklə edir bunu.

...Tam 102 il əvvəl-1918-ci ilin  bu günü Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Sonrasında isə ard-arda milli ordu, milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, səmanı bəzəyən 3 rəng və sair...

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Hadisənin tarixi yöndən təfsiri demək olar ki, hər kəsə məlumdur. Lakin istənilən mövzunun bir yazılı şəkildə faktlara əsaslanan, bir də hisslərlə yoğrulan, düşüncəmizdə yer alan bir mövcudluğu var. Əlamətdar günün tarixi gedişatı barədə onlarla kitab yazılıb, müzakirələrdə, yığıncaqlarda səhifəbəsəhifə çıxışlar edilib, dinlənilib. Bəs əqidəmizdə, düşüncəmizdə nədir bu Cümhuriyyət?

Cümhuriyyət 102 ildir təntənəli şəkildə qeyd olunan qələbədir,  sinəni gərə-gərə “Bura mənim Vətənimdir!” deyə bilməyin qüruru, “Mən azərbaycanlıyam” nidasının gücü, “Bu mənim adət-ənənəmdir” cümləsindəki qətiyyət, “Bu mənim millətimə xasdır” cümləsindəki əminlikdir, sahibkarlıq hissidir. Cümhuriyyət mübarizədir, yuxusuz gecələrə səbəb olan düşüncələr, planlar, Vətənin ziyalı oğullarının təfəkkürünün bəhrəsidir. Gənclik üçün isə, sözün əsl mənasında mirasdır. Dilində gəzən himn, səmanda dalğalanan 3 rəngli bayraq,- bax budur Demokratik Respublika olmaq. Cümhuriyyət bugünkü sənsən, mənəm, bizik. Sənin bu gün sahib olduqların, hüquqların, azadlığındır, Xəlil Rza Ulutürkün də misralarında vurğuladığı kimi:

Səndən başlanır Vətən,

Məndən başlanır Vətən!

...23 ay sonra isə 70 illik bir mübarizə başladı.   Neçə-neçə məhv olan canda, sonlanan ömürdə imzası olan mübarizə... Millətimin bağrında illərin həsrəti kök saldı. Buna baxmayaraq, kəsilən nəfəslər oldu, ümidlər deyil. Uzun illər bəslənən ümid böyüdü, böyüdü və nəhayət,  günlərin birində zincirləri qıra biləcək bir güc hiss etdi özündə, xalqının taleyindəki ikinci müstəqillik hadisəsini yazdı tarixə. “Bir daha yüksələn bayraq bir daha enməz”,-deyən Rəsulzadə haqlı idi. Müstəqillik duyğusunu bir dəfə yaşayan xalq nə olursa olsun, onu yenidən əldə edənəcən yolundan dönməyəcəkdi!

“Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz!”

Hər anın öz hökmü var. Taleyi 90-cı illərdə həll olunan bir ölkənin bugünkü gəncliyi məhz həmin illərdə dünyaya göz açanlardır. Keçmişin çətinliklərini deyil, sözügedən illərin qürurunu yaşamaq nəsib olub bizlərə. Lakin özümüzü dərk edəndən bəri  “yoxdan var edənlərin” mirasına 4 əllə sarılmaq tənbeh olunub, “Vətənə dönük çıxsan südümü sənə halal etmərəm” deyən analardan, “Vətən sağ olsun” deyib ölümün gözünə dik baxan atalardan örnək göstərilib bizə. Amalı Vətən olanların, bu torpaqda qanı tökülənlərin, ölüb ölümündən doğulanların qəhrəmanlıq hekayələri ilə böyümüşük. Hansı ki, üstündə gəzdiyimiz torpağın altında basdırılan, qanı qanımızdan olanların.  Bəxtiyar Vahabzadə deməli:      

Qanım axan yerlər öz Vətənimdir!

Bu çətin yolda atdığın 102-ci addımın mübarəkdir, Vətən!

                                                                        Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: