Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin siyahısını müəyyən edir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mətbuat Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); ikinci növbədə - ölənin bacıları və qardaşları; üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası; dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər; beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrdir.
Qeyd edək ki, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri ( yəni ölən şəxsin baqcısı və ya qardaşı) sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Əgər əvvəlki növbənin vərəsələrindən, heç olmasa, biri mövcuddursa sonrakı növbənin vərəsəliyi istisna edilir.