Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib

A- A A+

Muxtar respublikamızın iqtisadiyyatında resurs potensialı, məşğulluğun təmin edilməsi və ərzaq təminatı baxımından kənd təsərrüfatı xüsusi əhəmiyyətə malikdir. Buna görədir ki, muxtar respublikada son 25 ildə bu sahənin davamlı inkişafına yönəldilmiş kompleks islahatlar aparılıb. Aqrar sahəyə xidmət edən infrastrukturlar qurulub, texnika parkı genişləndirilib, səmərəli kredit təminatı yaradılıb, proqram xarakterli idarəetmə həyata keçirilib.

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının möhkəmləndirilməsi məqsədilə əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsinə diqqət artırılıb, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, icrası uğurla davam etdirilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” aqrar bölmənin inkişafına ciddi təkan verib, müvafiq sahələr üzrə yüksək inkişaf göstəricilərinə nail olunub.

İnfrastrukturun inkişafı ailə təsərrüfatları və fermerlərə

əlverişli imkanlar yaradıb

Muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində ardıcıl və sistemli işlər görülüb və bu proses davam edir. Bu işlərin önündə isə infrastruktur quruculuğu dayanır. İqtisadi və sosial inkişafı təmin edən infrastrukturların yaradılması güclü istehsal potensialının, dinamik iqtisadiyyatın formalaşmasının təməlidir.

Bu gün qürurla qeyd etmək mümkündür ki, muxtar respublikanın şəhər və qəsəbələri ilə yanaşı, ən ucqar kəndlərdə belə, iqtisadi fəaliyyət və sosial həyat üçün zəruri olan bütün əsaslar yaradılıb. Yüksək keyfiyyətli nəqliyyat və rabitə infrastrukturu, fasiləsiz enerji təminatı, bank və poçt xidmətlərinin inkişafı insanların rahat yaşayışı ilə bərabər iqtisadi fəaliyyət üçün də əlverişli imkanlar təmin edib. Odur ki, muxtar respublikada infrastruktur quruculuğuna yüksək diqqət göstərilməsi düşünülmüş iqtisadi və sosial siyasətin tərkib hissəsidir.

Ümumi infrastruktur sahələri ilə yanaşı kənd təsərrüfatının inkişafına bilavasitə xidmət edən infrastrukturların formalaşdırılması da diqqədə saxlanılıb. Müasir meliorasiya və irriqasiya sistemlərinin, hidrotexniki qurğuların tikintisi, soyuducu anbarların yaradılması, aqrolizinq, baytarlıq xidmətinin təşkili, toxumçuluq təsərrüfatlarının, süni mayalanma mərkəzinin, laboratoriyaların qurulması, informasiya-məsləhət xidmətlərinin göstərilməsi aqrar sahənin inkişafına ciddi təkan verib.

Muxtar respublikada istehsal edilmiş məhsulların tədarükü, daşınması, saxlanması və satışını həyata keçirən müasir bazar infrastrukturlarının yaradılması təmin edilib. Bunun nəticəsidir ki, hazırda kənd təsərrüfatı istehsalçıları məhsullarını bazarlara çıxarmaq üçün bütün imkanlara malikdir. Bundan əlavə, müxtəlif festivalların, kənd təsərrüfatı yarmarkalarının təşkili istehsalçılara öz məhsullarını tanıtmaq, alıcı tapmaq imkanları yaradır. Məhsulların rəqabətə davamlılığını artırmaq üçün istehsal, qablaşdırma, markalanma, satış və digər istiqamətlərdə sahibkarlara ciddi dövlət dəstəyi göstərilir.

Aqrar sahəyə maliyyə dəstəyinin genişləndirilməsi, güzəştli kreditlərin verilməsi, bank və maliyyə xidmətlərinə çıxışın asanlaşdırılması, dövlət təşkilatları tərəfindən göstərilən bir çox xidmətlərin bilavasitə yaşayış məntəqələrində təşkil olunması kənd təsərrüfatına marağı xeyli yüksəldib.

Torpaq resurslarından səmərəli istifadə təmin edilib

Muxtar respublikada ötən illər ərzində torpaq ehtiyatlarından səmərəli istifadə ilə də bağlı ardıcıl tədbirlər həyata keçirilib. Torpağın növünə və münbitliyinə görə səmərəli əkin aparılması məqsədilə muxtar respublikanın rayonları üzrə əkin atlasları tərtib edilib, torpaq xəritələri, kənd təsərrüfatına yararlı torpaq sahələrinin qida maddələri ilə təmin­olunma kartoqramları hazırlanaraq bələdiyyələrə təqdim olunub.

Hazırda yararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi üçün tədbirlər davam etdirilir, qanunsuz istifadə edilən torpaq sahələri müəyyənləşdirilərək əvvəlki vəziyyətinə qaytarılır.

Bugün muxtar respublikada ailə təsərrüfatları, fermerlər özlərinə məxsus və ya icarəyə götürdükləri torpaq sahələrini əkib becərmək, heyvandarlıqla məşğul olmaq üçün zəruri resurslara, əlverişli imkan və şəraitə malikdir. Belə ki, muxtar respublika üzrə 205 kənddə olan 132 təsərrüfatda torpaq islahatı aparılıb, 241 mindən artıq vətəndaş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə təmin edilib. 70 mindən çox ailənin aqrar islahatdan bəhrələnərək torpaq mülkiyyətçisinə çevrilməsi muxtar respublikada ailə təsərrüfatlarının formalaşmasına, əhalinin ərzaq və digər zəruri kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəlməsinə geniş imkanlar yaradıb. Hazırda mülkiyyətində 1 hektardan yuxarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olan ailələrin sayı 10 mindən yuxarıdır. Bu isə vətəndaşlara öz mülkiyyətində olan torpaqlarda təsərrüfat yaratmaq və bol məhsul istehsal etmək imkanı verir.  

Bununla yanaşı, hər il minlərlə vətəndaş əkinçilik və heyvandarlıq təsərrüfatları yaratmaq üçün 45 min hektardan artıq dövlət mülkiyyətinə, 77 min hektara yaxın bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatına yararlı torpaq sahəsindən icarə hüququ əsasında istifadə edir.

Bir qarış torpaq da boş qalmamalıdır

Muxtar respublikada torpaqların mühafizəsi və münbitliyinin artırılması sahəsində həyata keçirilən davamlı işlər sayəsində son 25 ildə 22 min hektara yaxın yararsız torpaq sahəsi abadlaşdırılaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib.

Beləliklə, kənd təsərrüfatına yararlı torpaq sahələri 2020-ci ilin əvvəlinə 177 min 317 hektara yüksəlib. Bunun 62 min 970 hektarı əkin, 6411 hektarı çoxillik əkmələr, 302 hektarı dincə qoyulmuş sahələr, 3040 hektarı biçənəklər, 104 min 594 hektarı örüş sahələridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır” çağırışına uyğun olaraq ən ucqar dağ və sərhəd yaşayış məntəqələri də daxil olmaqla topraqların səmərəli istifadəsi istiqamətində aparılan işlər bu gün də davam edir. Sədərək rayonu ərazisində düşmən nəzarətindən azad olunmuş 73 hektar ərazinin abadlaşdırılaraq cari ilin aprelində əkin dövriyyəsinə daxil edilməsi dövlətin sahibkarlara torpaqlardan səmərəli istifadə sahəsində ardıcıl dəstəyinin daha bir ifadəsidir.

Torpağa həyat vermək, onu əkin dövriyyəsinə qaytarmaq

xeyirxah işdir

Muxtar respublikada əkin sahələrinin genişləndirilməsi və bol məhsul istehsalının təmin edilməsi məqsədilə müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması davamlı xarakter alıb. Əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına göstərilən dövlət qayğısı, eləcə də torpaqların münbitliyinin qorunması və yüksəldilməsi tədbirləri sayəsində az məhsuldar və istifadəsiz torpaqlar da əkin dövriyyəsinə cəlb edilib.

Araz çayı və Uzunoba su anbarından çəkilən suvarma xətlərinin yenidən qurulması nəticəsində minlərlə hektar ərazidə su təminatı yaxşılaşdırılıb və yeni torpaq sahələri su ilə təmin olunub. 4300 hektar sahədə qapalı suvarma şəbəkəsi qurularaq istifadəyə verilib. Cari ilin ötən dövründə Kəngərli rayonunda 800 hektar, Şahbuz rayonunda isə 631 hektar ərazini əhatə edən yeni suvarma şəbəkəsinin tikintisi davam etdirilib. Naxçıvan şəhərində və Kəngərli rayonunda 14 min hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunmasına, 5 min hektar torpaq sahəsinin isə su təminatının yaxşılaşmasına imkan verəcək Araz Su Anbarından qidalanan yeni nasos stansiyası və təzyiqli boru xəttinin tikintisinə başlanılıb.

Göstərilən dövlət qayğısı sayəsində 2020-ci ilin əvvəlinə muxtar respublika üzrə suvarılan torpaq sahələri 62 min 231 hektara çatdırılıb ki, bu da kənd təsərrüfatına yararlı torpaq sahələrinin 35 faizini təşkil edir. 1995-ci illə müqayisədə suvarılan torpaq sahələri 6564 hektar artıb.

Görülən işlərin əhəmiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu fikirlərində daha dolğun ifadə olunur: “Torpağa həyat vermək, onu əkin dövriyyəsinə qaytarmaq xeyirxah işdir. Eyni zamanda bu, insanlara həyat vermək deməkdir. Çünki bol məhsul istehsalı muxtar respublika iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasına xidmət edir”.

Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin gücləndirilməsi sayəsində torpaqlardan istifadənin səmərəliliyi artırılıb, əkin sahələri genişləndirilib. Muxtar respublikamızda 2019-cu ildə cəmi əkin sahələri 62 min 970 hektar təşkil edib ki, bundan 5148 hektarı dövlət, 10 min 628 hektarı bələdiyyə, 47 min 194 hektarı isə xüsusi mülkiyyətdə qeydə alınıb. 1995-ci illə müqayisədə əkin sahələri 34 min 637 hektar, yaxud 2,2 dəfə artıb.

2019-cu ildə əkin sahələrinin Naxçıvan şəhərində hamısını, Kəngərli rayonunda 97 faizini, Şərur, Ordubad və Sədərək rayonlarında 89 faizini, Babək rayonunda 77 faizini, Şahbuz rayonunda 69 faizini, Culfa rayonunda isə 55 faizini suvarılan torpaqlar təşkil edib.

 

Görülmüş işlər əhalinin ərzaq məhsulları ilə etibarlı

təminatı üçün möhkəm baza yaradıb

 

Hazırda süfrələrimizdə, bazar piştaxtalarında, marketlərdə yerli kənd təsərrüfatı məhsullarının üstünlük təşkil etməsi, muxtar respublikadan kənarda Naxçıvan məhsullarının böyük şöhrət qazanması görülən işlərin bəhrəsidir. Heç də uzaq olmayan keçmişdə ən adi ərzaq məhsullarının belə qonşu ölkələrdən gətirilməsi, çörək üçün uzun növbələr gözləmək yaddaşlardan silinməyib. Bu gün isə muxtar rеspublikа əhаlisi yerli istehsal hesabına kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunur, tələbatdan artıq bir sıra məhsulların ixracı həyata keçirilir.

Yaradılmış şəraitin nəticəsidir ki, vətəndaşların torpağa marağı getdikcə artır. Belə ki, 2019-cu ildə muxtar respublikada qeydiyyata alınmış daşınmaz əmlak obyektlərinin 42 faizini torpaq sahələri təşkil edib.

Bütün bunlar aqrar sahənin iqtisadi göstəricilərinin dinamik yüksəlişində öz əksini tapıb. Ötən 25 ildə kənd təsərrüfatının ümumi məhsulu 13 dəfədən çox artıb. Bitkiçilik məhsulları istehsalı 15 dəfəyə yaxın, heyvandarlıq məhsulları istehsalı isə 11 dəfə çoxalıb. Kənd təsərrüfatı xammalının emalı ilə məşğul olan onlarla yeni sənaye müəssisəsi yaradılıb. Təkcə qida sektorunda 126 növdə məhsul istehsalına nail olunub. Hazırda 108 növdə zəruri ərzaq məhsuluna tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi ərzaq təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.

Məlumdur ki, koronavirus pandemiyası dövründə hətta inkişaf etmiş bir çox ölkələrdə ayrı-ayrı sahələrin, o cümlədən əhalinin ərzaq təminatı sisteminin fövqəladə hallara hazırlıqsız olduğu ortaya çıxdı. Sevindirici haldır ki, ölkəmiz, eləcə də blokada şəraitində yaşayan muxtar respublikamız bu dövrdə ərzaq təminatında heç bir problemlə üzləşmədi. Hər kəsin aydın müşahidə etdiyi bu qürurverici həqiqət düzgün və səmərəli idarəetmənin, yerli istehsalın inkişafına vaxtında göstərilən diqqət və qayğının, çəkilən zəhmətin bəhrəsidir.

 

Perspektivdə torpaqlardan səmərəli istifadə sahəsində

aktual vəzifələr müəyyənləşdirilib

 

Yeni mərhələdə aqrar bölmənin qarşısına emal müəssisələrinin xammala, əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının tam şəkildə ödənilməsi, habelə ixracatın genişləndirilməsi kimi mühüm strateji vəzifələr qoyulub. Bu isə kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaqlardan düzgün və səmərəli istifadəni günün vacib tələbinə çevirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı inkişafın növbəti mərhələsində torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron uçotunun  aparılması  yolu  ilə  torpaq  ehtiyatlarından daha  səmərəli  istifadənin  təmin  edilməsi  üçün  olduqca  mühüm əhəmiyyətə malikdir.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəticəsində muxtar respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu təmin olunacaq, torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti daha da güclənəcək. Torpaq fondunun dəqiq uçotunun aparılması istifadəsiz ərazilərin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsini sürətləndirəcək. Torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, münbitliyinin qorunması ekoloji təmiz kənd təsərrüfatı məhsulu istehsalının artırılmasına və aqrar bölmənin yeni inkişaf mərhələsinə yüksəlməsinə əlverişli şərait yaradacaq.

 

 

Müslüm Cabbarzadə

Naxçıvan Muxtar Respublikasının

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə

Dövlət Xidmətinin rəisi

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: