Mərkəzi Asiya ölkələri regionda iqlim dəyişmələri barədə ortaq onlayn-resursdan istifadə edəcəklər

A- A A+

İqlim və onun dəyişmələri barədə xüsusi informasiya resurslarının inkişaf etdirilməsi heç də həmişə səmərəli və rentabelli olmur. İqlim dəyişmələrinə qarşı birgə mübarizə aparan, hava şəraiti və təbii şəraiti oxşar olan ölkələrdə bu məsələ xüsusilə aktualdır. Məhz bu səbəbdən Mərkəzi Asiya ölkələri MAİİP – Mərkəzi Asiya iqlim informasiya platforması adlı ortaq resurs yaratmağı qərara alıblar.

NUHÇIXAN İnformasiya Agentliyi ORİENT resursuna istinadla xəbər verir ki, “Aral dənizi hövzəsində iqlim dəyişməsinə uyğunlaşma və onun nəticələrinin yumşaldılması proqramı” layihəsi çərçivəsində Mərkəzi Asiya Regional Ekoloji Mərkəzin dəstəyi ilə MAİİP resursunun yaradılması üzrə işlər 2020-ci il sentyabr ayına qədər başa çatdırılmalıdır.

Bu platformaya inteqrasiya edilmiş interaktiv vasitələr və elektron təlim imkanları daxil olacaq. Portalın əsas məqsədi iqlim dəyişmələrinə dair regional, qlobal və yerli məlumatlardan rahat istifadəni təmin etmək, habelə bu məlumatın infoqrafika, xəritə və başqa formalarda işlənməsidir. Resurs həm də qabaqcıl təcrübə, tədbirlər və digər məsələlərə dair elmi məqalələr, məruzələr təqdim edəcək.

İndiyə qədər MAİİP-ə 11 mindən çox sənəd yüklənib. Resursun interfeysi ingilis, rus, qazax, qırğız, tacik, türkmən və özbək dillərində hazırlanıb. Platforma müxtəlif hədəf qrupları: fermerlər, tədqiqatçılar, ekologiya fəalları və başqaları üçün iqlimlə bağlı informasiya tələbatının təmin edilməsinə yönəlib.

Hazırda Mərkəzi Asiya ölkələrində əlaqədar tərəflər və təsisatlarla MAİİP barədə məsləhətləşmələr aparılır. Bu məsləhətləşmələrin əsasında onlayn-resursun təkmilləşdirilməsi və təbliğ edilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: