Könüllü gənclərlə gələcək... - FOTOLAR
İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü işdən könül rahatlığı tapmaqdır könüllülük. İşin asan və çətin olmağından asılı olmayaraq bir adla adlandırılırsan-könüllü. Yəqin ki , siz də ətrafınızda tez-tez “könüllü olaraq fəaliyyət göstərir” ifadəsini eşidirsiniz. Kimlərəsə kömək etmək, hansısa bir sahədə təmənnasız çalışmaq könüllülüyün əsas meyarıdır. Könüllülük mənəvi qazancı üstün tutanların işidir. Könüllü gənclərimizdən söz açacağıq bu dəfə...
2020-ci ilin ölkəmizdə “Könüllülər ili” olması insanların sülhsevər, xeyirxahlıq kimi ümumibəşəri dəyərlər ətrafında birləşməsinə, parlaq gələcəyimizin təminatçısı olan gənclərin dövlətə, vətənə bağlı məsuliyyətli bir vətəndaş olaraq formalaşmasına və uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs gətirir. Çünki, könüllülər deyiləndə də əsasən gənclər nəzərdə tutulur. Təbii ki, bu da könüllülər hərəkatının əsas hərəkətverici qüvvəsinin enerjili,həvəskar və cəmiyyətə fayda vermək istəyi yüksək olan gənclərin olması ilə bağlıdır. Ancaq könüllülük yaşla məhdudlaşan bir fəaliyyət deyil, insan hər yaşda könüllü ola bilər və olmalıdır.
Muxtar Respublikamızda gənclərin özlərini hər sahədə göstərmələri üçün münbit şərait var. O cümlədən, könüllü fəaliyyət üçün... Xüsusilə Gənclər Fondununun Könüllülük hərəkatının inkişafındakı rolu və mövqeyi danılmazdır. Bu səbəbdən gənclərimiz heç bir çətinlik çəkmədən könül rahatlığı ilə fondun könüllülük fəaliyyətinə qoşulur, fəaliyyətləri ilə sağlamlıq imkanı məhdud, yaşlı insanlara qayğı göstərir, mədəni-tarixi sərvətlərimizi təbliğ edir, ətraf mühitə, ekoloji tarazlığa öz töhfələrini verir, muxtar respublikada baş tutan kütləvi tədbirlərdə yaxından iştirak edir,eyni zamanda dövlət qurumlarında könüllü fəaliyyət göstərərək təcrübə qazanırlar. Belə könüllü gənclərdən biri Məhərrəm Həsənovdur.
Könüllü gəncimiz “Naxçıvan” Universitetinin üçüncü kurs tələbəsidir. Oxuduğu ali təhsil ocağında TGT-nin üzvü olmaqla yanaşı, ötən ildən muxtar respublikadakı bir sıra dövlət müəssisələrində könüllü kimi fəaliyyət göstərir. Düşünür ki, ictimai işlərdəki fəallıq, könüllü fəaliyyət hər bir gəncin inkişafına müsbət təsir göstərir.
Könüllü olmaqda məqsədi asudə vaxtlarını səmərəli keçirmək, yeni dostluqlar qazanmaq və ən əsası cəmiyyətə bir gənc kimi fayda verməkdir. Könüllü fəaliyyəti ilə iştirak etdiyi layihələr, qazandığı uğurlar fərdi və sosial inkişafına,gələcək karyerasına təsir edib. “Sosial könüllülük”, “Ekoloji könüllülük,“Səyyari dövlət qulluğu könüllülüyü” layihələrinin fəal könüllüsü olan Məhərrəm Gənclər Fondunun keçirdiyi müxtəlif intellektual yarışlar və təlimlərdə iştirak edir, öz layihələrini reallaşdırır. Eyni zamanda, özü kimi gəncləri də könüllü fəaliyyətə cəlb edir. Ötən il “5 Dekabr Beynəlxalq Könüllülər günü” münasibətilə “İlin ən fəal könüllüsü”adına layiq görülən Məhərrəm bu ilin “ Könüllülər ili” olmasını isə könüllü gəncliyə göstərilən diqqət kimi dəyərləndirir.
Hazırda 400-ə yaxın könüllüsü olan Gənclər Fondunun könüllü gənclərindən biri də Alsu Məmmədlidir. Şəki rayonunda anadan olan Alsu ali təhsil üçün “Naxçıvan”Universitetini seçib. Birinci kurs tələbəsidir. Könüllü olmağı özünə mənəvi borc bilib. Alsu deyir ki, könüllü fəaliyyətinə qoşulmaq onun həyata və insanlara olan münasibətini tamamilə dəyişib. O burda özünə çoxlu dostlar və gələcək iş fəaliyyəti üçün təcrübə qazanıb. Könüllü fəaliyyəti ilə layihələrin birbaşa iştirakçısı olan, təşəbbüslərə qoşulan Alsu deyir ki,gənclərin fəaliyyətinə qayğı olmasaydı bunların öhdəsindən təkbaşıma gələ bilməzdim.Tənha ahıllarla görüşüb, sağlamlıq imkanları məhdud insanları ziyarət edən, onlara qayğı göstərən Alsu üçün könüllülük mənəvi zənginlikdir.“Sosial könüllü” kimi həssas qrupdan olan insanlara pandemiya şəraitində könüllü fəaliyyəti ilə seçilən Alsunun bu fəallığı diqqətdən kənarda qalmayıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mükafatlandırılan Alsu gələcəkdə həyata keçirmək istədiyi layihələrin də sosial layihələr olacağını deyir.
“İnsanlara sevgi, təbiətə sevgi,vətənpərvərlik, ideyaların həqiqətə çevrilməsi ...bunların hər biri bizim bir komanda olaraq ətrafında sırf birləşdiyimiz dəyərlərdir. Biz könüllülər pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirilən tədbirlər çərçivəsində sağlamlıq imkanları məhdud insanların görüşünə getdik, onlarla birlikdə vaxt keçirdik, gülər üzlərlə qarşılandıq, xeyir-dualarla yola salındıq. Bütün bunlar xatirimdən heç vaxt silinməyəcək. Bu görüşlərdən diqqətimi çəkən məqam isə odur ki, insanlarımız dövlətin daim onlarla olduğuna əmindirlər. Müxtəlif səbəblərdən tənha yaşayan ahıllarımız qətiyyən tək və kimsəsiz deyillər. Bundan sonra da könüllü fəaliyyətimi davam etdirəcəm. Biz böyük bir ailənin üzvüyük. Könüllü fəaliyyət kənardan sadə səslənə və asan görünə bilər amma həqiqətən də çox məsuliyyətli və çətin bir fəaliyyətdir”-bu fikirləri isə Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə dördüncü kurs tələbəsi Çimnaz Abbasova deyir. “Sosial könüllülük” və “Ekologiya könüllülüləri” layihəsinin könüllüsü olan Çimnaz deyir ki, könüllülük hər şeydən öncə bir dəyərdir, hər bir insanın həyatında bu fəaliyyət olmalıdır. Biz könüllü gənclər olaraq bu dəyəri yaşatmağa çalışırıq. Könüllü fəaliyyət gənclər üçün sabaha açılan pəncərədir. Həyatımıza müsbət təsir edir, daxilimizdəki istedadı üzə çıxarır, ideya və layihələrimizi reallaşdıra bilirik. Bir sözlə könüllülük bir yoldur və biz bu yolu seçərək uğurlarımıza doğru getməyə çalışırıq. Maraqlı və təcrübələrlə dolu bir fəaliyyətdir. Könüllü fəaliyyətimizlə həm özümüz xoşbəxt oluruq, həm də insanları xoşbəxt edirik. Naxçıvan Gənclər Fondunun bir çox layihələrində iştirak edən Çimnaz üçün ən unudulmaz layihə isə ötən il qatıldığı “Yer saatı” aksiyası olub.
Könüllü fəaliyyəti bitsə də o özünü hər zaman könüllülər ailəsinin bir üzvü bilir. “Ekoloji könüllük”də təbiətə qarşı sevgisini nümayiş etdirir,eyni zamanda kitab müzakirələrinə qatılaraq oxuduğu kitablardan qazandığı düşüncələri başqaları ilə bölüşür. Gələcəkdə hansı sahədə çalışmağından asılı olmayaraq könüllü fəaliyyətini davam etdirməyi düşünür. Çünki KÖNÜLLÜ fəaliyyət onun ruhuna hopub və həyat tərzinə çevrilib.
Gəncləri könüllülər ailəsinə cəlb edən hər şeydən öncə səmimi, yaradıcı mühüt,fərqli düşüncəyə malik gənclərin varlığıdır. Onlar boş vaxtlarını burada səmərəli keçirə və cəmiyyətə fayda verə, gələcək fəaliyyətlərində təcrübə qazana bilirlər. Gənclərimiz bu fəaliyyətləri ilə hər kəsə nümunə olur. Hər keçən gün Gənclər Fondunun könüllülüləri sırasına yeni adlar qoşulur.
İllər keçib,nəsillər dəyişsə də “Gənclər gələcəyimizdir” şüarı heç zaman dəyişmir. Çünki hər bir ölkənin gələcəyi onun gəncliyidir. Bu gün gənclərimiz həm də könüllülərdir. Ölkəmizin gələcəyi bu günkü vətənpərvər, yardımsevər, milli dəyərlərə bağlı bacarıqlı gənclərlə daha parlaq olacaq.
Türkanə Əmoyeva