Muxtar respublikada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları yüksək səviyyədə qorunur
Bu gün muxtar respublikada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları yüksək səviyyədə qorunur, müraciətlərinə vaxtında baxılır, onlar üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edilir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə keçirilən növbəti tədbirdə xidmətin əməkdaşı Şəhanə Seyidova səsləndirib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı İman Alırzayev çıxış edərək “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” ilə bağlı tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Qeyd olunub ki, bu tədbirin məqsədi də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri İslam mədəniyyəti və dəyərləri ilə tanış etmək, onları maarifləndirməkdir.
Vurğulanıb ki, tolerantlığı ilə seçilən muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Son illər tikilən məscidlər, təmir olunan türk-islam abidələri dövlətin bu sahəyə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Sonra tədbir iştirakçılarının “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gəzintisi təşkil edilib.