Artıq üç ilə yaxındır ki, yoxluğu ilə heç cürə barışa bilmədiyim atam Vaqif Məmmədovun bu il iyun ayının 28-də 70 yaşı tamam olur. Hər il bu tarixi, ad gününü bir yerdə qeyd etdiyimiz insanın yoxluğu əlbəttə ki, bizim üçün çətindir. Amma düşünəndə ki, yaşanmış bu ömür hədər getməyib, şərəfli bir ömürdür, bununla qürur duyuram. Onun haqqında danışmaq məni həm iftixar, həm də hüznlü duyğulara kökləyir.
Qəribədir ki, atamın sağlığında haqqında saatlarla danışa, yaza bildiyim halda onu itirəndən sonra danışmağa, fikirlərimi kağıza köçürməyə çox çətinlik çəkirəm. Atam haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Ata-oğul kimi onunla aramızda olan mənəvi körpü o qədər möhtəşəm idi ki, indi bu münasibətin tərifini verməkdə, onun haqqında yazmaq üçün gərəkli olan kəlmələri seçməkdə çətinlik çəkirəm. Mən bir oğulun atasına duyduğu heyranlıqdan daha çox, bir oxucu kimi həmişə atama yaxşı mənada, qibtə etmişəm. Onun bütün yaradıcılıq uğurlarına mən və bütün ailəmiz həmişə ürəkdən sevinmişik.
Vaqif Məmmədov oxucuları üçün əvəzsiz şair, publisist, tələbələri üçün dəyərli müəllim, çalışdığı universitet üçün əsl ziyalı alim, gərəkli naşir idisə, mənim üçün qayğıkeş ata, qibləgah, yol göstərən mayak idi. Artıq üç ilə yaxındır ki, atam aramızda yoxdur. Nə qədər ki, atam həyatda idi, mən özümü qollu-budaqlı, əzəmətli bir çinarın cavan pöhrəsi hesab edirdim. Çünki o, həmişə güvəndiyim, varlığına şükür etdiyim bir insan idi. Lakin indi... Qəribədir ki, ölümündən bu qədər müddət keçməsinə baxmayaraq gözüm hər yerdə onu axtarır. Nədənsə, həmişə gələcəyinə olan ümidim sadəlövhcəsinə olsa da, sönmür. Övladlar neçə yaşlarında olursa-olsun yalnız valideynlərini itirəndə böyüyərlər deyirlər.
Atam Vaqif Cəfər oğlu Məmmədov 1948-ci ildə Naxçıvanın sərhəd bölgəsi olan Sədərək kəndində anadan olmuşdur. Sədərək kənd orta məktəbini bitirəndən sonra 1968-ci ildə Naxçıvan Şəhər Pedaqoji Məktəbini, 1975-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 14 ilə yaxın məktəb direktoru işləyən atam sonralar fəaliyyətini Naxçıvan Dövlət Universitetində naşir, müəllim kimi davam etdirərək, gərgin elmi tədqiqatlar apararaq tarix üzrə fəlsəfə doktoru, dosent elmi adını qazanmışdır.
Mən özümü dərk edəndən atamı yazan, mütaliə edən görmüşəm. Bizim Sədərək kəndindəki, Naxçıvandakı evimizdə, universitetdəki iş otağında da onun dəyərli kitablarla zəngin kitabxanaları var idi. Onun hər anı ədəbiyyatla, publisistika ilə birgə keçirdi. O, sanki yazmaqla, mütaliə etməklə nəfəs alırdı.
Yaradıcılığının bütün dövrlərində o, poeziya ilə bərabər publisistika ilə də məşğul olurdu. Publisistika atam üçün özünü ifadə etmək, əhəmiyyətli hesab etdiyi məsələləri diqqətə çatdırmaq üçün bir vasitə idi. Şeiriyyət, poeziya atamın döyünən ürəyi, görən gözü, danışan dili, tutan əli idi. Onun yaradıcılığında fikirlə hissiyyat həmişə mübarizədədir. Çatdırmaq istədikləri onun poetik təfəkkürünün və hissiyyatının süzgəcindən süzülərək təqdim edilsə də, oxucu üçün hansının üstünlük təşkil etdiyini anlamaq çətindir.
Şeirlərində mövzu rəngarəngliyi, yenilik, novatorluq və eyni zamanda, ənənəvilik hər zaman səciyyəvi olmuşdur. O,zəngin Azərbaycan ədəbiyyatının klassik və müasir şeir üslubunu dərindən bilən qələm sahiblərindən idi. “Mən şeir yaza bilməyəndə şeir yazıram” deyirdi atam. Bəzən gördüyü, şahid olduğu hadisələr ya da hiss etdiyi duyğular ona elə güclü təəssüratlar bəxş edirdi ki, şeir yazmaq məqsədilə yox, ürəyindəkiləri boşaltmaq üçün əlinə qələm alırdı.
Vətənpərvərliyi, yurd məhəbbəti onun ən dəyərli mənəvi keyfiyyətlərindən idi. O, bir salnaməçi tək 1990-1992-ci illərdəki Sədərək döyüşlərini, müharibənin dəhşətlərini ustalıqla qələmə almış, o günlərin odunu, alovunu, xalqın dərdini, nisgilini ürək ağrısıyla şeirlərində təsvir etmişdi. Yaşadığımız Sədərək kəndinin o ağır günlərində mən bir şairdən, bir publisistdən daha çox bir vətən oğlunu, bir el qəhrəmanını gördüm. O, vətənin dar günündə qələmini süngüyə çevirib, ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, qeyrət qalası Sədərəyin müdafiəsinə qalxdı. Bunu yalnız vətənini ürəkdən sevən, ona cismən, ruhən bağlı olan insan edə bilərdi. Bütün bunlar elə nadir xüsusiyyətlərdir ki, hər insanda çətin tapıla bilər. Atam isə bütün gözəl mənəvi keyfiyyətləri özündə birləşdirə bilən dəyərli bir şəxsiyyət, əvəzsiz bir ata idi.
Ətrafındakı hər bir hadisəyə, hər bir insana həssaslıqla yanaşan bu insan ev, ailə həyatında da belə idi. Atamın şeir yazmağı, poeziya ilə məşğul olmağı onun oxucuları üçün fövqəladə gözəllikdə olsa da, özü üçün gündəlik bir iş kimi idi. Ürəyinə yığılıb qalan bu duyğuları inci tək düzdükdən sonra rahatlıq tapırdı sanki. Həssas təbiəti sayəsində o hər kəsin dərdini duya və bu göynərtilərini kağıza ən gözəl poeziya nümunəsi kimi həkk edə bilirdi. Vətənin hər bir daşı ona doğma, əziz idi. El-oba sevgisi onun ən müqəddəs dəyərlərindən biri idi. 40-a yaxın kitab müəllifi olsa da, fəxri adları, uğurları hər gün çoxalsa da, atam heç vaxt təvazökarlığını itirmirdi. Elə bu mənəvi dəyərlər onu unudulmayan və dəyərli edib. Atamın mənə miras qoyub getdiyi mənəvi dəyərlər olduqca çoxdur. Atamın şərəfli adı və yaradıcılığı heç vaxt tükənməyəcək ən dəyərli xəzinəmdir. Mən atamın şeirləri və kitabları vasitəsilə onunla danışa bilirəm.
Atam ömrünün sonlarında keçirdiyi ağır beyin əməliyyatından sonra 30-dan artıq şeir yazmışdı. “Gedirəm” adlı şeirində də dediyi kimi:
Kimsənin yazığı gəlməsin mənə,
Sanmayın qəlblərə dəyib gedirəm...
Atımı sürmədim dumana, çənə,
Şərəfli bir ömür qoyub gedirəm...
Onun yaradıcılığı, şeiriyyatı, publisistikası barəsində ən dəyərli söz ustadları layiqli münasibət bildiriblər. Diqqətli olan hər bir oxucu onun poeziyasının sərhədsizliyini müşahidə edə bilər. Çox xoşbəxtəm, çox şanslıyam ki, mən bu poeziyanın içində böyüyüb, boya-başa çatdım. Atamın şeirləri mənim üçün böyük bir dünya, sahili olmayan dənizdir.
İnsan doğulub boya-başa çatdığı ailədə, eldə, obada yaşamağın necə böyük nemət olduğunu o evdən, o eldən, o obadan ayrılandan sonra dərk edir. Tələbəlik illərindən bu yana atamdan uzaqda yaşasam da, həyatımın hər anında, hər dəqiqəsində onun sevgisini, onun qayğısını hiss etmişəm. O, bütün övladlarına sevgisini bərabər şəkildə bölürdü. Hər birimizi diqqətdə, nəzərdə saxlayırdı. Hansımızın bir dərdi, çətinliyi olsa atam hər kəsdən əvvəl o övladının yanında olar, ona dəstək olardı. Mən özüm ailə başçısı, övlad sahibi olsam da bir çətinliyim olanda 13-14 yaşlı uşaq tək atama pənah gətirərdim. Ondan kömək və məsləhət istəyərdim. İndi onun yoxluğu həyatımın hər bir nöqtəsində böyük boşluqlarla hiss olunur.
O, haqq ədalət tərəfdarı, vicdanlı, mərhəmətli və qayğıkeş bir ata idi. Ətrafındakı insanlardan yalnızca doğruluq və düzgünlük gözləyirdi. Ona görə ki, xarakterinin mayasında bu məziyyətlər dayanırdı. Həyatdan zövq almağı, yaşamağı, insanlara yardım etməyi, dəstək olmağı sevən bir insan idi. Onun müsbət keyfiyyətlərini saymaqla bitirmək olmaz. Onun haqqında xatırladığım çox şey var. Daha doğrusu nə isə yadıma salmağa ehtiyac yoxdur desəm, daha düzgün olar məncə. Çünki mən atamı hər zaman özümlə hiss edirəm. Hər zaman nəzərlərinin üzərimdə olduğunu duyuram. Hətta bəzən elə olur ki, məsləhətə ehtiyac duyanda özümü qeyri-ixtiyari telefona sarılıb ona zəng etmək istəyərkən tapıram. Və qəfil olaraq da reallıq mənə özünü xatırladır...
Atam hər zaman öz üzərində çalışırdı. Hər zaman yeniliklərdən xəbərdar olmağa, zamanla ayaqlaşmağa can atan insan idi. O, son gününədək oxuyub yazmaqdan əl çəkmədi. O, dünyasını dəyişəndə bəlkə də yazdığı sətirlərin mürəkkəbi hələ qurumamışdı.
Uşaqlıq illərindən bizə danışardı, xüsusilə atası və babası ilə olan münasibətindən söhbət açar, böyüklərə hörmətin əhəmiyyətini vurğulayardı. Çətin keçən uşaqlıq illərini anladar, başına gələn maraqlı və gülməli hadisələrdən danışardı. Atamın “Uşaqlıq notları” adlı şeiri bu baxımdan öz uşaqlıq illəri haqqında məlumatlarla zəngindir:
Bizim günahımız heç az olmayıb,
Quşa daş atmışıq, yuva sökmüşük...
Yeriş öyrədəndə anamız sayıb
Neçə yıxılmışıq, neçə çökmüşük...
Ürəkdə min arzu, qoyub beşiyə
Layla yağışında yuyublar bizi.
Nehrədə biz boyda yağ olsun deyə,
Çatmanın başına qoyublar bizi.
Atam qayda-qanunu, nizam-intizamı sevərdi. Heç bir zaman öz vəzifəsindən sui-istifadə edən insan olmadı. Hər işlədiyi kollektivdə haqq, ədalət tərəfdarı olmağı ilə, dürüstlüyü və vicdanlı olmağı ilə tanınırdı. Vətənpərvərliyi, yurd məhəbbəti onun ən dəyərli mənəvi keyfiyyətlərindən idi. Uşaqlarını da bu ruhda, bu tərbiyədə böyütmüşdü. Tələbkar deməzdim, çünki biz necə davranmalı olduğumuzu bilirdik. Heç vaxt onun xoşuna gəlməyəcək şeylər etməzdik. O, bir ata kimi övladlarından qayğısını və sevgisini əsirgəməzdi. Və biz də bu sevginin qarşılığında öhdəmizə düşənləri edirdik. Atamın övladlarından gözləntisi ədalətli, dürüst, vicdanlı və mərhəmətli olmaq idi. O həmişə bizə bu mövzuda nəsihətlər verər, ibrətamiz söhbətlər danışar, böyüklərə hər zaman diqqət və hörmət etməli olduğumuzu deyərdi.
Onsuz keçən üç ili mən keçmiş saymıram. Sanki o hər gününü ömrümdən oğurlanmış kimi hiss edirəm. Həyatının mərkəzini və özəyini itirmək əlbəttə ki, hər insan üçün çətin olar. Lakin əgər bu sizin atanızdırsa çəkdiyiniz əzab, həyatınızda o qorxunc boşluq daha da böyük, hətta ikiqat böyük olur. Atam qaranlıqda yanan çıraq tək mənim işığım idi. Yoxluğuna alışa bilməmişəm desəm, yalan demiş olaram. Çünki insan övladı hər bir çətinliyə zamanla dözə və alışa bilir. Mən sadəcə onun yoxluğunun verdiyi əzabın ağrısına alışmışam. O ağrıyla, o əzabla barışıb, onunla yaşamağa başlamışam. Onun üçün darıxanda isə şeirləri mənim köməyimə çatır. Dəyişən bircə şey var ki, əvvəllər atamın şeirlərini şeir oxumaq üçün, atam yazdığı üçün, ya da oxuyub hər oxucu kimi şeirdən zövq almaq üçün oxuyurdum. İndi isə yalnızca onunla danışmaq, onunla söhbətləşmək üçün, onunla gözə görünməyən mənəvi bir körpü yaratmaq üçün oxuyuram. İndi atama çatmağın yolu onun məzarından və bir də şeirlərindən keçir.
Atamın haqq dünyasında olduğunu və bir gün mütləq görüşəcəyimizə inanıram. Mərhum şairimiz Bəxtiyar Vahabzadənin “ANA” şeirindəki bir bəndində qeyd etdiyi kimi, bundan sonra keçən hər gün atamı bizdən uzaqlaşdırır, bizi isə ona yaxınlaşdırır:
...Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, Sən Məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxınlaşıram.
Atam bizim üçün bir məktəb idi. Dörd övladı, nəvələri bundan sonra daha məsuliyyətlə “Vaqif Məmmədov” adını uca tutacağıq. Atam oxucularının qəlbində elə bir iz qoyub getdi ki, mən inanıram ki, onların qəlbində əbədi yaşayacaq. Həyat davam edəcək, amma bundan sonrakı həyatımızı atasız yaşayacağıq. Atamın haqq dünyasında olduğunu və bir gün mütləq görüşəcəyimizə ümid edirəm. İndi mən ancaq atamın şeir və kitabları vasitəsilə onunla danışa bilirəm. Şeirlərinin ilk oxucusu olmağıma baxmayaraq, indi bu şeirləri oxuyanda daha çox fərqli duyğular keçirirəm. Sanki indi daha çox başqa mətləblər, sətiraltı eyhamlar kəşf edirəm. Bu mənada, “Ata” şeiri mənim üçün çox dəyərlidir:
Ata səbr, dözüm, əzəmət, vüqar,
Ata övlad üçün haqqın yoludur.
“Ata” kəlməsində böyük məna var,
Ata müqəddəsdir, ata uludur.
Tikməyə, qurmağa həvəsi olar,
Ata əkən güllər solmaz dünyada.
Dostun, sirdaşın da əvəzi olar,
Atanın əvəzi olmaz dünyada.
Ata bu həyatın mənası, dadı,
Ata keşikçidir ata yurduna.
Ən uca heykəli, ən böyük adı
Övlad ürəyində ucaldar ona.
Şeirin son misrasında yazdığı kimi, “Ən uca heykəli, ən böyük adı, Övlad ürəyində ucaldar ona”. Atamın dediyi kimi, bundan sonra bu şərəfli adı və atamdan qalan dəyərli xəzinəni qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq bizim - övladlarının müqəddəs borcudur.
Hər hansı bir tarixi abidə keçmişdən bizə xəbər verdiyi kimi atam da keçmişi bizə çatdıran və gələcəyə ötürən dəyərli söz adamı idi. Onun yaratdıqları daim yaşayacaqdır. Onun poeziyası oxunduqca köhnəlməyəcək, Vaqif Məmmədov adını, Vaqif Məmmədov izini yaşadacaqdır. Əminəm ki, cənnətdən boylanıb qoyub getdiyi xəzinələrə baxıb rahatlıq tapır. İnanıram ki, atam, atamın şeirləri qədirbilən xalqı və çoxsaylı oxucuları sayəsində heç bir zaman unudulmayacaqdır.
Xoşbəxtəm ona görə ki, atam getsə də, mənə həyatda yaşamaq və hər bir çətinliklə mübarizə aparmaq üçün güc, böyük bir miras qoyub getmişdir. O, şeirlərində yaşayır mənim üçün... Yazıb-yaratdıqları var olduqca, şeirləri oxunduqca atam yaşayacaq. Onun amalı, ideyaları, vətən sevgisi, yurd məhəbbəti, təbiət vurğunluğu heç vaxt ölməyəcəkdir! O duyğu yüklü şeirlər oxunmağa, sevilməyə, paylaşılmağa davam edəcək, atamın yaradıcılığının işığı heç vaxt sönməyəcəkdir. Çünki o, elə bir həyat və yaradıcılıq yolu keçib ki, heç bir vaxt unudulmayacaq.
Sənsiz qeyd etdiyimiz 70 yaşın mübarək, ATA!.. Ruhun şad olsun!
Səbuhi Məmmədov hüquqşünas