145-in KADRARXASI - Elşən Məhərrəmov - FOTOLAR
Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir. Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media fədailəri gündəmə gətirilir.
“KADRARXASI”nda bu dəfə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin dövlət əhəmiyyətli tədbirlər üzrə peşəkar videomontaj operatoru, illərdir saysız-hesabsız efir materiallarını zərgər dəqiqliyi ilə işləyib tamaşaçılara çatdıran Elşən Məhərrəmovdur.
Qısa təqdimat:
-Məhərrəmov Elşən Müslüm oğlu
-1980-cı ildə Babək rayonunun Qahab kəndində anadan olub.
-Cəmşid Naxçıvanski adına 11 nömrəli orta məktəbi, sonra isə İdman-Hərbi Təmayüllü Oğlanlar Gimnaziyasını bitirib.
-Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində təcrübə kusu keçərək 2005-ci ildən videomontaj operatoru kimi işləməyə başlayıb.
-Ailəlidir, iki övladı var.
Televiziyada montaj prosesi, necə deyərlər, çiy halda olan kadrları “emal edib”, onları səliqəli və yaradıcı tələblərlə nizama düzməkdir. Bu gün Naxçıvan televiziyasının müasir təhcizata malik montaj otaqlarında onlarla gənc və peşəkar montajçı çalışır. Elşən Məhərrəmov isə həmin montajçıların ən peşəkarıdır. Televiziya onun üçün doğma bir ocaq, çalışdığı montaj otağı evi, hər gün əhatəsində olan redaktorlar, müxbirlər isə öz ailəsinin üzvləridir.
Təbii ki, televiziya işi gərgin və kollektiv əməyin məhsuludur. Bu informasiya məkanında işə məsuliyyət və operativlik ən önəmli amildir. Bu işlərdə yaxından iştirak edən montajçılar sözü kadra çevirməyi bacarmaqla yanaşı, eyni zamanda, özlərinin rejissor ideyalarını da ortaya qoyurlar. İşlərinə o qədər aludə olurlar ki, çox vaxt montaj otağına kiminsə daxil olmağından belə xəbərsizdirlər.
Televiziya işinə az-çox bələd olanlar bilir ki, montaj otaqları hazırlanan efir materiallarının “mətbəxidir”. Və o “mətbəx” tamaşaçının ruhunu ələ ala biləcək, diqqətini çəkəcək materialları “bişirib” onlara təqdim edir. Elşən Məhərrəmovun çalışdığı “Xəbərlər” redaksiyasının montaj otaqlarında da hər gün gərgin iş rejimi hökm sürür. Günün hansı saatında olursa-olsun onun çalışdığı montaj otağına gözucu nəzər yetirsək zamanla yarışdığını görərik. Baş redaktor, redaktor və müxbirlər gah kadrarxası səsləri oxuyur, gah da ki, Elşənin montaj edib efirə hazırladığı xəbər süjeti və reportajlara ilk və son baxışı keçirirlər. Gün ərzində 5 dəfə efirə çıxan NTV-nin xəbərlər buraxılışları bax beləcə, gərgin əməklə ərsəyə gəlir. Bəzən adi bir kadrı arxivdən əldə edib yerində işlətməyə saatlarla vaxt sərf olunur. Lakin buna baxmayaraq, Elşən Məhərrəmov bütün videomaterialları hədsiz səbr və təmkinlə, ustalıqla efirə hazırlayır. Hətta ən gərgin anlarda da gənc müxbirlərin, tələbə-jurnalistlərin xətrinə dəymir, onlara olan səmimiyyətini, dost köməyini əsirgəmir. O, həm də dövlət əhəmiyyətli rəsmi tədbirlərin montajçısı kimi də yüksək peşəkarlığa malikdir. Naxçıvanda Ali Məclis Sədrinin iştirakı ilə keçirilən rəsmi tədbirlər, açılışlar, konfrans və müşavirələr məhz Elşənin yaradıcılıq süzgəcindən keçərək izləyicilərə təqdim olunur.
“NTV ailəsinin bir üzvü olmaq mənim üçün böyük xoşbəxtlikdir”....
“Naxçıvan televiziyasına 2005-ci ildə burda montajçı işləyən bacım Gülşən Məhərrəmovanın tövsiyəsi ilə gəldim. Sonralar montaj işini öyrənməyimdə də ən böyük dəstəkçim elə bacım oldu. Amma o zaman televiziyada madi-texniki sarıdan kasadlıq idi. Kameralar videokasetlərlə işləyirdi, elə montajlar da. Videokasetlə montaj çox ağır, üzücü və böyük vaxt itkisi demək idi. Redaksiyada bir kasetli montaj avadanlığı ilə bütün işi görürdük, bunun üçün hətta gecəni də işləməli olurduq ki, xəbərləri vaxtında çatdıraq. Dəfələrlə gecə yarılarına qədər qalıb, xəbər süjetləri işləmişəm. Ancaq indi maddi-texniki baza çox güclənib. Təkcə “Xəbərlər” redaksiyasının 4 montaj otağı və biri 10 min manat dəyərində olan HD montaj kompyuterləri və qurğuları var. Əvvəllər gecə saat 11-ə qədər gördüyümüz işi indi operativ olaraq 3-4 saata və fiziki yorğunluq çəkmədən başa çatdırırıq. İndi elə montaj proqramları da var ki, bir neçə işi eyni vaxtda görə bilirik. Lakin proqramlar, avadanlıqlar dəyişsə də yaradıcılıq prinsipləri eynidir”
Elşən Məhərrəmovun 15 illik əmək fəaliyyətinin 3 ili televiziyanın digər redaksiyalarında verilişlərin montajına, 12 ili isə “Xəbərlər” redaksiyasında montaj işinə həsr olunub. O, 2014-cü ildən “Xəbərlər” redaksiyasında həm də rejissor işini də aparır.
“Montajçı müxbir və operatorun gördüyü işə güzgü tutan, efir üçün hazır vəziyyətə gətirən, televiziya işinin əsas sütunlarından biridir. O ki qaldı televiziyanın Xəbərlər redaksiyasında montaj işini görmək, bu, ikiqat məsuliyyət, həm də həddindən artıq operativlik deməkdir. Həmişə çalışmışam ki, hər bir xəbər materialını efirə vaxtında və qüsursuz çatdıram. Xəbərin yaxşı alınması kollektiv əməyin bəhrəsidir. Yaxşı montaj olunmayan xəbər tamaşaçını razı sala bilməz...”
Elşən Məhərrəmovu digər montajçılardan fərqləndirən əsas keyfiyyətlərdən biri də onun teleradionun arxivini yaxşı bilməsidir. Deyir ki, hazır çəkilişlərdən əlavə bəzən elə olur saatlarla arxivdən kadr seçirik, çalışırıq ki, hər kadr yerində işlədilsin və jurnalistin tamaşaçıya çatdırdığı fikri açıqlasın. Montaj işi sadəcə kadrları “kəsib-doğramaq” deyil, ən incə məqamları nəzərə almaqdır. Kadrların ardıcıllığı tamaşacıya yol göstərir. Montajçı tamaşaçının görmədiyi çox şeyi görür, amma nə lazımdırsa onu göstərir. Çevik və operativ olmaq həm də diqqətcil olmaq tələb edir. Gördüyün işin sevincini isə montaj etdiyi süjetləri vaxtında çatdıranda və mavi ekranda ərsəyə gətirdiyi işə baxanda yaşayırsan...
Elşən Məhərrəmov həm də televiziyaya yeni gələn gənc montajçılara da bu işin sirlərini öyrədir. Bir də gənc montajçıların onun zəhmətini, ümidlərini doğrultduğunu görəndə sevinir. Həmişə onlara tövsiyəsi bu olur : “Çalışın siz işin əlində yox, iş sizin əlinizdə olsun.”
Yaradıcı iş elədir ki, ona bağlanmalısan...
Hər bir insanın gördüyü işə sevgisi olmalıdır . Əgər o sevgi olmasa iş yaxşı alınmaz. Hər halda, televiziyada gərgin və saatı bəlli olmayan iş mühitində çalışan Elşən Məhərrəmovun 15 illik əmək fəaliyyəti peşəsinə olan sevgidən irəli gəlib. Fədakar əməyinə görə dəfələrlə teleradiomuzun rəhbərliyi tərəfindən həvəsləndirici mükafatlara, fəxri fərmanlara layiq görülüb. Yuxarıda vurğuladığım kimi, o, həm də təvazökar, səbirli, təmkinli və imanlı insandır. İşindəki doğruluq və düzgünlük onun xarakterinə hopub.
Hər gün yeni bir həyatdır. Bu həyatın axarında isə hər birimizin üzərinə düşən işlər, məsuliyyətlər var. O da hər səhər doğma kanalın tamaşaçılarına xəbərləri zamanında işləyib təqdim etmək üçün montaj otağında olur. Gün ərzində görüləcək işlər isə çoxdur... Ən əsası isə tamaşaçıya keyfiyyətli material təqdim edilməlidir. Axı tamaşaçı hər şeyi kinooperatorların və montajçıların gözü ilə görür. İstedadlı və peşəkar montajçı Elşən Məhərrəmov da illərdir ki, gördüyü işin öhdəsindən gərgin əməyi və sevgisi ilə gəlir, vəzifəsinin haqqını verir.
Türkanə Əmoyeva