Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-nа olan məlumatına əsasən, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, düşən yağıntının miqdarı Qrız, Xınalıqda 13, Şəkidə 11, Xaltanda 6, Qusar, Ağdam, Göytəpə, Kişçayda (Şəki) 4, Oğuz, Tərtərdə 3, Balakən, Göyçay, Bərdə, Quba, Altıağacda 2 mm, Gədəbəy, Göygöl, Mərəzə, Şamaxı, Zaqatala, Maştağada 1 millimetr olub.
İyunun 5-də Tərtər rayonunun Qarağacı kəndinə diametri 1.2-1.5 millimetr olan, Tovuz rayonunun Hacıqaya kəndinə, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə, Şəki rayonunun cənub hissəsinə xırdadənəli dolu düşüb.
Gecə saatlarında saniyədə 25 metrədək güclənən şimal-qərb küləyi səhər 8:00 radələrindən başlayaraq zəifləyib.
Bakıda temperatur iqlim normasından 1 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26, Aran rayonlarında 30-35, dağlıq rayonlarda 21-24, Naxçıvan Muxtar Respublikasında 32-36 dərəcə isti olub.
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu 25-28 dərəcə isti olacaq.