Heyvandarlıq və arıçılığın inkişafında əhəmiyyətli bitki- yovşan

A- A A+

Hələ keçmiş zamanlardan sahibkarlar baytarlığın kifayət qədər inkişaf etmədiyi dövrlərdə belə heyvandarlıqda xəstəliklərə qarşı mübarizədə xalq-müalicə üsullarında dərman bitkilərindən istifadə ediblər. Belə bitkilərdən biri də müalicəvi xüsusiyyətlərinə görə baytarlıqda geniş iştifadə olunan yovşan bitkisidir.  Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda becərilir.    Mürəkkəbçiçəklilər fəsiləsinə aid olan bu  çöl bitkisinin  ölkəmizdə 16 növü yayılıb.

 Muxtar respublika ərazisində  yovşan yabanı halda yol kənarlarında, çay və göl sahillərində bitir.

Acı yovşanın tərkibində əsas təsiredici maddə efir yağlarıdır. İsti havada ətrafa daha çox efir yağı ifraz etdiyindən  yay aylarında heyvanlar onu az yeyirlər. Yovşanın əsas xüsusiyyətlərindən biri parazit qurdlarına qarşı öldürücü təsirə malik olmasıdır.   Heyvandarlıqda acı yovşandan taun xəstləyinə, qurd xəstəliklərinə və dəri parazitlərinə qarşı dərman vasitəsi kimi istifadə olunur. Arıçılıqda da böyük əhəmiyyəti  olan yovşandan arıların parazitar xəstəliyi olan nozematozda geniş istifadə olunur. Yazda əmələ gələn yovşanın xırdalanmış yarpaqları və cavan zoğlarının 10 qramının üzərinə 100 ml su, yaxud spirt əlavə edilir. 3 gündən sonra  alınan cövhər arıların yedizdirilməsi üçün istifadə edilir. Nozematoza olan şübhəli ailələrə 0,5 litr miqdarında hazırlanmış şərbət verilir. Şərbətin içərisinə bir xörək qaşığı yovşan əlavə edilir. Şirə arılara 3-4 dəfə, 5-7 günlük intervalla verilir. Həmçinin nozematoza qarşı acı yovşan urotropinlə birlikdə də istifadə edilir. Birinci yemləmədə arı ailəsinə 0,5 ml təmiz qənd şərbəti verilir. İkinci yemləmə urotropin qatılmış 100 qram şərbətlə hər çərçivəarası arıya verilir. 1:1 nisbətində hazırlanmış qənd şərbətinin 1 litrinə bir həb (0,5 qram) urotropin qatılır. Üçüncü dəfə hər çərçivəarası arıya yovşan cövhərindən hazırlanmış 1200 ml şirə verilir. Yemləmə aralarındakı fasilə 3 gündür və 3 dəfə təkrar edilir.

Bildiyimiz kimi,  2020-ci il 17 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci  illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” nın tədbirlər planında heyvandarlıqda baş verə biləcək xəstəliklərə qarşı ənənəvi müalicə üsullarına üstünlük verilməsi xüsusilə qeyd  edilib.

Bu baxımdan heyvandarlıq və arıçılığın inkişafında xüsusi əhəmiyyətə malik olan  yovşandan  təsərrüfatçılar geniş istifadə etməlidirlər.

Həmçinin quru halda ədviyyat kimi  də  istifadə olunan  bu bitkinin tərkibi müxtəlif kimyəvi maddələrlə zəngin olduğundan tibbdə bir çox xəstəliklərin müalicəsində  faydalıdır. 

Xalq təbabətində may ayında yovşanın toplanmış hissələrini qaynatmaqla əldə olunmuş məlhəmdən titrətmə, qusma, ishal, sarılıq, bədən boşluğuna yığılmış mayelərin və bir sıra bağırsaq xəstəliklərinin müalicəsində geniş tətbiq olunur.

 

Rübabə Hüseynzadə

Dövlət Baytarlıq Xidmətinin əməkdaşı

“Oğuz səsi”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: