Həyatı öyrədən idman növü – şahmat

A- A A+

İdman növləri insanlar üçün olduqca faydalı hesab edilir. Xüsusilə də oyunlar insanların əqlinə, zəkasına təsiretmə baxımından bənzərsizdir. Bu mənada, təxminən, 1500 il əvvəl Hindistanda yaranmış və bu gün, demək olar ki, bütün dünyaya yayılmış şahmat isə daha çox diqqəti cəlb edir. Bir çoxları tərəfindən “kiçik bir taxta üzərində həyatı öyrədən idman növü” kimi qiymətləndirilən şahmat onunla məşğul olanlara böyük zəka və düşünmə qabiliyyəti ilə yanaşı, əvəzsiz həyati bacarıqlar da aşılayır.

Şahmatla məşğul olan insanlar bir-birindən dəyərli və diqqət çəkən bacarıq və vərdişlərə yiyələnirlər. Xüsusilə də müntəzəm olaraq bu idman növü ilə vaxtının müəyyən hissəsini keçirən insanlarda həyatlarının bu və ya digər mərhələsində onlar üçün çox mühüm olan bacarıqlar və keyfiyyətlər formalaşır. Şahmatın onunla məşğul olan insana öyrətdiyi, zaman içərisində aşıladığı ilk keyfiyyətlərdən biri həyatı müəyyən strategiya üzərində qurmaq prinsipidir.

Bildiyimiz kimi, həyatı müəyyən strategiya üzrə qurmaq, yəni düşünülmüş bir yaşayış tərzi sürmək həyatımızın gözəl və bir çox hallarda xoşagəlməzliklərdən sığortalanmasına vəsilə olur. Hətta bir çoxları düşünülmüş bir həyat yaşamamağı (strategiyası olmayan həyatı) ümmandakı yelkənsiz bir qayığa bənzədirlər ki, külək də (fırtına) bu qayığı gah bu yana, gah da digər tərəfə sürükləyir. Bu mənada bizə strategiya qurmağın vacibliyini aşılayan və müəyyən müddətdən sonra oynamaqla bu bacarığı mənimsədən şahmat əvəzsiz idman növüdür. Çünki, şahmat onu oynayan insanı müəyyən oyun strategiyası qurmağa təşviq edir, əks təqdirdə oyunçu məğlub olacaq, strategiya üzərinə oyununu qurmuş rəqibə uduzacaq.

Şahmatın insana aşıladığı digər bir keyfiyyət isə onda qısa zamanda qərar alma, həmlə etmə və vaxt itkisinə yol vermədən hərəkətə keçmə vərdişlərini formalaşdırmasıdır. Bu amil isə fürsətlər dünyasında olduqca mühüm faktordur ki, bizə uğur qazandırsın, bu və ya digər addımlarımızda müvəffəq etsin. Çünki bəzi məqamlarda bizim qəraralmada gecikməmiz, vaxt itkisinə yol verməyimiz, nəticə etibarilə, uğursuzluqla qarşılaşmağımıza səbəb olur. Məhz şahmat oyununun bu tərəfi də onun hər birimiz üçün nə dərəcədə əhəmiyyətli olmasından xəbər verir.

Müntəzəm olaraq şahmatla məşğul olan insanda formalaşan keyfiyyətlərdən biri də atılacaq addımların ortaya çıxaracağı nəticələri daim hesablamaq bacarığıdır. Belə ki, bəzi hallarda insanlar atdığı addımın doğuracağı nəticələri, xüsusilə də neqativ halları düşünmür və nəticədə xoşagəlməz hadisələrlə qarşılaşmaqdan yaxasını çəkə bilmir. Şahmat idman növünün bizə aşıladığı bu amil, yəni atdığımız addımın (oyunda hər hansı bir gedişin) nəticələrini daim düşünmək məcburiyyəti ömür yolunda neqativ hallardan qorunmağımıza imkan verir. Bununla yanaşı, şahmat bizə, həmçinin bir çox hallarda arxayınçılığın, özünə həddən artıq güvənməyin də mənfi nəticələr yarada biləcəyini öyrədir. Çünki bu idman növü daim insanı ayıq-sayıq olmağa, bir an belə olsun, fikrini yayındırmamağa səsləyir. Əks təqdirdə məğlubiyyət qaçınılmazdır.

Şahmatın insana öyrətdiyi bacarıqlar yuxarıda qeyd edilənlərlə bitmir. Belə ki, bu idman növü onunla məşğul olan insanlara həm də müdafiə olunmağı, zəif tərəflərini öyrənib onu aradan qaldırmaq üçün mübarizə aparmağı, bəzən də üstünlüyü qorumaq üçün səy göstərmək kimi bacarıq və keyfiyyətləri öyrədir.

Göründüyü kimi, ağıl və zəka oyunu olan şahmatın hər birimizə öyrətdiyi bacarıqlar, zaman-zaman aşıladığı keyfiyyətlər ömür yolumuzda yaxşı mənada böyük dəyişikliklər yaratmağımıza vəsilə ola bilər. Məhz şahmatın bu böyük faydası nəzərə alınaraq muxtar respublikamızda bu idman növü ilə kütləvi şəkildə məşğul olunması üçün bütün zəruri tədbirlər görülüb, lazımi infrastruktur yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun şahmatın önəmini xüsusi vurğulayaraq qeyd etdiyi “Uşaqların zehni inkişafında şahmatın xüsusi rolu var. Bu oyun onlara birinci olmağı, qalib gəlməyi təlqin edir. Bu, oğlanlar üçün daha çox vacibdir. Ona görə ki, onlar gələcəkdə torpaqlarımızın müdafiəçiləri olacaqlar. Şahmat gənclərdə özünəinam, liderlik keyfiyyətləri aşılayır. Odur ki, muxtar respublikada bu işə xüsusi diqqət yetirilir” sözləri bir daha bu idman növünə muxtar respublikada dövlət səviyyəsində münasibəti ortaya qoyur.

Sevindirici haldır ki, muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Kəngərli rayonunda da şahmatın inkişafı üçün, bu idman növünün xüsusilə də gənclər tərəfindən kütləvi şəkildə məşğul olunması istiqamətində zəruri tədbirlər görülüb. Artıq bir neçə ildir ki, Kəngərli rayonunda müasir üslubda tikilmiş Uşaq-Gənclər Şahmat məktəbinin fəaliyyət göstərməsi, eləcə də ümumtəhsil məktəblərində bu fənnin tədrisi, şahmat qruplarının fəaliyyəti şahmatı rayon gənclərinin ən sevdiyi idman növlərindən biri edib və nəticədə bu gün Kəngərli rayonunda gənclər kütləvi şəkildə şahmat idman növü ilə məşğul olurlar. Bu da öz növbəsində gənclərin həyati bacarıqlara, o cümlədən müxtəlif keyfiyyətlərə yiyələnməsinə rəvac verir.

                                                                      Anar Qasımov

                                                                  “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: