Kəhrizlər etibarlı su mənbəyidir

A- A A+

Türkdilli xalqların yaratdığı tarixi nümunələrdən olan kəhrizlərin insan həyatı və təsərrüfat fəaliyyəti üçün mühüm əhəmiyyəti olubdur. Avropa və Asiya qitələrinin dörddə bir hissəsində məskən salmış qədim türkdilli insanlar iqlim şəraitinin quraq, çay şəbəkəsinin zəif olduğu dağətəyi ərazilərdə yeraltı suları kəhrizlər vasitəsilə yer səthinə çıxararaq, özləri üçün etibarlı su mənbəyi yaradıblar.

Tarixi mənbələrdə Azərbaycan ərazisində kəhriz sularından eramızdan 2 min 500 il əvvəl istifadə olunduğu qeyd edilir. Əfsanə, rəvayət və nağıllarda kəhriz quyuları, onları birləşdirən lağımlar, orada gizlənmiş canlılar, «qaranlıq dünya», «işıqlı dünya» haqqında maraqlı epizodların olması da kəhriz sularından ta qədim dövrlərdən istifadə olunduğunu təsdiqləyir.

Şərur düzünün dağətəyinə qovuşduğu ərazilərdə indiyədək çoxlu kəhrizlər qalmaqdadır. Dəmirçi kəndinin yuxarısında «Axund Həsənin kəhrizi», «Kalbakərəmin kəhrizi», «Kalbamusanın kəhrizi», «Ağa kişinin kəhrizi», «Məhəmmədin kəhrizi», «Məmmədbağırın kəhrizi», «Ələsgər uşağının kəhrizi», «Səfər kişinin kəhrizi», «Hacı Qənbərin kəhrizi», «Kalbaquluoğlunun kəhrizi» və sair adlarla tanınan xeyli sayda kəhriz mövcuddur. Kanallar çəkilənədək kəndin əkin sahələrinin suvarılmasında da bu kəhrizlərin suyundan istifadə olunurdu. Kəhrizlərdən çəkilmiş arxların kənarında çoxlu tut, iydə və digər meyvə ağacları olardı. Yayda İstisu, Ələyəz, Əyricə, Əmioğlu yaylaqlarına gedənlər üçün kəhrizlər yolüstü su mənbəyi idi.

1955-ci ildə kənddə müəllim işləyən Fətulla Fətullayev bir neçə kəhrizin suyunu kənd mərkəzinə çəkdirib. 1978-ci ildə məktəb direktoru işləmiş Vəli Əliyevin rəhbərliyi ilə pedaqoji kollektiv «Səfər kişinin kəhrizi»nin suyunu məktəb həyətinə gətiribdir. Qeyd edək ki, bu kəhrizlərin suyundan sakinlər indi də istifadə edirlər.

Muxtar respublikamızda batmış, yaxud suyu qurumuş kəhrizlərin bərpası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində indiyədək onlarla kəhrizə yeni həyat verilib. Kifayət qədər alternativ su mənbələrinin olmasına baxmayaraq, bu gün də Dəmirçidəki bir neçə kəhrizdən daim axara malik etibarlı və təmiz su mənbəyi kimi istifadə edirlər. Kənd sakinləri kəhrizlərin qorunması, lazım gələndə təmizlənməsi üçün əl-ələ verib işləyirlər. Bu, həm də keçmişimizi yaşatmaq və gələcəyə daşımaq baxımından təqdirəlayiqdir.   

                                                                                    

                                                                                                                   “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: