Babəkdə qanvermə aksiyası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək Rayon Mərkəzi Xəstəxanası kollektivinin iştirakı ilə keçirilən aksiyada məqsəd talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkənlərə kömək göstərməkdir. Əvvəlcə Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən hər bir donor müayinə olunub. Ümumilikdə, 18 nəfər əməkdaşdan 9 litr qan tədarük edilərək Mərkəzi Qan bankına təhvil verilib.
Qeyd edək ki, muxtar respublikada Naxçıvan şəhəri və rayonlar üzrə hemofiliyalı və talassemiyalı xəstələr dispanser qeydiyyata alınıb. Babək Rayon Mərkəzi Xəstəxanasında isə 13 hemofiliyalı, 6 talassemiyalı xəstə qeydiyyatdadır. Mərkəzi Qan Bankı növbəlilik əsasında 24 saat fəaliyyət göstərməklə təkcə Naxçıvan Muxtar Respublika Xəstəxanası deyil, həm də rayonlardakı səhiyyə müəssisələrini lazımi olan qan, plazma, eritrosit və trombosit kütləsi ilə təchiz edir.
Belə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.
Mədinə Rəhimli