NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlayn dərs Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi “Xalq çalğı alətləri” kafedrasında keçirilib. “Bayatı Şiraz muğamı” mövzusuna həsr olunan dərsi Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müdiri, dosent, Malik Mansurov keçib. 70 nəfər müəllim və tələbənin iştirak etdiyi seminarda Azərbaycan Respublikasının əməkdar artisti Malik Mansurov qeyd edib ki, muğam təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən muğam xalqlara uyğun parçalanıb. “Bayatı- Şiraz” muğamı haqqında geniş məlumat verən əməkdar artist vurğulayıb ki, yalnız XIX əsrin sonlarından müstəqil olan muğam növü əvvəllər “Bayatı - İsfahan” dəstgahı kimi tanınıb. Bildirilib ki,“Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır.
Sonda mövzu ətrafında çıxışlar olub və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Telli Mustafayeva