Respublikamızda sosial-iqtisadi problemlərin həllində heyvandarlığın inkişafı, mal-qaranın baş sayının və məhsuldarlığının artırılmasının böyük əhəmiyyəti vardır. Heyvandarlığın müvəffəqiyyətlə inkişafı isə hər bir bölgənin təbii-coğrafi şəraitindən asılıdır.
Son zamanlar "quş qripi", "inək (dəli dana) quduzluğu", sarı isitmə, quduzluq, infeksion sarılıq, brusellyoz, vərəm, malyariya, dizenteriya, qoturluq, dəmrovlar, COVİD-19 virus infeksiyası və s. təhlükəli xəstəliklər dünyanın bir çox ölkələrində tez-tez müşahidə edilərək insanların sağlamlığı üçün neqativ fəsadlar törədir. Belə bir dövrdə sağlam və davamlı insan populyasiyasının yaradılmasında mühit amillərin və ekoloji təmiz məhsullardan istifadənin çox böyük əhəmiyyəti vardır. İnsanın gün ərzində fizioloji vəziyyətindən asılı olaraq orqanizmin tələbatına uyğun genetik təmiz məhsullardan istifadə etməsi vacibdir.
Dünyanın hər yerində olduğu kimi muxtar respublikada da ət və süd məhsularına olan tələbatın ödənilməsi üçün qarşıda duran başlıca məsələ, məhsuldarlığın yüksəldilməsi tədbirlərinin həyata keçirilməsidir. Elmi araşdırmalar və qabaqcıl heyvandalıq təsərrüfatlarının təcrübəsi göstərir ki, heyvandarlığın inkişafı üç əsas amildən - birincisi damazlıq material, ikincisi heyvandarlığın yem bazası və üçüncü heyvandarlıq məhsullarının istehsalında müasir texnologiyaların tətbiqindən asılıdır.
Heyvandarlıqda idarəetmə sisteminin mövcud strukturunun yeniləşdirilməsi məqsədilə muxtar respublikamızda damazlıq işinin yenidən qurulmasına böyük ehtiyac vardır. Nəzərə alaq ki, böyük əhəmiyyətli olan bu tədbirin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsində fəaliyyətə başlayacaq Naxçıvan Muxtar Respublikası Süni Mayalama Mərkəzinin öhdəsinə də mühüm vəzifələr düşür.
Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişaf etdirilməsində məqsəd kənd təsərrüfatı heyvanlarının məhsuldarlığını artırmaq, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldar cins heyvanlar yetişdirmək, onların təkrar istehsalını və səmərəli dövriyyəsini təşkil etmək, yerli heyvan cinslərinin qorunub saxlanmasını təmin etmək və muxtar respublikada heyvandarlığın inkişafına nail olmaqdır.
Bu mənada Süni Mayalanma Mərkəzi Naxçıvanda yetişdirilən inək, camış, qoyun və keçi cinslərinin təkmilləşdirilməsi və yeni cinslərin yaradılması, damazlıq heyvanların sayının artırılması üçün kompleks təşkilati-təsərrüfat tədbirləri həyata keçirən mərkəzə çeviriləcəkdir. Damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılmasında və sürətlə törəyib artmasında ən mütərəqqi zoobaytar tədbirlərdən biri də süni mayalama üsuludur. Muxtar respublikada 15 ilə yaxın bir dövrdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılıb, süni mayalanma tədbirləri həyata keçirilib. Törədici toxumların və digər avadanlıqların idxal olunmasına baxmayaraq ötən dövrdə muxtar respublikamızda 83 min başa yaxın mal və camışlarda süni mayalanma aparılıb, 60 minə yaxın cins buzov alınıbdır. Artıq muxtar respublikada mal-qaranın cins tərkibində ciddi dəyişiklik vardır. Əgər bu gün xaricdən 3-4 min manat dəyərinə cins malın alıb gətirilməsi davam edərsə, bu respublikamızın dövlət büdcəsindən maliyyə vəsaitinin xaricə axınına zəmin yaradar. Bunun qarşını almaq yolu, yüksək bonitrə sinfinə məxsus və sınaqdan çıxarılmış törədicilərdən toxum alınması və onların əsasında Muxtar Respublika Süni Mayalama Mərkəzinin köməyi ilə süni mayalanma işinin aparılmasına üstünlük verilməsi nəzərdə tutulur.
Hazırda dünyanın aparıcı dövlətləri süni mayalanma yolu ilə yanaşı embrionun köçürülməsi (transplantasiya) ilə məşğul olmaqla ən yüksək məhsuldar fərd və heyvan qrupların yaradılmasına nail olublar. Suni mayalama üsulu heyvanların cins tərkibinin təkmilləşdirilməsi və məhsuldarlığın artırılmasında ən qısa və səmrəli yol hesab olunur.
Naxçıvan Muxtar Respublikasında maldarlıqda süni mayalama xaricdən gətirilmiş dondurulmuş toxum əsasında aparılıb. Bir çox hallarda təsərrüfatlarda yüksək bonitrə sinfinə məxsus olan törədici hər yerdə balasının keyfiyyət göstəricisinə görə üstünlük təşkil edə bilmir. Çünki nəslin keyfiyyətinə görə qiymətləndirmədə törədiciyə mühit amillərin təsiri böyükdür.
Dünya maldarlığında yüksək məhsuldar naxırların yaradılması üçün ilk öncə seçilmiş yüksək siniflərə məxsus naxırlar əsasında iş aparılır. Düzgün elmi əsaslara söykənərək seçmə və taylaşdırma işinin aparılması naxırlarda damazlıq özəklərin yaradılmasına nail olunması deməkdir. Naxırın qruplar üzrə tələbata uyğun və cinsin standart tələblərini 6 aylıq dövrdən başlayaraq seçilməsi müsbət səmərə verir.
Fəaliyyətə başlayacaq Naxçıvan Muxtar Respublika Süni Mayalama Mərkəzinin əsas vəzifəsi ancaq təsərrüfatlara dondurulmuş toxumların göndərilməsi deyil, xüsusən mərkəzə yüksək bonitrə sinifinə məxsus törədicilərin gətirilməsi və respublika ərazisində sınaqdan çıxarılmış törədicilərin toxumunun dondurulması və istifadə olunması işinə xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublika Süni Mayalama Mərkəzində yüksək bonitrə sinfinə məxsus törədicilərin özü və ya toxumlarının cəmlənməsinin böyük əhəmiyyəti vardır. Muxtar respublikanın bütün rayonlarında eyni cinsin toxumundan istifadə olunması heçdə yaxşı nəticə verməz. Ona görə də Süni Mayalam Mərkəzinin seleksiyacı-zootexnikləri ilə məsləhətləşmələr aparıldıqdan sonra təsərrüfatın istiqamətinə uyğun hansı cinsin toxumundan istifadə olunması qərarı verilməlidir. Bir çox hallarda şəxsi və fermer təsərrüfatlarda heç bir seleksiyaçı mütəxəsislər ilə məsləhətləşmədən gətirilmiş cinslərə yerli törədici buğaların və ya südlük istiqamətli olan təsərrüfatlara simmental (ətli-südlük) və ya aberdin-anqus (ətlik) cinsli törədici buğalardan istifadə edilməsinə ütünlük verirlər. Bu da nəticə etibari ilə həmin təsərrüfatda süd istehsalının azalmasına gətirib çıxarır.
Süni mayalanma zamanı yeni cinslərin yaradılması və mələzləşdirmə işləri qısa müddətdə başa çatdırılır.
Yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlərin sırasında süni mayalanmanın tətbiqi əsas yer tutur. Təbii cütləşmə üsullarında təsərrüfatda yoluxucu vaginit, trixomonoz, vibroz kimi xəstəliklər təsərrüfata ziyan vurur. Lakin süni mayalanmada isə ancaq sağlam törədicilərdən toxum alınır.
Süni mayalanma üsulunda qısırlığın aradan qaldırılmasına və balalama faizinin artmasına nail olunur. Süni mayalanmada əsasən yüksək keyfiyyət sinifinə məxsus törədicilərdən alınmış toxumdan istifadə olunur.
Naxçıvan Muxtar Respublika Süni Mayalama Mərkəzində törədicilərə qulluq və onlardan toxum alınması, alınmış toxumun keyfiyyətinin yoxlanması və dondurulması texnoloji ardıcıllıqla və ən müasir avadanlıqlar ilə yerinə yetririlir. Törədicilərdən yüksək toxum alınması üçün ilk öncə onlar tam balanslaşdırılmış yemlər ilə təmin edilir, hər il törədicilərilərdə somotoskopik, somatometrik üsullar ilə qiymətləndirmə aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Süni Mayalanma Mərkəzində görülən işlərlə tanış olan zaman deyibdir: “Heyvandarlığın inkişafında ixtisaslı kadr hazırlığı və elmi yanaşma mühüm şərtdir. Süni Mayalanma Mərkəzi muxtar respublikada heyvandarlığın və maldarlığın inkişafına, bu sahədə mütəxəssislərin yetişməsinə böyük təkan verəcəkdir”.
Muxtar respublikada heyvandarlıq sahəsində ali və orta ixtisaslı kadrların hazırlanması Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecində həyata keçirilir. Bu kadrların əsas vəzifələrindən biri də muxtar respublikanın rayon və kəndlərində heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən Dövət Proqramları, damazlıq heyvandarlıq, sünü mayalanma texnikası və damazlıq uçotun aparılması ilə bağlı şəxsi və fermer təsərrüfatlarında maarifləndirici tədbirlərin aparılmasıdır.
Suni Mayalama Mərkəzi həm elmi-tədqiqat və həm də tədris-təlim mərkəzi rolunu oynayacaqdır. Burda aparılan tədqiqat işlərinin əsas məqsədi, yüksək məhsuldar və yerli şəraitə davamlı heyvan cinslərinin və cins daxili tip və xəttlərin yaradılması və sayının artırılması, müxtəlif məhsuldarlıqlı törədicilərdən alınmış balaların böyümə və inkişaf dinamikasını öyrənməkdir. Bununla da muxtar respublikanın bölgələri üçün hansı törədici və hansı cinsdən alınmış balaların keyfiyyət göstəricilərin üstün olması müəyyənləşəcək.
Süni Mayalma Mərkəzinin bazasında yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə tələbə və fermelerə damazlıq işinin nəzəri və praktik əsasları, damazlıq heyvanların yetişdirlməsində görülən mövsümi işlərin əyani nümayişi, damazlıq işinin təşkilinə aid metodiki vəsait, informasiya vərəqi və bülletenlərin mütəmadi olaraq təsərrüfat sahiblərinə çatırılması təşkil olunacaqdır.
Naxçıvanda ənənə halını almış və təsərrüfatın bütün sahələrində olduğu kimi, damazlıq heyvanların sərgisinin keçirilməsi fermerlərin damazlıq heyvandarlıqda əldə etdikləri naliyyətləri nümayiş etdirməyə imkan yaradacaqdır. Bununla da heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi sürətlənəcək ki, bu da süd və ət istehsalının bir neçə dəfə artmasına imkan verəcəkdir.
Əli Tahirov,
Naxçıvan Dövlət Universitetinin
“Baytarlıq təbabəti” kafedrasının baş müəllimi,
biologiya üzrə fəlsəfə doktoru