Yurd yeri – Boyəhməd

A- A A+

Təmiz dağ havası, buz bulaqları, hündür dağ zirvələri ,zəngin fuana və florası, eləcə də yüksək qonaqpərvərliyi ilə hər zaman seçilən Culfa rayonunun   ucqar dağ kəndi-Boyəhməd  ilin bu vədəsində    təbiət vurğunlarının, qonaqların ən çox üz tutduqları  yaşayış məntəqələrimizdən biridir. Yaşıl örpəkli yamacları, zirvələrində tala- tala qar olan dağları, baldırqanlı  dərələri bura gələnləri ovsunlayır.  Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının  da bu kəndin  olduğu ərazidə  yerləşməsi  təbiəti mühafizə ilə yanaşı, ekoturizmin inkişafına da əlverişli şərait yaradır.

Mən  də  bu dağ kəndinə bir günlük də olsa həm  istirahət etmək, həm də dağlarında , dərələrində bitən nemətlərdən  yığmaq üçün  getdim.Yol uzaq  olsa da  bir- birindən gözəl təbiət mənzərələri, xüsusilə abad    kəndlər  və   rahat yolları  bunu  heç hiss etdirmədi.  Bir də gördüm  ki,ünvana  çatmışam. Mənimlə həmfikir olub ,bura üz tutanların sayı isə yüzlərlə idi...

Uca dağların seyrinə daldım, təmiz dağ havasından ciyərdolusu uddum, kilometrlərlə uzaqlardan  dağların sinəsini yarıb axan çayın bumbuz suyundan içdim və  çay kənarlarında baldırğan yığanlara mən də qoşuldum. Bu yerlərin hər bir bucağın əlinin içi kimi bilən 70 yaşlı, nurani üzlü Ədalət Həsənovu da elə bu zaman tanıdım. Saatlarla danışsa da  söhbətindən  doymaq olmurdu.Yaşadığı kənd  haqqında elə vurğunluqla söhbət açır ki, bu an  düşünürsən , ilahi, insan öz yurduna, elinə, obasına  bu  qədərmi  bağlı olar!

 Kənd ağsaqqalı deyir ki, Culfa rayonunun gözəl təbiətə malik ərazilərində qədim zamanlardan salınmış kəndlərdən biri də   Boyəhməd kəndidir. Biz dəniz səviyyəsindən 2500 m yüksəklikdə, rayon mərkəzindən 64 km aralıda, səfalı yaylaqlar qoynunda yaşayırıq. Əfsanəyə görə kəndimiz  çullu ləqəbi ilə tanınan Fətəli adlı bir şəxsin dörd qardaşı ilə   birgə yaşadığı   yurd  yeri olub. Burada hamımız bir – birimizə  qohumuq. Əvvəllər kənd Bəyəhməd adlanıb, bu da Əhməd adlı sayılıb-seçilən bir kənd sakininin adı ilə bağlıdır. Son dövrlər isə “bəy” sözü “boy” sözü ilə əvəz olunaraq Boyəhməd adlandırılıb.

Dağlar qoynunda yerləşən, hər fəsildə  gözəl mənzərəsi olan Boyəhmədin  insanları doğma yurda,elə - obaya, boya-başa çatdığı torpağa bağlıdırlar. Ədalət Həsənov deyir ki, ata-babalarımız burada yaşayıb , burada ömürlərini başa vurublar. Daşa torpağa isinişən adamlar çətin ki, oranı tərk edələr. Boyəhmədin Xan yurdunu dünyanın ən gözəl guşəsinə dəyişmərəm. Qışı qarlı-çovğunlu, yazı, yayı güllü- gülüstan, səsli küylü , payızı bol meyvəli yurd yerimiz var….

Ucqar dağ kəndində yaşasaq da qazımız daim  yanır, işıqlarımız sönmür, dağların diş göynədən bulaq sularından hamının həyətinə içməli su xətti çəkilib, yolumuz asfalt, bir sözlə,  insanların rahat yaşayışını təmin edən bütün vasitələr  var.  Bir vaxtlar suyumuz olmadığına görə  həyətlərdə bir ağac  da yox idi. Kənd  sanki obanı xatırladırdı. İndi isə yaşıllığa qərq olan kəndimizdə evlər uca ağacların əhatəsində görünmür. Kənddən köçən yox əksinə, gələn var.

Boyəhmədin təbiəti çox zəngindir. Adi bir bulağının zümzüməsi , formalı daşlar ,qayalar, dağlar ,flora  və faunası insana ayaq saxladır.  Bilirsiz bunun nə qədər  arzusunu çəkən var?… ancaq biz xoşbəxtik ki,  bu gözəlliyin qoyununda yaşayırıq, təbii nemətləri ilə qidalanırıq”. 

Vaxtilə  Qarlı dərə, Xan yurdu, Kırnalı,Xəşələ,Soyuqbulaq, Qanlızəmi ,İskəndərəkən yurdlarına  da insanları çəkib aparan  o bulaqlar ,füsunkar təbiət gözəllikləri olub ki, hər halda bu yerlərdə oba salıb, səfalı yaylaq yerlərində yaşayıblar. Boyəhmədin  dəniz səviyyəsindən 2721 m hündürlükdə yerləşən Göydağında “Qarlı dərə” adlanan yerdə, elə vaxt olur ki, qar növbəti ilə də qalır.  Yayın istisində kimin könlünə qar düşsə, gəlib buradan apara bilər. Bu  dağların zirvlərində görünüən ağ  çığırlar isə   Ordubad rayonunun kəndlərinə gedir. Axı, tarixən həm o kəndlərin, həm də Boyəhmədin sakinləri həmin yollardan istifadə ediblər.

Yaz-yay aylarında   Boyəhmədin   qonaq-qarası çox olur. Dağ kəndinin insanları isə daha qonaqpərvər, mehribandır.  Evdə yaxşı nə varsa qonaq üçün hazırlanar. Bir-biri ilə mehriban  bir ailə kimi dolanan boyəhmədlilərin  xeyri də   birdir ,şəri də  ...Kəndin əsl gözəlliyi də  elə bu mehribançılıqdır. Mehriban insanların bərəkətli də torpaqları olar. Bu səbəbdən Boyəhmədin balı , göbələyi , sobusu , baldırğanı  adla deyilir.

Çay  kənarlarında boy verən , ətri ilə xəstə insanlara da şəfa olan  baldırğanları  yığıb   bir xeyli yorulduqdan sonra  başımı qaldırıb  kəndin  hüsnünə baxıram və düşünürəm: Göz açıb həyatla tanış olduğun yurda, torpağa olan bağlılıq, sevgi, bəlkə də, insanın fitrətində var. Fərqli duyğu, fərqli bir sevgidir yurd sevgisi, el-oba məhəbbəti. İnsan oğlu yaranandan bu duyğu da onunla gəzir, onunla dolaşır,  hara getsən , harda olsan qəlbindəki   yurd sevgisi  həmişə var  və nə vaxtsa səni çəkib gətirir .

Biz seçmirik, kimin harada doğulub, harada həyata göz yumacağı hər kəsin  öz əlində deyil. Ona görə də doğulduğun yurdu sevmək, ona bağlanmaq, tərəqqisi üçün çalışmaq bir növ Allahın təqdirini təqdirlə qarşılamaq mahiyyətindədir.  Onların da qismətinə  ucqar dağ kəndində  yaşamaq düşüb. Çətinlikləri  da çox olub, zaman olub  gözdən könüldən uzaq yaşayıblar .Amma el- oba , yurd sevgisi bu çətinliklərin öhdəsindən  gəlməyə  səbəb olub.  İndi,  Boyəhmədin sakinləri  müasirliyə qovuşan   kəndlərində gündəlik  qayğılarını yaşayırlar. Arıçı arı ailələrinin yaz qayğılarını çəkir, kimi həyətyanı sahəsindəki bostanda çalışır, kimi dağlara üz tutur   min cür naz-nemətini  yığmaq üçün...Nənələr , analar erkən yazdan  qışa hazırlıq görür- baldırğan , sobu , çaşır turşuları bağlayır, əvəlik, ələyəz , kəklikotu və daha neçə neçə  can dərmanı olan  nemətləri  günəşin zərrin şəfəqləri altında  qurudurlar. 

Beləcə havanın yavaş-yavaş qaralmağı ilə mənim üçün də yola düşmək məqamı gəlib çatır.  Xəfif yaz mehi üzümə dəyir və  dağların füsunkar mənzərələrini seyr edə-edə yoluma davam edirəm. Geridə isə Boyəhməd kəndinin mənə bağışladığı zəngin təəssüratlar, dağ havasının ətri və bir də çay kənarlarından yığdığım  baldırğanların əllərimə saldığı  izlər qalır. Nədənsə  bu  dağ kəndinə  hansı fəsildə yolum düşsə mənə  bir nağıl təsiri bağışlayır .

Axşam düşür, səhər açılır. Günlər , aylar ,fəsillər , illər bir birini əvəz edir. Sonra yenə... beləcə min illərdir  Boyəhməd kəndi də  özünün nağıl kimi ömrünü yaşayır.

                                                                 Türkanə Əmoyeva

                                                                         NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: