Baldırğanlı dərəyə yaz gəlib - Fizzə Bağırovanın hekayəsi

A- A A+

Eynəyini gözünə taxıb bəlkə də min yol baxdığı şəkillə yenidən danışmağa başladı. Dərənin ac əjdaha kimi çölə çıxmış dilinə bənzəyən  yola baxıb köks ötürdü. Sonra yola qənşər olan evlərə nəzər yetirdi. Kəndin əl-ətəyinə dolanan bu yolun axıb gəldiyi yerləri yaxşı tanıyırdı, kimdir sahibi, içində kimlər yaşayır... Əslində, bütün uşaqlığı da bu yolu izləməklə keçmişdi. Həyətlərindəki ağacda özünə “post” qurub, ağ yolu “nəzarətdə saxlayırdı”.

Gözü şəkildə kəndin üstündən axıb gedən buluda toxundu. Baxışı buludlara qoşulub uzaqlara axdı. O uzaqlar ki, ruhu hər gün dördnala çapırdı ora. Çapırdı, amma çatmırdı...

-Lənət şeytana, bu nə il idi belə, hələ bir də bu ili qarşılamaq üçün o boyda yolu da keçib gəldim, kimə lazım idi axı?

Bir az ilin urvatsızlığına, biraz da onun fikrini dəyişən oğul-uşağın qarasınca deyindi: “Qoymadılar öldüyüm yerdə öləm...”

Ölmək nəydi? Qəfil ağzından çıxan sözün vahiməsində özü də boğulurdu sanki. Nə ölüm? Canına bir üşütmə düşdü. Ağlına ağ yol gəldi. Onu kəndə aparacaq olan-hər gün həsrətlə, nəvazişlə sığal çəkdiyi ağ yol. Necə ki, gəlmişdi o yolla da qayıdacaqdı kəndə...

Lap elə kəndin girəcəyindəki, qəbiristanlıqdan yolun salıb, rəhmətliyin də könlün alacaqdı. Kənddən uzaq qaldığı bu günlərdə ən çox da illər əvvəl dünyadan köçmüş ömür-gün yoldaşı Göyərçin üçün darıxmışdı, daha doğrusu onunla dərdləşməkdən ötrü. Necə ki, qarşısındaymış kimi yanında oturub bütün olub keçənləri nöqtə vergülünə qədər danışırdı, kənddə baş verən hadisələrdən tutmuş, həyət-bacaya, toyuq-cücəyə qədər. Fikirləşirdi ki, haqqı var bilməyə...  Əməlli-başlı özünü hazırlamışdı. “Bu keçən üç-dörd ayda harada qalıbsan?"- deyirmiş kimi  məzar daşındakı şəkli eləcə baxacaqdı, o da başına gələnləri danışacaqdı . Ki bəs...

Yox, sağ-salamat qayıtmalıydı kəndə. Bir də bu ruhsuz, tanışsız  şəhərdə, soyuq insanların əhatəsində ölməyi heç özünə də yaraşdırmırdı.

Onun ölümü də elə özünün fikirləşdiyi kimi olacaqdı. Kənddə yenicə tikilən mərasim evində saxlanılacaqdı yası, mollasından, qəbir qazanına hamısını fikirləşmişdi...

Ağır adam idi Taleh kişi, yası da ağır keçməli idi. “Getdi, Bakıda öldü qayıtmadı” dedirtdirməyəcəkdi, yad adamların çiynində qəbir evinə getmək heç olacaq iş deyildi. “Gor qonşusu dediyi Murtuz yuyub kəfənləyəcəkdi. Vədələşmişdilər, babal salmışdılar hələ beş-altı il bundan qabaq, kim əvvəl getsə, yuyub kəfənləmək, torpağa tapşırmaq onun boynuna”,- deyə.      

Bunları düşündükcə hövsələsi təmiz qaralır, nəfəsi təngiyirdi. Göyərçinin yanında dəfn olunmamaq, vədinə xilaf çıxmaq  ürəyini sızladırdı. Yenə o ağ yola baxdı. Bu qərib şəhərdə ölmək ölümlərin ən urvatsızı kimi gəldi ona... Lənət şeytana...

Xatadan çölə-bayıra da çıxa bilmirdi, çıxıb bir adam üzü görə, bir kəlmə söhbət edə. Pəncərədən  göz yetirirdi binanın həyətinə. İri maşınlar səkiləri, yolları aşağı-yuxarı dezinfeksiya edirdi...

Bu nə iş idi düşdüm? Deyən yoxdur  ki, sənin Bakıda nə ölümün var?! Oturacaqdın öz evində, oğul-uşaq da məktəb bağlanan kimi yığışıb gələcəydilər kəndə. Bax elə bu olacaqdı əsl bayram.  Qismətə bax, ilin günün bu vədəsində Taleh Bakıda “dörd divarın arasında”. Kimə desən gülər. Gülməyib neyləsin?

Kənddə işin  qaynayan vaxtı beləcə bekar oturduğu üçün ən çox özünü qınadı, gərək ki, baş qoşmayaydım. Amma daldan atılan daşın boş şey olduğunu özü də yaxşı bilirdi.

Taleh kişi Bakıya Yeni ili qarşılamaq üçün getmişdi. Üst-üstə gələn  zənglərdən sonra onu inandırdılar ki, bəs 2020 çox qeyri adi bir rəqəmdi, neçə ildən, əsrdən sonra bir təkrarlanır. Məhz elə o gün öz adını daşıdığı nəvəsinin də ad günüdür. Belə bir gündə kənddə tək qalma, biz gələ bilmirik, barı sən gəl. Nəysə ki, oda elə hər iki günün önəminə qiymət verib getdi Bakıya. Getdi ancaq yeni il də qurtardı, ad günü də.  Di gəl ki, bu zəhrimara qalmış virus ucbatından geri qayıtmaq qismət olmadı. Gəlməsi azmış kimi yalvar-yapış saxladılar ki, bəs martda qayıdarsan, elə hamımız yığışıb martda kəndə qayıdıb, ölüləri ziyarət edib, bayram tonqalın bir yerdə yandırarıq.

Korona deyilən bu mərəz bütün dünyada elə bir tonqal qaladı ki. Ancaq  ən böyük tonqal indi Talehin ürəyində yanırdı...

Oğul-uşaq balaca uşaq kimi qarşılarına qoyub danladılar ki, bəs bu xəstəliyi ən çox elə yaşı 70-i ötən adamlar tutur. Getsən, Allah eləməsin, yoluxsan necə olacaq? Hələ bir gözlə görək başımıza nə iş gəlir ...

Həmən gündən Taleh kişinin bir gözü televizordan gələn xəbərə dikildi, biri də böyüdüb evin divarına asdığı kəndinin şəkilinə. Yuxularında getdi, gəzdi, dağ-dərə fırlandı, sözü-söhbəti kənd oldu. Arada binanın həyətində dolaşan məhəllə sakinlərinə, yaşıdlarına  kənddən danışdı-bulağından, suyundan, öz əli ilə əkib-becərdiyi bağından.

Eh, onlar nə bilər Baldırğanlının dadın, ləzzətin? Arada özünə simsar bildiklərinə kəndə aparmağa söz də verirdi. Elə düşünürdü ki, bu qələbəlik şəhərdə kimisə  öz kəndinə qonaq aparıb oraların gözəlliyini daddırsa  dünyanın ən böyük savabını qazanmış olacaq, amma apara bilsəydi. Danışdıqlarından, düşündüklərindən yarı ciddi, yarı zarafat  bu qənaətə gəldi ki, Korona deyilən bu zillət heç  kəndə gedib çıxa bilməz, diş göynədən o suların, ciyərlərinə qədər hiss etdiyi havanı alana Korona neyləyə bilər. Hələ dağların can dərmanı olan otların, təbii balın, xamasın, qaymağın demirəm.  Heç bu xəstəlik yel olub yanından keçə də bilməz. O baldırğanlı dərəni keçib kəndə çatmaq da  Koronanın işi deyil.

Bəzən bu dediklərinə  gülürdü, bəzən özü də inanırdı. Ancaq peşmançılıq da elə bu üzsüz xəstəlik kimi yaxasını buraxmırdı. Kaş ki, kənddə qalardı...

Kanalların xəbər buraxılışlarının hansı vaxt başlayıb hansı vaxt qurtaracağın elə həyətindəki ağacların sayı kimi əzbərləmişdi. Xəbər aparıcılarına verdikləri xəbərə görə “münasibət göstərirdi”. Hövsələsin daraldan  xəbər eşidəndə aparıcını danlayırdı, bəzən ürəyində, bəzən də səsli. Sonra da özünü tənbehləyirdi. “İndi gəlinlər, nəvələr düşünür ki, bu kişinin yəqin başı xarab olub”.

“Vallah mənəm ki, dözürəm, havalanmamaq heç əldə deyil...”

Ölkədə bu virusa, yoluxucu xəstəliyə qarşı mübarizə çoxdan başlamışdı. Ökəyə giriş-çıxış bağlanmış, yoluxmanın qarşısını almaq üçün Naxçıvan-Bakı reysləri dayandırılmışdı.      

Elə hər şeydə bundan sonra başladı. Az qalırdı oturub uşaq kimi ağlasın, arada  ağladığı da olurdu.

İndi kənddə olsaydı  məhəllədən üç-beş sözün eşidən cavan başına yığıb, kəndin başındakı dəhnəyə gedib arxın suyunu toplayacaqdı, arxa  ilk gələn sudan öz ağaclarına, tinglərinə verəcəkdi. Arı yeşiklərini bağın ən yaxşı gün görən tərəfinə düzəcək, bağ-bağatının çəpərlərinə addım-addım gəzib əl gəzdirəcək, tinglərini-yazda otlağa çıxan qoyun, quzudan qoruyacaqdı...

-“İndi ağaclar, tinglər deyir yəqin sahibimiz ölüb”-qəhər kişini boğdu.

-Niyə elə düşünürsən, ay ata? Dedim ki, biraz da səbr elə. Vallah hər gün maraqlanıram. İlk təyyarə reysi açılan kimi səni kəndə göndərəcəyik. Lap elə özüm də səninlə gedəcəm. Ancaq bir az da döz, bu ölüm sözünü də yığışdır, sən Allah. Gəl, bax sənə kəndi göstərim, - bunu Taleh kişinin oğlu dedi. Əlindəki kompüteri açıb  atasının qarşısına qoydu.

“Naxçıvan televiziyası o gün kənddən çox maraqlı bir veriliş hazırlamışdı... gözlə, bu saat açılacaq. Ahha, bax bu da kənd.”

Taleh kişi əvvəlcə elə düşündü ki, hər gün kəndlə bağlı qurduğu xəyalları, yuxularını kimsə ondan gizli  “oğurlayıb” yığıb bu qara qutunun içinə. Monitorda görünən kənd görüntülərinə elə acgözlüklə baxdı ki, elə bil ya ilk dəfə idi görürdü o yerləri, ya da  bir də görmək qismət olmayacaqdı. Tanıdığı simaları gördükcə gözünün içi gülürdü. Kənd qadınları təndir salıb çörək bişirirdi. Taleh kişi sanki özü də hiss etmədən  başını monitora yaxınlaşdırdı. Kaş o təndir lavaşından bir tikə alıb, ətrini duya bilərdi və elə düşündü ki, duydu da.  

“Məhəmməd dağın yanına getməsə, dağ Məhəmmədin yanına gələr”

Arada yanında oturan nəvəsinə verilişi “saxlatdırıb” kənd sakinlərinin dediklərini şərh elədi. Neçə dəfə   kəndə çəkiliş gələndə onun da bağına yol salmışdılar, o da eləcə  olub keçənlərdən danışmışdı. Amma indi “şüşənin” arxasından baxırdı kəndə, nə əli yetə bilirdi, nə ünü. Monitordakı hər tanış simanı görəndə əlini dizinə vururdu.

 “Bu ki bizim Həsəndi,Telli bacı, bu da Sarı Əsgər”.

Onların yerində olmaq üçün nələr verməzdi. Danışırdılar... kəndin tarixindən, mətbəxindən, keçdiyi ağır günlərdən, bu günlərindən. Taleh kişi çıxış edənləri öz aləmində redaktə elədi-kim harada nəyi düz demədi, kim əskik dedi, kim doğru...

...veriliş qurtardı, yarım saatlıq yuxu da sona çatdı. Hiss elədi ki, indi daha çox darıxdı. Gözünü yumub baxdıqları kadrları yenidən “izlədi” yaddaşının aynasından. Kompüterin monitorunda gördüklərinə qoşulub yer bellədi, arx çəkdi,  uçub sökülən divarlara bir daş da o qoydu. Bu saat elə darıxırdı ki, lap elə şair olub şeir də yaza bilərdi. Sevdiyi   bir  şeirin bir misrasını xatırladı:

Qoyub gəldim gözü yaşlı,

Dağlar çətin qala mənsiz...

Ancaq nə illah elədisə ikinci misra “haraya” gəlmədi.

Gözlərini yumdu. Baldırğanlıda idi, bağında.  Ona yaxınlaşıb sual verən jurnalistə kənddən ağız dolusu danışırdı:

- Bir neçə il olardı kənddə  söhbət yayıldı kı, Baldırğanlının görkəmini dəyişirlər-sosial obyektlər tikiləcək, kənd yolu yenidən qurulacaq, məktəb binası, kənd mərkəzi əsaslı təmir olunacaq. Açığı əvvəlcə inanmadım, bir mən yox e, elə hamı.  Baldırğanlının yolun düzəltmək, asfalt salmaq hər oğulun işi deyildi. O vaxt heç “sovetin asıb-kəsən vaxtlarında” kəndə yiyə duran olmamışdı. Nə gəlib bir dərdini soruşan oldu, nə də qayğısını dinləyən. Məktəb binası da, kənd kitabxanası da az qalırdı mənlə yaşıd ola. Vallah heç kənd camaatı yatsaydı yuxuda da görməzdi ki, kəndin girəcəyindəki o daş körpü bərpa oluna, hələ bir yeni yol da  salına. Hələ kənddəki su dəyirmanın demirəm, əmməli başlı əlimizdən tutur. Sən demə, uzun illər uçuq-sökük bina dediyimiz o tikili var ee, bax o tarixi abidəymiş. Kəndə gələn alimlər elə dedilər, sonra da əməli-başlı  bərpa elədilər. Bu kənd ki var, bax, buranı Allah-təala bineyi-qədimdən gözəl yaradıb. Yaradıb, ancaq gərək insan da o gözəlliyi qoruya...

Xəyalındakı müsahibə uzanırdı, gah çətin keçən uşaqlığından danışırdı, gah da gələcək arzularından. Beləcə illərin  çəpərləri arasında xatirə ovuna çıxdı... Xəyalı qaranquş kimi eləcə uçdu kəndin üstündən o üzə, bu üzə. “Torpaq bizə həm, beşikdir, həm qəbir”, anasının  hələ körpə olarkən dediyi o fikirləri yaddaşından baş qaldırdı. İndi o sanki beşiyini də, qəbrini də kürəyinə qaldırıb özüylə gətirmişdi şəhərə, o ağırlığın altında əzilirdi, ya da kürəyi, vücudunun, ruhunun hər damlası o beşik, o qəbir torpağa toxunmaq üçün sızıldayırdı...

İnsanların taleyi birazda üstündə var olduqları torpağın taleyinə oxşamırmı? O zamanki müharibə başlamışdı tanrının insandan üz çevirdiyi kimi, insan da torpaqdan soyumuşdu. Quru əkinsiz, biçinsiz ata yurdu  insan kimi sozalırdı. Onda anlamışdı Taleh kişi: Tanrının duanı sevdiyi kimi torpaqda sığalı, tumarı sevir. Nicat yaradana əl açdığın kimi, torpağa əl açmaqdadır. Torpaq asiliyi sevməz, o  gülərsə üstündə daşıdığı insanında üzünü güldürər. Baldırğanlının üzü güləndə Taleh kişi də yaşamadığı uşaqlığının, cavanlığının “qisasını” aldı torpaqdan. Bax elə indi, şəhərdə tanımadığı tanışlara həvəslə danışıdığı bağını da elə o zaman salmışdı...

Baldırğanlının o “əlsiz-ayaqsız” günlərini, çətin anları geridə qalmışdı, elə öz ömrünün çətin məqamları kimi...Eşitdiyi, görüb tanıdığı hamını xəyalən xatırladı, gülməli zarafatlara  ürəkdən qəh-qəh çəkib güldü, başını buladı... Gözü yenə qənşərindəki divara asılan şəkilə baxdı - o ağ yola. Elə düşündü ki, ağ yolun ətrafındakı çəmənlər, otlaqlar daha da gözəlləşib. Öz-özünə pıçıldadı:

“Olacaq da, Baldırğanlı dərəyə yaz gəlib”.

Hekayə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: