“Gəmiqaya qayaüstü rəsmləri” kitabı nəşr olunub

A- A A+

Muxtar respublika ərazisindəki çoxsaylı abidələr tarixi keçmişi qorunmaqla bərpa olunur və aparılan tədqiqatlar nəticəsində abidələr haqqında xarici dillərdə monoqrafiyalar nəşr olunur. Bütün bunlar ilk insan məskənlərindən olan qədim Naxçıvanın zəngin tarixinin dünyaya tanıdılmasında və gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun layihə rəhbərliyi ilə yeni nəşr olunan “Gəmiqaya qayaüstü rəsmləri” fundamental kitab da bu baxımdan dəyərli elmi tədqiqat həllidir.

İyunun 9-da “Gəmiqaya” Tarix-Bədii Qoruğunun Muzeyində təqdimat mərasimi keçirilən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, müəllifi “Gəmiqaya” ekspedisiya qrupunun rəhbəri, sənətşünas Nizami Alıyev, fotolar və qrafik cızmaların müəllifləri Nizami Alıyev və Arzu Novruzov, dizayner Ziya Məmmədov, mətnlərin tərcüməçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı, Aidə Cəlilzadə, Bayram Əliyev və Fatimə İsmayıllıdır.

Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən nəşrin ilk səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il tarixli Sərəncamı yer alıb. Qeyd edək ki, sərəncamın icrası əsasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademiyanın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin elmi heyətlərinin iştirakı ilə Gəmiqaya abidəsinə ekspedisiyalar təşkil edilib, buradakı minillik təsvirlərin sistemli şəkildə tədqiqi aparılıb.

Gəmiqaya haqqında bir çox kitab və məqalə yazılmasına baxmayaraq, bu rəsmlər indiyədək toplu halında nəşr edilməmişdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Gəmiqayadakı qayaüstü rəsmlərin mühafizə vəziyyətini gücləndirmək və rəsmlərin qeydiyyatını dəqiqləşdirmək məqsədilə 2016-cı ilin avqust ayında “Gəmiqaya ekspedisiyası” yaradılıb. Ekspedisiyanın  “Gəmiqaya” Tarix-Bədii Qoruğunda və ona bitişik ərazilərdəki daşüstü təsvirləri ilə bağlı apardığı tədqiqat nəticəsində, ümumilikdə, 136 hektar ərazidə 2040 daş üzərində 7477 təsvir müəyyənləşdirilərək qeydiyyata alınıb. Gəmiqaya abidələrinin elmi təsvirindən və fotoşəkillərdən ibarət fundamental nəşr – albom-kataloq hazırlanıb.

İlk dəfə olaraq Gəmiqaya təsvirlərinin yerləşdikləri ərazilərin sahəsinin tam dəqiqliklə hesablanması, kitaba daxil olan təsvirlərin fotoşəkillərinin qeydə alındığı ərazilərin ardıcıllığı üzrə verilməsi, hər bir fotonun altında daşın materialının, ölçüsünün qısa təsvir olunması yeni nəşrin əsas üstünlükləri kimi qiymətləndirilir. Şərhlər də kitabın digər materialları kimi üç dildə  verilib.

“Gəmiqaya qayaüstü rəsmləri” fundamental vəsaiti Azərbaycan xalqının qədim tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə birlikdə hazırladığı, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr edilən yeni kitab Naxçıvanşünaslığa və milli tariximizə ən böyük töhfədir. Kitab Gəmiqaya təsvirlərinin tədqiqi tarixində xüsusi və mükəmməl mərhələ təşkil etməklə Azərbaycan sərhədləri çərçivəsindən çıxaraq dünya miqyasında geniş oxucu kütləsinin və elmi ictimaiyyətin diqqətini cəlb edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: