Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələri ilə onlayn seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, seminarda nikah hüququnun qanunvericiliklə tənzimlənməsi qaydaları və nikahın qeydə alınması proseduru haqqında tələbələrə geniş məlumat verilib.
Bildirilib ki, onlayn seminarların məqsədi tələbələrin ədliyyə sistemi sahəsində bilik və bacarıqlarının artırılması, bu sahədə praktiki biliklərə yiyələnmələrinə köməklik göstərilməsindən ibarətdir.
Qanunvericiliyə əsasən hər kəsin qanunla nəzərdə tutulan yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə və ərə verilə bilməz. Nikah ailə və dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidirlər.
Tələbələrə qeydiyyat şöbələrində nikahın qeydə alınma proseduru ətraflı izah edilib.
Onlayn seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.