Naxçıvanın Eneolit dövrü abidələrindən bəhs edən monoqrafiyanın onlayn təqdimatı keçirildi - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit dövrü abidələri” adlı monoqrafiyasının onlayn təqdimatı keçirilib.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası ərazisində 2010-2019-cu illərdə qeydə alınmış 20-dən çox Eneolit dövrü abidəsinin arxeoloji materialları əsasında hazırlanan nəşrin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, müəllif bu monoqrafiyada Naxçıvançay vadisində yerləşən yeni abidələrlə yanaşı, Arpaçay vadisində daha əvvəldən məlum olan 5 abidənin materiallarını da tədqiqata cəlb edib.
Akademik bildirib ki, kitabda Naxçıvanın Eneolit mədəniyyətinin 5 mərhələ üzrə dövrləşdirilməsi aparılıb və Cənubi Qafqaz regionundakı yeri müəyyənləşdirilib. Nəşrdə arxeoloji tədqiqat işi zamanı qeydə alınan çoxsaylı abidələrin böyük bir qismini təşkil edən Eneolit dövrünün maddi-mədəniyyət nümunələri kompleks və sistemli şəkildə xronoloji ardıcıllıqla təhlil edilib.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvanın Eneolit dövrü abidələri monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzəsi dinlənilib.
Təqdimat mərasimində çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli nəşri Azərbaycan tarixşünaslığı üçün dəyərli mənbə kimi qiymətləndirib, kitabla bağlı fikirlərini bölüşüblər.