Düşməni sonadək məhv etmək lazımdır

A- A A+

Onsuz da hələ pandemiya başlayanda  mütəxəssislər ikinci dalğanın qaçılmaz  olacağını deyirdilər. Bu o vaxt idi ki, dövlət səviyyəsində aparılan profilaktik tədbirlər nəticəsində koronavirus adlandırılan dəhşətli xəstəlik ölkəmizdə o qədər də faciəvi görünmürdü. “İkinci dalğa” terminin anlamında çoxumuz elə fikirləşirdik ki, yəqin ki, bu virus yenidən mutasiya edəcək və ya digər fəsadlarla tam gücü ilə ortaya çıxacaq,yoluxmanın coğrafiyası genişlənəcək. Əslində isə “ikinci dalğa” deyilən məhfum virusun mutasiyası deyil, insanların davranışına bağlı olan vəziyyətdir. Başqa sözlə desək, əldə olunan uğurdan yaranan arxayınçılıq və   məsuliyyətsizliyin fəsadıdır.

Pandemiyanın  elan olunduğu ilk vaxtlar tətbiq edilən karantin rejiminə və sosial izolyasiya şərtlərinə  vətəndaşlarımızın ciddi şəkildə riayət etməsi nəticəsində xəstəliyin inkişafı statistikası onların xeyrinə oldu. Bu vaxta qədər olan statistik göstəricilər vəziyyətin dünya ölkələri ilə müqayisədə Azərbaycanda faciəvi dərəcədə  təhlükəli və qorxulu olmadığını deyirdi.  Hətta Ümumdünya Səhiyyə Təşkilatı  pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsini dünya ölkələrinə nümunə də göstərdi.

Amma karantin rejimi yumşaldılandan sonra  “arxayınçılıq” deyilən bir məfhum  hamımıza “ikinci dalağa”nı hiss etdirdi. Az bir zamanda bu xəstəliyə yoluxanların və dünyasını dəyişənlərin sayı kəskin şəkildə çoxaldı. Çünki bu günə qədər dəhşətli xəstəliyi az, minimum  itkilərlə yaşayan  insanlar elə düşündülər ki, virus onlardan “qorxur” və ya artıq hamıda ona qarşı immunitet yaranıb. Hətta, “belə bir virus yoxdur ”-deyib ətrafda maska ilə gəzənləri qorxaqlıqda ittiham edənlər də tapılır.  Halbuki, bütün bu uğurlar virusla mübarizənin kompleks şəkildə düzgün aparılması ilə yanaşı, qorunmaq üçün tələb olunan qaydalara riayət etməyimizlə əldə olunmuşdu. Hamılıqla əməl olunan gigiyenik qaydalar, düzgün qidalanma və ən əsası evdə qalmaqla qələbəyə yaxınlaşmışdıq. Bir sözlə, virusun bizə xatırlatdığı  bəzi tələbləri yerinə yetirməklə onu məğlub edə bilərdik. Hətta buna qismən nail də olunmuşdu.

Ölkə Prezidenti cənab İlham Əiyevin də  dediyi kimi “Biz birlikdə güclüyük!” Bu gücü isə dünyanın qarşısında aciz qaldığı koronovirusla mübarizədə bir daha hiss etdik. Amma bu günə qədər aparıdığımız mübarizədən tam qalib kimi ayrılmağa hamı maraqlı olmalıdır. Yaxşı yadımdadır, uşaq ikən çöldə qarşımıza çıxan ilanı daşla vurub yaralamışdıq. Yazığımız gəldiyi üçün onu öldürmədik. Yerdə keyimiş halda qalan ilan qəfildən  tərpənib bizə tərəf hücum etdi. Bu vaxt yanımıza  gələn qoca çoban onu əlindəki ağacla öldürdü.  Özü İkinci Dünya Müharibəsinin veteranı olan çoban bizə bir şeyi xatırlatdı: -Uşaqlar, düşməni heç vaxt yaralı buraxamayın. Qələbə çalmaq üçün onu mütləq öldürmək lazımdır! Bu ifadəni o vaxt alman faşizmi kimi dünyanı titrədən  bir təhlükəyə qalib gələn keçmiş əsgər deyirdi. Bəlkə də kobud misaldır, amma bu gün də bizə düşmən kəsilən koronovirusu məhv etmək üçün onunla sona qədər mübarizə aparmaq lazımdır. Sosial məsafələri gözləmək, gigiyenik qayadalara riayət etmək və təkcə özümüzün deyil ətrafdakıların da təhlükəsizliyini təmin etməklə, tələb edilən qaydalara düzgün yanaşmaqla  bu qələbəni axıra qədər zəfərlə bitirə bilərik. Axı biz hələ də  qələbə təşnəsiyik !!!       

                                                                          Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: