AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində çalışan əməkdaşların 2019-cu ilin iş planına uyğun olaraq elmi fəaliyyətlərinin işıqlandırıldığı biblioqrafik göstərici nəşr olunub.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN informasiya Agentliyinə verilən məlumata görə, bölmənin sədri, akademik İsmayıl Hacıyevin təşəbbüsü və layihə rəhbərliyi ilə 2017-ci ildən etibarən işıq üzü görən vəsaitdə əməkdaşların Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında və xarici ölkələrdə çap olunmuş monoqrafiyaları, kitabları, jurnallarda, toplularda, dövrü mətbuatlarda dərc edilmiş elmi məqalələri, o cümlədən internet resursları əksini tapıb.
Qeyd edək ki, 2019-cu ildə bölmə əməkdaşlarının elmi nəticələrinə əsasən, 18 monoqrafiya, 10 kitab, bir kitabça, 3 metodik vəsait, 774 elmi məqalə, 7 tezis olmaqla, 813 elmi əsər işıq üzü görüb. Elmi məqalələrin 93- ü xaricdə olmaqda 445-i beynəlxalq nüfuzlu elmi jurnallarda çapdan çıxıb.
Biblioqrafik göstəricidə, eyni zamanda bölmə əməkdaşlarının 2016-2019-cu illərdə ölkədə və xaricdə işıq üzü görmüş monoqrafiya, kitab və məqalələrinin statistik məlumatları da cədvəl vasitəsilə oxucuların ixtiyarına verilib.