145-in KADRARXASI- Elçin Məmmədov - FOTOLAR
Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir. Bu münasibətlə NUHÇIXAN İnformasiya Agentliyi “KADRARXASI” rubrikasını öz izləyicilərinə təqdim edir. Bu rubrikada əsasən həyatını milli mətbuat və teleradionun inkişafına həsr etmiş, lakin çoxlarımızın yaxından tanımadığı, öz işlərini daha çox kadr arxasında görən media fədailəri gündəmə gətirilir.
“KADRARXASI”nın bu dəfəki qonağı ömrünün 26 ilini Naxçıvan televiziyasının inkişafına, texniki imkanlarının artırılmasına və idarə olunmasına həsr edən Elçin Məmmədovdur.
Qısa təqdimat:
- Məmmədov Elçin Nadir oğlu
- 1974-cü il noyabrın 26-da Naxçıvan şəhərində anadan olub
- 1991-ci ildə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbini, 1994-cü ildə Bakı Rabitə Kollecini bitirib
- 1994-cü ildən Naxçıvan televiziyasında texnik, montajçı, daha sonra kompüter operatoru kimi fəaliyyət göstərib. Hazırda Kompüter şöbəsinin müdiri vəzifəsində çalışır
- 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb
-Elçin müəllim, əvvəlcə bilmək istərdik ki, televiziya ilə yollarınız necə kəsişdi? Bu sizin arzunuz olub, yoxsa..?
- Ümumiyyətlə, hər kəs uşaq olarkən ona tez-tez verilən suallardan biri “böyüyəndə kim olacaqsan” sualıdır. Təbii ki, mənə də bu sual çox ünvanlanıb. Mənsə hər zaman digər uşaqlardan fərqli olaraq polis, həkim, hərbiçi və ya futbolçu kimi cavablar yerinə yaxşı maşınist, texnik olacağımı demişəm. Buna səbəb uşaq yaşlarımdan texnikaya, qurğulara, elektron avadanlıqlara böyük marağımın olması idi. Yaxşı xatırlayıram... Məktəbli olarkən hər kəs küçədə müxtəlif oyunlar oynayardı, mən isə sıradan çıxmış və ya işləkliyini itirmiş qurğuları toplayıb üzərlərində çalışardım. Yenidən işlək vəziyyətə gətirmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxardım. Bununla bərabər dərslərimi də axsatmazdım...
Tale elə gətirdi ki, 1991-ci ildə məktəbi bitirdikdən sonra Bakı Rabitə Kollecinin Radio-televiziya fakültəsinə qəbul olundum. 1994-cü ildə isə həmin Kolleci başa vuraraq təyinatla Naxçıvan televiziyasında işlə təmin olundum. O zaman televiziyada texnik ştatı boş idi və bu sahədə təhsilli olduğum üçün mən elə məhz texnik kimi fəaliyyətə başladım.
- İlk iş təcrübə yeriniz, ilk əmək fəaliyyətiniz məhz televiziya oldu.. Necə idi o dövrün televiziya həyatı?
- İlk peşə təcrübəm televiziya olub və şükürlər olsun ki, hələ də bu sahədə çalışıram. Qeyd edim ki, texnik olaraq burada fəaliyyətim elə də uzun çəkməyib. İşə başladıqdan bir neçə ay sonra artıq montajçı olaraq fəaliyyət göstərirdim. O zaman efir saatı çox qısa idi. Cəmi 3 saat efir saatımız var idi. Gün ərzində heyətimizlə müxtəlif videoçarxlar, televernisajlar hazırlayırdıq. Yayım saatımız 17:00-dan 20:00-dək idi. Az vaxta çox iş sığışdırmağın çətinliyi çox idi. O dövrün video daşıyıcıları 20 dəqiqə tutumu olan “kasetlər” idi. Bəzən lenta qırılır və ya bu kimi çətiliklər yaranırdı. Lakin, bütün bunların öhdəsindən layiqincə gələ bilirdik deyə bilərəm...
-Elçin müəllim, uzun illərdir ki, Kompüter şöbəsinin müdiri vəzifəsində çalışırsınız. Doğma kanalın problemsiz və kəsintisiz yayımlanması birbaşa sizin şöbənin öhdəliyindədir. Dövr isə müasirlik, inkişaf, informasiya dövrüdür. Ayaqlaşa bilirsinizmi?
-İşlədiyim sahənin ciddiliyini nəzərə alaraq onu deyə bilərəm ki, öz üzərimdə daim çalışan biri olmuşam. Elə bir dövrdə yaşayırıq ki, hər gün yeni texnika və avadanlıqlar istehsal olunur, informasiya mənbələri genişlənir. Gərəkdir ki, bunlara ayaq uydurasan, öyrənəsən, mütaliə edəsən.
Sistemə nəzarət, yayımın kəsintisiz həyata keçirilməsi çətin və məsuliyyətlidir. Alınan hər avadlığın qeydinə qalmalı, işləkliyin təmin etməliyik. Bu bir həqiqətdir ki, bu gün dünyada, ölkəmizdə mövcud olan telekanallar həm də sahib olduqları maddi-texniki bazası ilə rəqabət halındadır. Hazırlanan televiziya materiallarının keyfiyyəti diqqətdə saxlanıldığı kimi, məhz yayımın necə həyata keçirilməsi, izləyiciyə qüsursuz çatdırılması da önəmlidir.
Qeyd edim ki, müxtəlif dövrlərdə - 2001 və 2010-cu illərdə müvafiq olaraq Bakı və İstanbul şəhərlərində ezamiyyətdə olmuşam. Orada öyrəndiklərimi televiziyamızda da uğurla tətbiq etməyə çalışmışam.
Haşiyə...
-26 illik fəaliyyətimdə şahidi olduğum məsələlərdən biri kimi demək istəyirəm ki, hər il televiziyamıza yeni qurğular və avadanlıqlar alınıb. Muxtar respublika rəhbərinin dəstəyini, qayğısını hər zaman üzərimizdə hiss etmişik. Son dövrlər bu özünü daha sıx göstərməkdədir. Bunun nəticəsidir ki, hər il Naxçıvan Televiziyasının maddi-texniki bazası gücləndirilir, yeni kompüter, səs, video, arxiv, qrafika avadanlıqları ilə zənginləşdirilir. Bunlara misal olaraq son dövrlər televiziyanın yayım keyfiyyətinin yaxşılaşdırılması və əməkdaşların iş potensiallarının artırılması üçün alınan avadanlıqlardan 6 ədəd montaj, 1 ədəd 9-cu nəsil qrafika kompüterlərini, siqnal yönləndirici və paylayıcı qurğunu (rootor), canlı yayım avadanlıqlarını, arxiv serverini, 4 ədəd HD və 4K keyfiyyətli kameralarını, Dron kameranı, 1 ədəd Mark5 fotoaparatnı, 5 ədəd gopro, 1 ədəd ozmo, efir üçün kompüter və səs pultu dəstlərini və s. göstərmək olar.
Təkcə bir faktı diqqətinizə çatdırım ki, əvvəllər televiziyanın arxiv tutumu 40 terabayt idisə, alınan və quraşdırılan yeni arxiv serveri nəticəsində bu rəqəm 160 terabayta qədər çatdırılıb.
-Ən böyük uğurunuz desəm...
-Düşünmədən cavab vermək istəyirəm. Bildiyimiz kimi 2014-cü ilin sonlarında Azərbaycan teleməkanında ilk dəfə olaraq məhz Naxçıvan Televiziyası HD yayım ilə tamaşaçılara yayımlanmağa başlayıb. Buna qədər heç bir kanal bu uğura imza ata bilməyib. Televiziyamızın bu cür göstərici ilə yayımlanmağa başlamasında əməyi olan insanlardan biri kimi deyə bilərəm ki, bu mənim eyni zamanda Naxçıvan televiziyasının ən böyük uğurlarından biri olub. Hazırda Naxçıvan televiziyası və radiosu 19 saat yayımdadır. İnternet üzərindən də bütün dünyaya yayılır. Ümumi efirimizin 75 faizini özümüzün istehsal etdiyimiz veriliş və proqramlar tutur. İngilis və rus dillərində xəbərlər yayımlayırıq. Nuhçıxan İnformasiya Agentliyi ilə isə Naxçıvan həqiqətlərini hər yerə çatdıra bilirik. Bütün bunlar da bizim hər birimizin nailiyyətidir.
-Kamerarxasında başınıza gələn ən maraqlı hadisə...
-Başıma çox hadisə gəlib (gülür). Yadımda qalanlardan birini deyim. Deməli bir neçə il əvvəl “Araz” stadionundan canlı yayım edirdik. Canlı yayımın da çətinlikləri bu sahədə çalışan hər kəsə agahdır məncə. Yayım əsnasında birdən-birə efir qaraldı. Necə deyərlər - “səs var amma görüntü yox idi”. Mənim ilk ağlıma gələn kameraya bağlı naqildə hardasa nasazlığın yaranması oldu. Cəld naqili əlimə götürüb yoxlamağa başladım və tamaşaçıların istəmiyərəkdən də olsa kabeli irəlidə tapdalayıb qırdığının şahidi oldum. Cəld kabelin iki tərəfini birbirinə birləşdirdim. Efirdəki qaralma bitsin deyə canlı yayımın sonuna qədər o naqilləri bir-birindən ayırmadan əlimdə tutdum. Bu da hardasa yarım saata yaxın davam etdi. Həmin gün heç vaxt yadımdan çıxmaz...
-Televiziyada şahidi olduğum qədəri ilə ən çox “axtarılan”, adı çağrılan əməkdaşlardansınız. Bunun səbəbi nədir? Kollektivlə münasibətinizin yaxşı olması, yoxsa necə?
- Ümumiyyətlə öyrənməyi sevdiyim kimi öyrətməyi də çox sevirəm. Hər zaman ətrafımda olanlara dəstək olmağa, vaxtı ilə öyrəndiklərimi, bildiklərimi gənclərə ötürməyə çalışıram. Bəlkə buna görədir ki, kiminsə hər hansı bir məsələ ilə əlaqədar sıxıntısı və ya çətinliyi varsa məni axtarır, məndən kömək istəyir. Bu daha çox özünü texniki avadanlıqlarda yaranmış nasazlıqlar zamanı göstərir.
Kollektivlə də əlbəttə ki, sıx əlaqəm var. Sağolsunlar, burada hər kəs bir-birinə hörmətlə yanaşır.
-Mövzumuz kadrarxası olduğu üçün kadr arxasında yaşananların şahidlərindən biri kimi oxuculara nə deyə bilərsiniz?
-Misal çəkərək izah edim. Sizlərə təqdim olunan bir film fikirləşin. Mənsə sizə o filmin kadrarxasında yaşananları izah edim. Siz sadəcə filmi görürsünüz, kadrarxasında isə kameraman filmi lentə alır, rejissor tapşırıqlarını verir, dekorçu, işıqçı texnik hərəsi bir əldən çalışır. Çox maraqlı hadisələr yaşanır... Filmin kadrarxasından elə bir film çəkmək olar deyə bilərəm qısaca...
-Olubmu ki, “artıq bəsdir”, “yoruldum” deyəsiniz?
-Heç vaxt. Özümü hələ çox cavan hiss edirəm. Həyat enerjim şükürlər olsun yerindədir. Hələ uzun illər bu sahədə fəaliyyət göstərmək niyyətindəyəm. Axı əvvəldə də vurğuladım, bu peşə mənim uşaqlıq arzum olub...
-Müsahibəmizin sonunda həyatı televiziyadan, yaradıcılıqdan ümumiyyətlə jurnalistikadan keçən gənclərə məsləhətiniz nə olardı?
- Çalışsınlar yaşadığı dövrlə ayaqlaşsınlar. Elmin, texnikanın dəstəyinin çox olduğu bir dövrdə bu dəstəyi öz yaradıcılıqlarına, həyatlarına sintez etsinlər. Bundan sağlam şəkildə yararlansınlar. Çoxlu mütaliələr etsinlər, araşdırsınlar, informasiyalar əldə etsinlər...
Cahangir Mehdiyev