Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan qısa zamanda sabitlik və inkişafa qovuşub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri universitetin Ümumi tarix kafedrasının təşkilatçılığı ilə keçirilən “15 iyundan başlanan qurtuluş yolu” mövzusunda onlayn elmi konfransda ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva səsləndirib. Rektor Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olan Milli Qurtuluş Gününün əhəmiyyətindən ətraflı bəhs edib.
Sonra Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu”, kafedranın müəllimləri Gülçin Ağayevanın “XX əsrin 90-cı illərində Azərbaycanda baş verən siyasi hadisələr” və Rəna Qurbanovanın “15 iyun müasir tariximizin dönüş nöqtəsidir” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, 1991-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan ilk günlərdən ağır problemlər məngənəsinə düşüb. Səriştəsiz, naşı hakimiyyət nümayəndələrinin bacarıqsızlığı üzündən siyasi təhlükəyə sürüklənən Azərbaycan Respublikasının dövlət müstəqilliyi məhz Ulu Öndər Heydər Əliyevin nicata çağırışı, cəsarətli siyasi müdaxiləsi və fəal siyasətə başlaması ilə qorunub saxlanılıb. Milli Qurtuluş Günü Ulu Öndərin böyük bacarığı, xilaskarlıq missiyası ilə Azərbaycanı Azərbaycana qaytarmaq tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn dahi şəxsiyyət bütün qüvvəsini problemlərin həllinə, Vətəni və xalqı düşdüyü fəlakətli vəziyyətdən xilas etməyə yönəldib, canı qədər sevdiyi Azərbaycan xalqı üçün fədakarlıqla mübarizəyə başlayıb. Ümummilli Liderimizin 10 il ərzində həyata keçirdiyi möhtəşəm tədbirlər, Vətən və xalq naminə gördüyü misilsiz işlər neçə-neçə qərinəyə, əsrə bərabərdir.
Seyfur Hacımuradov