Ulu öndərimiz milli özünəməxsusluğumuzu daim diqqət mərkəzində saxlayıb, onun daha da zənginləşməsinə xüsusi önəm veribdir. Başqa sözlə, ulu öndər xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, azərbaycançılıq ideologiyasının cəmiyyətdə möhkəm sosial dayaqlar taparaq zehinlərdə möhkəmlənməsi, davamlı inkişaf prosesində mənəvi stimula çevrilməsi üçün bütün zəruri tədbirləri həyata keçiribdir.
Heydər Əliyevin Azərbaycançılıq ideologiyası milli-mənəvi inkişafın əsas zəmini olubdur. O bu barədə deyibdir: "Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər-bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir...".
Hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə milli- mənəvi dəyərlərə dövlət səviyyəsində arxa durulurdu. Milli şüurun bərpasına, adət-ənənələrimizə, milli dəyərlərimizə sahib çıxılmasına 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində başlanıldı. Bu, milli özünəqayıdışın, özünüdərkin yeni mərhələsi, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, milli dəyərlərin dövlət səviyyəsində qorunması idi. Ümummilli liderimiz yaxşı bilirdi ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır. Ulu öndər həmin dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bu, bütün rəhbər vəzifəlilərdən də tələb olunurdu.
Ümummilli lider Heydər Əliyevin himayəsi ilə xalqımızın tarixi qəhrəmanlıq keçmişini əks etdirən filmlər kinomuzun əsas mövzusu oldu. “Nəsimi”, “Babək”, “Dəli Kür” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı. Ulu öndər Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Anar kimi milli zəminə bağlı və istedadlı sənətkarları daim himayə edirdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ciddi önəm verilən məsələlərdən biri də milli münasibətlərin, adət-ənənələrin, bütövlükdə milli dəyərlərin hərtərəfli araşdırılması, bərpası, təbliği və qorunub saxlanılması olub. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahədə ciddi işlər görülübdür. Müstəqillik əldə edildikdən sonra milli-mənəvi sərvətlərimiz azərbaycançılıq ideologiyasının əsası kimi dövlət səviyyəsində dəyərləndirildi. Milli ideologiyamızın əsas hissəsi isə bizim sahib olduğumuz milli-mənəvi sərvətlərimiz götürüldü. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli-mənəvi dəyərlərimizin əhəmiyyətindən bəhs edərək deyirdi:
“Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, xalqımızın faliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Hər bir xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir”.
Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizə böyük önəm vermiş: “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyərək böyük öndər Azərbaycan naminə mümkün olan hər şeyi edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu müddətdə də milli-mənəvi dəyərlərə böyük önəm verib, onların qorunub saxlanılması sahəsində ciddi işlər görülüb.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin yaradılmasında Heydər Əliyevin böyük tarixi xidməti olubdur. 1989-cu ildə Naxçıvanda “Sərhəd hərəkatı” başlanan vaxt, yəni tarixi bir ərazidə yaşamış azərbaycanlıların iki yerə parçalanmasına qarşı Araz çayı boyunca bu xalqın əlaqəsini, birliyini qıran sərhədlərin aradan götürülməsi tələbi ilə SSRİ-nin dövlət sərhədi boyunca çəkilmiş sərhəd çəpərlərinin elliklə sökülməsinə başlananda Heydər Əliyev bu hərəkatı vətənpərvər gənclərin hərəkatı kimi qiymətləndirirdi. Heç də təsadüfi deyildir ki, 1989-cu ildən başlayan “Sərhəd hərəkatı”na qiymət vermək məqsədi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında xüsusi məsələ - “Dünya azərbaycanlıların milli həmrəylik və birlik günü” haqqında məsələ müzakirə edilibdir. Məsələ geniş müzakirə edildikdən sonra o, müzakirələrə yekun vuraraq, sərhəd hərəkatının böyük əhəmiyyətini göstəribdir.
Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”- bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən ümummilli liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir
Son 25 ildə muxtar respublikamızda milli dəyərlərin təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi istiqamətində genişhəcmli tədbirlər prosesi geniş vüsət alıbdır. Ötən dövr ərzində görülən işlər bu sahədə uğurlu nəticələrlə xarakterizə edilir. Milli dəyərləri qorumaqla bağlı xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış kurs Naxçıvanda uğurla davam etdirilməklə onların qorunub saxlanılması, hərtərəfli tədqiqi ilə əlaqədar ardıcıl işlər görülməkdədir. Milli dəyərlərə böyük önəm verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyibdir:
“Tarix sübut edir ki, hər bir xalqı yaşadan onun milli dəyərləri – dili, adət-ənənələri, mədəniyyətidir”.
Bəli, xalq onda var olur ki, onun min illər boyu yaradıb el süzgəcindən keçərək qorunan və milli dəyərinə çevrilən maddi və mənəvi sərvətləri vardır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ciddi önəm verilən məsələlərdən biri də milli münasibətlərin, adət-ənənələrin, bütövlükdə milli dəyərlərin hərtərəfli araşdırılması, bərpası, təbliği və qorunub saxlanılması olubdur. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahədə son illərdə də ciddi işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cənabları 07 fevral 2009-cu il tarixində Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında sərəncam veribdir. Həmin sərəncamda milli-mənəvi dəyərlərimizin digər sahələri ilə yanaşı, milli gеyimlərin, milli mətbəхin öyrənilməsinə və təbliğinə də хüsusi diqqət yеtirmək əsas vəzifələrdən biri kimi qarşıya qоyulur. Sərəncamda deyilir ki, “Milli gеyim və milli mətbəх хalq yaradıcılığının ən mühüm sahələrindən biridir. Naхçıvanda bu sahələr daha qədim dövrlərdən yaranmış, təbii-cоğrafi şəraitə uyğun оlaraq fоrmalaşmış, inkişaf еtmiş, hər əsrdə özünəməхsus milli cəhətlərlə daha da zənginləşmişdir”.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi ilə xalq yaradıcılığının ən qədim nümunələrini özündə əks etdirən Şərur yallılarından ibarət "Yallı" kompakt diski hazırlanıbdır. Bu cür kompakt diskinin hazırlanması yallılarımızın təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm və əlamətdar hadisə olubdur. Həmçinin uşaq və gənclər xalq sənəti sahələrinə cəlb olunubdur.
Milli dəyərlərə dövlət qayğısının bariz nümunələrindən biri də 2011-ci il 29 dekabr Ali Məclisin IV sessiyasında çıxış edən Ali Məclisin Sədri hörmətli Vasif Talıbovun 2012-ci ilin Naxçıvanda “Milli dəyərlər” ili olduğunu qeyd etməsidir.
Qeyd edək ki, "Milli dəyərlər ili"ndə bir sıra xalq sənətini yaşadan qrup və dərnəklərin fəaliyyəti bərpa olundu.
Dünyanın ən qədim şəhərlərindən olan, 5 min illik tarixə malik Naxçıvan şəhərinin mərkəzində orjinal memarlıq üslubunda Ana dili abidəsinin ucaldılması milli dəyərlərimizin əsasını təşkil edən ana dilinə muxtar dövlətin rəhbəri səviyyəsində bəslənilən münasibəti, göstərilən qayğını ifadə edən amillərdən biridir.
Milli-mənəvi dəyərlərə dövlət qayğısı hər zaman davam etdirilir. Belə ki, 2019-cu ildə Milli Dəyərlər Muzeyi fəaliyyətə başlayıb, Şahbuz Rayon Mədəniyyət Sarayının tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyinin yenidən qurulması başa çatdırılıb. Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib.
Milli dəyərlərimizi öyrənmək, qorumaq və təbliğ etmək, hər kəsdən əvvəl, bu sahə ilə məşğul olan araşdırıcıların, digər ziyalıların və geniş oxucu kütləsi olan xalqımızın ümumi işidir. Təbii ki, buna dövlət səviyyəsində qayğı yüksəkdir. Lakin ümumi sərvətimiz olan milli dəyərlərimizin hər kəs tərəfindən, ailələrin fərdi üzvlərindən başlanmış məhəllə, kənd, şəhər, nəhayət, ümumrespublika səviyyəsində qorunması gərəkdir.
Arizə Gülməmmədova