Heyvanların yaylaqlara aparılması və otlaqlardan düzgün istifadənin əhəmiyyəti

A- A A+

Heyvanların otlaqlarda otarılması onların yemlərə olan tələbatının ödənilməsi ilə yanaşı, onlardan alınan məhsullar öz dadına, keyfiyyətinə görə fərqlənir və ucuz başa gəlir. Bu cəhətdən heyvanların yaylaq şəraitində saxlanılmasının böyük əhəmiyyəti vardır.

Heyvanların yaylaqda, açıq və təmiz havada saxlanılması orqanizmin fizioloji funksiyalarına yaxşı təsir göstərir. Orqanizmdə maddələr mübadiləsini artırır, heyvanların boy artımına və inkişafına köməklik  edir. Yaylaqda heyvanların asan həzm olunan zülallarla, vitaminlərlə, mineral maddələrlə və mikroelementlərlə zəngin olan yemlərlə qidalanması təmin olunur.

Uzunmüddətli hərəkət nəticəsində əzələlər, vətərlər və oynaqlar inkişaf edir, möhkəmlənir, qan dövranı yaxşılaşır. Orqanizm uzun müddət açıq havada qaldığından  iqlim amillərinin təsirinə məruz qalır ki, bu da orqanizmi xarici mühitə uyğunlaşdırır. Yaylaq şəraitinin effektivliyi otlaqlarda yem ehtiyatının nə dərəcədə olmasından asılıdır. Pis, əlverişli olmayan otlaqlarda heyvanların saxlanılması onları narahat edir, xəstəliklərə qarşı davamlılığını zəiflədir, məhsuldarlığı aşağı salır.

Məhsuldarlığı yüksəltmək və sağlamlığı qorumaq üçün otlaq sahələri bir sıra gigiyenik tələbləri ödəməlidir. Qoyun və keçilər üçün quru, tozsuz, alçaq boylu, kiçik və müxtəlif bitkiləri olan otlaqlar ayrılmalıdır. Rütubətli, bataqlıq və aran otlaqları qoyunlar üçün əlverişli deyildir, çünki belə otlaqlar çox zaman invazion xəstəliklərin mənbəyi sayılır və qoyunlar dırnaq xəstəliklərinə tez – tez tutulurlar.

Yaylaq üçün seçilən yerin baytarlıq – sanitariya tələblərinə uyğun gəlməsinin də əhəmiyyəti böyükdür. Buna görə də yaylaqlara köçməzdən əvvəl oranın sanitariya vəziyyətinin yoxlanılması zamanı baytar həkiminin də iştirakı  təmin edilməlidir. Yaylaqlarda su təchizatına xüsusi diqqət verilməlidir. Su mənbələrinin kənarları sanitar gigiyenik vəziyyətə gətirilməlidir. Otarma sahəsi ilə suvarma mənbələri arasındakı məsafə çox olmamalıdır. Bu məsafənin çox olması heyvanların yorğunluğuna, məhsuldarlığının aşağı düşməsinə gətirib çıxarır.

Otlaqlardan qaydasız istifadə etmək istər təsərrüfat,  istərsə də sanitar – gigiyenik cəhətdən əlverişli deyildir. Çünki belə otarmada yüksək süd məhsulu almaq, heyvanların diri çəkisini artırmaq mümkün olmur. Buna görə də otlaqlardan səmərəli istifadə edilməsi və xəstəliklərə qarşı mübarizə tədbiri kimi növbəli otarma sistemi tətbiq edilməlidir.

Otlaqlardan düzgün istifadə etməklə sahibkarlar keyfiyyətli və bol məhsul əldə etmiş olarlar.

                                            Elnur Əliyev

                                    “Arazın səsi “ qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: