Xalq təbabəti bir xəzinədir

A- A A+

Şair, bu yerləri yaxından tanı!

Təbiət quranda Azərbaycanı

Onu sığallamış cənnətin əli,

O böyük hikmətli qüdrətin əli

– deyən dahi şairimiz Səməd Vurğun nə qədər də haqlıdır. Doğrudan da, Azərbaycan qüdrətdən yaranan təbii varlıq kimi yeraltı və yerüstü zənginliklərə, dağlı-aranlı iqlimə, dərman bitkiləri ilə məşhur olan floraya malik olmaqla xalq təbabəti üçün misilsiz xammal bazası rolu oynayıbdır. Təbiətin xalqımıza təmənnasız bəxş etdiyi bu zənginlikdən istifadə edən ulularımız əvvəlcə  türkəçarələr,  sonralar  “loğman”  “təbib”, “həkim” kimi adlarla məşhurlaşan əttarlar qazandıqları yüksək bilik və təcrübələrə əsaslanaraq müxtəlif səciyyəli dərman vasitələri yaradıb, təbii üsullarla müalicənin bütöv bir sistemini ərsəyə gətiriblər.

 Xalq təbabətinin araşdırılmasından aydın olur ki, Azərbaycanda təbii üsulla müalicə vasitələri bitkilərdən, heyvan mənşəli məhsullardan, mineral tərkibli maddələrdən və mədən sularından ibarət olubdur. Azərbaycan xalq təbabətinin bütün tarixi ərzində bitki mənşəli dərman vasitələri  daha geniş şəkildə istifadə edilibdir. Bu,  Azərbaycan təbiətinin bitki örtüyü ilə zənginliyindən irəli gəlir.

Atalar sözüdür ki, “Allah min dərd yaradıbdırsa, min bir də dərman yaradıb”. Ulularımız dərdlərin dərmanlarını ana təbiətin qoynunda axtarıb, müxtəlif otların, məhsulların şəfaverici xüsusiyyətlərini öyrənib, nəsildən-nəsillərə ötürüblər. Azərbaycan rəvayətlərində, nağıl, əfsanə və dastanlarında, bayatılarda xəstəliklərin çarəsindən ətraflı və ya şifrəli  şəkildə bəhs ediblər.

   Nizaminin əsərlərində göz xəstəliklərinin müalicəsi üçün səndəl yarpağı suyunun, eləcə də xalqımızın məişətində geniş tətbiq edilən zəfəran, gülab, reyhan, üzərlik kimi bitki və məhsulların tez - tez adının çəkilməsi onun xalq təbabəti ilə nə qədər yaxından tanışlığını təsdiqləyir. Şair bəd nəzərdən qorunmağın ən yaxşı vasitəsi kimi üzərliyi məsləhət görürdü:

Bədnəzər olarsa əgər bir insan,

   Alnı hərarətdən tərlər çox zaman.

Üzərlik yaxarlar gözdəyən üçün,

  Od yaxıb yandırar dərdi büsbütün

 Şifahi xalq ədəbiyyatı qaynaqlarında ta qədimdən  bu günə qədər insanlar arasında baş verən müxtəlif xəstəliklər, onların müalicə üsulları haqqında məlumatlar var. Qədim Naxçıvan torpağı da yalnız zəngin milli mədəniyyəti, mətbəxi, mənəvi dəyərləri ilə deyil, həm də minilliklərdən gələn xalq təbabəti ilə də məşhurdur. Ulu babalarımız, ağbirçək nənələrimiz gündəlik müşahidələri və təcrübələri sayəsində zəngin təbiətimizdə mövcud olan dərman  bitkilərindən istifadə edib, onların faydalı xüsusiyyətlərini gələcək nəsillərə çatdırıblar.

Culfa  rayonunun ucqar dağ kəndlərinin  təbiəti də dərman bitkiləri ilə zəngindir və bu bitkilərin diapazonu olduqca genişdir.  Dağ kəndlərimizin bir çoxunda sakinlər  əzgil, moruq, böyürtkən, zoğal, yemişan, şirin biyan, qora, boymadərən, əvəlik, bağayarpağı, nanə, yarpız, çaytikanı, yemlik, yolotu, şomu, andız, kəklikotu, dağkeşnişi, qırxbuğum, qaymaqçiçəyi, səhləb, yeralması, ətotu kimi xalq təbabətində sınaqdan çıxarılmış bitkilərin şəfaverici xüsusiyyətlərini,  müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti ni, bu bitkilərin toplanması və qurudulması qaydalarını yaxşı bilirlər. Dağlarda bitən bitkilərin bir çoxu iltihaba qarşı, bəlğəmgətirən, ürək tonusunu qaldıran, qankəsən, qanın qatılığını tənzimləyən, zəhərlənməyə qarşı və digər şəfaverici təsirlərə malikdir. Bu yerlərdə bitən cacıq, yemişan, dağarmudu, baldırğan, çaşır, şomu kimi meyvə və bitkilərdən hazırlanan turşu və kompotlar öz müalicəvi əhəmiyyəti ilə tanınır. O cümlədən Boyəhməd, Teyvaz, Ərəfsə kəndlərinin dağlarında nadir dərman bitkiləri də çoxdur. Belə ki, solmazçiçəyi, qantəpər, aslanpəncəsi, ayıqulağı, dazotu, andız, çobanyastığı, kəklikotu, nanə jenşen (yer adamı) və digər bitkilərin faydası qədim dövrdən bu günə qədər insanlar tərəfindən dəfələrlə sınaqdan çıxarılıb və onlar yüksək qiymətləndirib. Ev şəraitində hazırlanan mürəbbə, şirə, bəkməz, qax, kişmiş, zoğal axtası, alana, sucuq, albuxara, qaysı və müxtəlif kompotlar bəzən dərman vasitəsi kimi işlədilib, insan sağlamlığında geniş istifadə olunub.

Ənənəvi xalq təbabətində dağ çəmən otlarını seçib ayırmaq, toplamaq, qurutmaq, onlardan, yeri gəldikcə, müalicə əhəmiyyətli dərman məhsulları hazırlamaq böyük səriştə tələb edir. Bu bitkilərin toplanması və qurudulması qaydalarını mütləq bilmək lazımdır. Çünki hər bir bitkinin özünəməxsus toplanma vaxtı və qurudulma qaydası var. Yaz-yay aylarında toplanan dərman bitkiləri  kölgədə qurudulub qablaşdırılır. Məsələn, xalq təbabətində bir sıra xəstəliklərin müalicəsində istifadə edilən gicitkən və yarpız kimi bitkilərin tədarükü yazağzı həyata keçirilir. Bənövşənin toplanması üçün ən münasib vaxt Novruz bayramı günləri, yəni yazın gəlməsi vaxtı hesab edilir. Xalq təcrübəsinə görə, müalicə xassəsinə malik mineral sulardan ilin quyruq doğan dövrünədək (avqustun 15-dək) istifadə oluna bilər. Ağac və kolların toplanmasına isə bitkinin tam yetişməsindən sonra başlanılmalıdır.

    Son dövrlərdə muxtar respublikamızın əhalisi dərman bitkilərinə daha çox  maraq göstərir. Minilliklər ərzində təcrübədən keçərək min bir dərdin dərmanı olan xalq təbabəti bir xəzinə kimi qorunub və bu günümüzə qədər gəlib çatıb. Bizim hər birimizin borcu ulu babalarımızın, ağbirçək nənələrimizin sınaqdan çıxardığı, çox böyük müalicəvi təsirə malik olan, özünü təsdiqləyən dərman bitkilərinin faydasını bilmək və onlardan düzgün istifadə etməkdir.                  

Alim  Ağayev

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: