Güllərin şahı- qızılgül

A- A A+

Təbiəti gözəlləşdirən yay fəsli çöllərə-çəmənlərə “sehrli əlin” çəkərək dağı-dərəni, hər yanı yaşıllaşdırır, rəngbərəng güllər-çiçəklərlə bəzəyir. Hər bir bitki, torpaqdan ucalan hər bir yaşıl fidan insana zövq verir. Cürbəcür çiçəklər və güllər isə bizə sevinc, fərəh, inam gətirir,xoş ətri , gözəlliyi ilə məftun edir, Çünki onlar təbiətin yaratdıqlarından ən mükəmməlidir. Belə çiçəklərdən biri də dünya binə olandan, torpaq üzərində şəhərlər salınandan bəri öz əsrarəngiz gözəlliyi ilə insanları valeh edən, ətrindən  doymadığımız qızılgüldür. İndi qızılgüllərin açıb ətrafı öz gözəlliyi ilə oxşadığı, xoş qoxusu ilə yolçunu yoldan etdiyi vaxtdır.

Elə ki, iyun ayı oldu, qızılgüllər açaraq öz gözəl görünüşü və xoş ətri ilə bağ-bağçalarımızı bürüyür.  Bu  incə gözəllik özəl günlərdə-ad günlərində, toy mərasimlərində də  ilk ağıla gələn hədiyyə olur. Əbəs yerə güllərin şahı  adlandırılmayıb qızılgül. Böyük şairimiz Nizami Gəncəvinin  misraları ilə desək:

Olmasaydı qızılgül qırmızı hərgah,

Güllərin içində sayılmazdı şah.

Yabanı və mədəni halda geniş yayılan qızılgülün  kök sistemi mil formasındadır. 1,5-2 metr hündürlükdə olan  bu kol bitkisi torpağın 5 metr dərinliyinə kimi işləyir. İri kolunda bir il ərzində 800-1000 çiçək əmələ gətirir.  Hər çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq qızılgül 30-50 il ömür sürən və suya az tələbkar olan qızılgülün kökündən tutmuş ləçəklərinə kimi istifadə edilir.     Milli mətbəximizdə ondan hazırlanan mürəbbə ,kompot,  gülqənd, gülməşəkər,mürəbbə  süfrələrin  bəzəyi olmaqla yanaşı həm də çox faydalıdır.  Məsələn,ürək xəstəlikləri, stress zamanı əsl dərman olan  gül mürəbbəsi immun sistemini möhkəmləndirir. Hazırlanma qaydası isə belədir:

Ləçəkləri səhər-səhər şehi quruyan kimi yığmaq məsləhətdir ki, ətri daha gözəl olsun. Onları toplayarkən ağımtıl hissələri kəsmək lazımdır. Toplanan ləçəklər bol və soyuq su ilə yuyulur, dəsmalın üzərinə sərilir və suyu çəkilənə qədər qurudulur. Mürəbbəni bişirmək üçün əvvəlcə şirə hazırlanır. Bu məqsədlə 1 kiloqram şəkər tozuna 1 litr  su əlavə edilir. Odun üstündə qaynadılır. 250 qram qızılgülə 1 kiloqram şəkər tozu vurulur. Mütəmadi olaraq qarışdırılaraq bişirilir. Şirə qatılaşanda ona 2 çay qaşığı limon şirəsi, yaxud yarım çay qaşığı quru limon turşusu əlavə edilir. Bundan sonra bozumtul-çəhrayı şirə bir andaca şəffaflaşır. Mürəbbə daha 2-3 dəqiqə də qaynadılır.

Gülqəndi də hazırlamaq üçün də  ləçəklər təmizlənir, yuyulur, suyu qurudulur. Sonra ləçəklər geniş bir qaba tökülərək üzərinə şəkər tozu əlavə edilib ovulur. 15-20 dəqiqə ovulduqdan sonra şüşə bankalara yığılaraq ağzı bağlanılır. Və 3-4 aydan tez açılmamaq şərtilə günəvər bir yerdə saxlanılır. Hazırlanan gülqənddən həm çay içəndə, həm də şərbət hazırlayanda istifadə edilir.

Qızılgüldən hazırlanan gülab suyu isə mərasimlərdə istifadə edilir. Ta qədim zamanlardan qızılgülün suyu və yağı müalicəvi  həm də  kosmetik vasitə kimi də tanınıb. Tibb elmi də təsdiq edib ki, qızılgülün ətri insanın sinir sisteminə sakitləşdirici təsir edir, stress və depressiya ilə mübarizə etməyə kömək edir,əhval –ruhiyyəni yaxşılaşdırır.  Necə deyərlər, əsl təbii antidepressantdır. Gərgin iş günündən sonra üzünüzü qızılgül suyunda isladılmış pambıqla silib bir qədər uzanmaq insanı  sakitləşdirir və gərginliyin azalmasına kömək edir. Baş ağrıları, miqren zamanı pambıq parçanı gül suyunda bir qədər isladıb alına qoyduqda ağrı azalır.  Bu damaq problemləri zamanı, yəni, iltihabların aradan qaldırılmasında  da sağaldıcı təsirə malikdir. Ağız boşluğu qızılgül suyu ilə bir neçə gün qarqara edildikdə iltihab azalır. Qızılgül  suyu həzm sisteminə də  çox müsbət təsir edir, mədə-bağırsaq sistemində olan iltihabları azaldır və ya tamamilə sağaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. 

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: