Naxçıvanda bölgə mətbuatı: tarix və müasirlik

A- A A+

Zaman – zaman müxtəlif tarixi hadisələr ayrı-ayrı xalqların tarixinə yazılmaqla əsrlər, qərinələr sonra onun qürur mənbəyinə çevrilir. Hər bir xalqın tarixində onun ilk mətbu orqanının yaranmasının da böyük əhəmiyyəti olduğundan həmin gün zamanın bütün dönəmlərində böyük təntənə ilə qeyd edilir.

Azərbaycan mətbuat tarixində özünəməxsus yer tutan Naxçıvan mətbuatı bir əsrə yaxın tarixi, zəngin ənənələri ilə fərqlənir. Naxçıvanda ilk dəfə qəzet çıxarmaq ideyası XIX əsrin 90-cı illərində dövrün mütərəqqi ziyalıları tərəfindən irəli sürülüb. Hələ 1894-cü ildən yerli ziyalılar qəzet nəşrinə icazə almaq üçün Peterburqa ərizə və məktublarla müraciət etmiş, lakin bu müraciətlərə müsbət cavab verilməmişdi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra bu məsələ yenidən gündəmə gəlmişdi. Nəhayət, Naxçıvanda ilk qəzet 1921-ci ilin payızında işıq üzü gördü.

Naxçıvan şəhərində muxtar respublikanın əsas mətbuat orqanının nəşrindən sonra rayonlarda da yerli mətbuat orqanları yaranmağa başladı. Müxtəlif vaxtlarda yaradılmış muxtar respublikanın rayon qəzetləri Naxçıvan mətbuat məktəbini yeni ənənələrlə zənginləşdirdilər.

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Naxçıvan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Yarandığı və fəaliyyət göstərdiyi illər ərzində Naxçıvan mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib.

***

XX əsrin 30-cu illəri Azərbaycanın da daxil olduğu keçmiş Sovet İttifaqında kollektivləşmə, kolxoz quruculuğu dövrü kimi xarakterizə olunur. Kollektivləşmə siyasətinin həyata keçirilməsi başlıca məsələlərdən birinə çevrilirdi. Bu dövrdə Naxçıvanın siyasi həyatı daha gərgin keçirdi.

Belə bir dövrdə mətbuatın üzərinə xüsusi missiya düşürdü. Məhz bu illərdə rayonlarda da yerli mətbuatın təməli qoyulur. Naxçıvan Muxtar Respublikasının Şərur ("Pambığa doğru", 1931), Ordubad ("Ordubad fəhləsi", 1932), Əbrəqunus ("Zərbəçi heyvandar", 1932), Culfa ("Bolşevik yolu", 1932) və Şahbuz ("Sosializm maldarlığı", 1936),  rayonlarında yerli qəzetlər nəşrə başlayır.  

Qəzet mətbəələrində texniki prosesi yaxşılaşdırmaq məqsədilə 1934-cü ilin yayında Bakı poliqrafiya tresti rayon və siyasi şöbə qəzetlərinin mətbəələri üçün bir illik kurs təşkil etdi. Bu kursu bitirənlər sırasında Naxçıvanın rayon qəzetlərinin əməkdaşları da var idi. Və bununla qəzetlərin normal nəşri təmin olunmağa başlandı.

30-cu illərin qəzetlərində “Partiya həyatı”, “Sovet quruculuğu”, “Komsomol həyatı”. “Bizə yazırlar”, “Satira guşəsi”, “Beynəlxalq icmal”, “Redaksiyanın poçtundan”, “Rayonumuzda” və sair daimi rubrikalara tez-tez rast gəlmək olur. Rayonların həyatında elə bir sahə yox idi ki, qəzetlər ora yol açmamış olsun. Qəzetlər sosializm quruculuğunun mənzərəsini işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, mənfi hallara qarşı da mübarizə aparırdılar.

Sovet dövrü Naxçıvan Muxtar Respublikasının rayon qəzetlərində mətbuatın güclü bir təbliğat-təşviqat vasitəsi olduğu açıq-aşkar hiss edilir. Bu dövrdə zəhmətkeş insanların fəaliyyətini əks etdirən yazılara gen-bol yer verilirdi. “Tərəvəzçi Gülzar”, “Sağıcı Məsmə”, “Qaynaqçı Vəli”, “İpəkçi Elenora”, “Mürəbbə ustası Məhəbbət”, “Çoban Mahmud” və yüzlərlə belə başlıqlı yazılarda kollektivləşmədə zəhmətkeşlərin fəaliyyəti və ayrı-ayrı istehsal sahələrində uğur qazanmış insanların işləri ön plana çəkilirdi.

Naxçıvan Muxtar Respublikasının rayon qəzetlərində çalışan müxbirlərin yüksək sənətkarlıqla yaratdıqları publisistik nümunələrdə biz həmin dövrün – indi bizdən uzaqda qalmış dövrün insanlarının həyatı, fəaliyyəti, məişəti barədə maraqlı məlumatlar əldə edirik. Həmin yazıları nə zaman oxusaq yenə də orda Azərbaycanın və azərbaycanlının təsvir olunduğunu başa düşüb, duya bilirik.

Rayon qəzetlərinin II Dünya müharibəsi dövründəki fəaliyyəti də maraqlıdır. Həmin dövrdə muxtar respublikanın rayon qəzetlərində (“Pambığa doğru”, “Zərbəçi heyvandar”, “Bolşevik yolu”, “Ordubad işçisi”, “Sosializm maldarlığı”) çalışan müxbirlər öz qələmlərini süngü ilə əvəz etdi. Qəzetlər müxtəlif səpkili yazılarla öz oxucularını qələbəyə ruhlandırır, mübarizəyə səsləyirdi. “Hər şey cəbhə üçün!”, “Qəhrəmanlar ölmürlər!”, “Onun rəşadəti”, “Cəbhə xəbərləri” və başqa rubrikalar altında verilən yazılarda vətən oğullarının döyüş cəbhələrindəki misilsiz hünərindən, iradəsindən söz açılır, döyüşçülərin hünərinə mütəşəkkil səhifələr həsr olunurdu.

Müharibədən sonrakı dövrdə də hökumət mətbuatın səfərbəredici gücündən ideoloji təbliğat vasitəsi kimi istifadə edirdi. Bu mənada 1946-47-ci illərdə qəzetlərin fəaliyyətində böyük canlanma duyulur.

Rayon qəzetləri təkcə həyatın işıqlı tərəflərini deyil, həm də cəmiyyətdəki neqativ halları, problemləri cəsarətlə açıb göstərirdi. Hər bir rayon qəzeti muxtar respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl əmək, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında mühüm rol oynayırdı.

***

Sovet İKP MK 1959-cu il iyulun 31-də “Qəzet və jurnalların zərərlə işləməsinə son qoymaq haqqında” qərar qəbul etdi. Bu qərarla əlaqədar olaraq 1959-cu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının rayonlarında çıxan bütün qəzetlərin, o cümlədən - Şərur rayonunda (o zamankı İliç) “Noraşen kolxozçusu”, Ordubad rayonunda “Ordubad işçisi”, Culfa rayonunda “Sovet Culfası” və Şahbuz rayonunda “Sosializm maldarlığı” qəzetlərinin nəşri dayandırıldı.

“Şərq qapısı” qəzetinin 5 may 1966-cı il tarixli sayında oxuyuruq: “Sovet İKP MK Rəyasət heyətinin qərarına əsasən rayon qəzetləri yenidən bərpa olunmuşdur. Həmin qərara əsasən 1966-cı ilin yanvar ayından Naxçıvan Muxtar Respublikasında “Yeni Ordubad” (Ordubad rayonu), “Zəfər” (Culfa rayonu), “Qabaqcıl” (Şahbuz rayonu) və “İşıqlı yol” (Şərur rayonu, o zamankı İliç rayonu) qəzetləri çıxmağa başlamışdır”

Rayon qəzetlərinin yenidən nəşrə başlamasından etibarən mövzu genişliyi, janr əlvanlığı, operativlik qəzetlərin başlıca fəaliyyət istiqamətinə çevrilmişdir. Qəzetlərin ana dilimizə, milli mənəvi dəyərlərimizə qayğıkeş münasibəti, ənənə və novatorluqda normativliyi əsas götürməsi region mətbuatını mükəmməl bir yaradıcılıq məktəbinə çevirmişdir.

O dövrkü mətbuat üçün ən üstün cəhətlərdən biri də qəzetdə tez-tez mənzum felyetonların dərc olunması, eybəcərliklərə və nöqsanlara qarşı cəsarətlə mübarizə aparılması, oçerklərə geniş yer ayrılması idi.

Həmin dövrdə müəssisələrdə hazırlanan divar qəzetlərinin təbliği də xüsusi yer tutur. Bu barədə “Yeni Ordubad” qəzetinin sovetlərin 5 may mətbuat gününə həsr olunmuş 1966-cı il (№32) sayında “Mətbuat xalqın tribunasıdır” adlı yazıda oxuyuruq: “Divar qəzetləri sənaye və kənd təsərrüfatı zəhmətkeşlərinin qüvvəsini, dövlət planlarının yerinə yetirilməsini səfərbər etməkdə xeyli iş görürlər. Belə ki, sənaye müəssisələrində, kolxoz və sovxozlarda, məktəblərdə, idarələrdə 90 adda aylıq divar qəzeti buraxılır”.

1966-1989-cu illərin rayon qəzetlərinin, demək olar ki, heç birində rastlaşılmayan, yalnız “Yeni Ordubad” qəzetində nəzəri cəlb edən bir məqam var. “Sosialist ölkəm”, “Sovet Azərbaycanım”, “Böyük Oktyabr”, “Demokratik SSRİ” kimi şüarların daha çox səsləndirildiyi bir dövrdə “muxtar respublikamızda” sözünə rast gəlmək, olduqca əhəmiyyətli xüsusdur. “Yeni Ordubad” qəzetinin 3 noyabr 1966-cı il (№88) tarixli sayında Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri əks etdirən xəbərlər məhz “Muxtar Respublikamızda” başlığı ilə dərc olunmuşdu.

Bu dövrün qəzetlərində maraqlı məqamlardan biri ilə “Zəfər” qəzetində (Culfa rayonu) rastlaşırıq. Belə ki “Zəfər” qəzetinin səhifələrində “Xalq yaradıcılığı” adı altında müxtəlif şifahi xalq ədəbiyyatı nümunələri oxuculara təqdim olunur. Qəzetin 29 iyun 1985-ci il (№76 (2924)) tarixli sayında “Xalq yaradıcılığı” sərlövhəsi ilə bayatıların verilməsi ilə yanaşı, həm də “El sənətkarlarımız. Əməyin tərənnümü” sərlövhəsi ilə Aşıq Saday haqqında məlumat verilməsi bölgə qəzetlərində atılan belə addımların bir ilki sayıla bilər.

Muxtar respublikanın hər bir rayon qəzetində olduğu kimi “Zəfər” qəzetinin də səhifəsində kifayət qədər tənqidi materiallara rast gəlmək olur. Bu cəhətdən qəzetin 9 fevral 1984-cü il (№18 (2718)) sayı xüsusilə fərqlənir. “İynə” adlı satirik guşədə “Danışa bilsəydim”, “Qanımızı qaraltmayın”, “Çayxanadır yoxsa...” adlı yazılarda rayonun müxtəlif kəndlərində mədəniyyət evlərinin, çayxanaların xoşagəlməz fəaliyyəti tənqid olunur.

1966 – 1988 – ci illərin rayon qəzetlərini nəzərdə keçirəndə bir fakta sadəcə olaraq heyrətlənmək olur. Sovet təbliğat maşınının 70 il ərzindəki dini, milli dəyərlərdən uzaqlaşmaq kimi təbliğinə xalq sanki heç bir reaksiya verməyib. Aşkarda, gizlində hər bir insan öz inamını, etiqadını davam etdirib. Sovetlər bu xalqı milli inkişafdan, milli dəyərlərdən, milli düşüncə tərzindən, sadəcə olaraq, qopara bilməyib.

Bu gün 1972-1989-cu illərin ictimai-siyasi mənzərəsini gözlərimiz önündə canlandırsaq, həmin dövrdə sovet hakimiyyətinin hansı dərəcədə mətbuat üzərində kəskin senzura yaratdığını görə bilərik. Buna baxmayaraq muxtar respublikanın rayon qəzetlərində tez-tez xalqımızın dil, ədəbiyyat, mədəniyyət və xüsusilə də tarixinə həsr olunmuş, azərbaycançılıq ideologiyasına xidmət edən çoxlu yazılar dərc olunub. “Ordubadın bəzi mikrotoponimləri haqqında”, “Ordubadın qədim yer adları”, “Azərbaycan dili dövlət idarələrində”, “Kərkinin taleyi”, “Sədərəyin eneolit yaşayış yeri”, “Kolanı abidələri tarixi mənbələrdir”, “Şahbuz rayonunun alban abidələri” və qeyd etmədiyimiz yüzlərlə digər maraqlı məqalələr, araşdırmalar, oçerklər yurdumuzun müxtəlif bölgələrinin tarixini özündə əks etdirərək xalqa aşılmağa çalışırdı.

***

Rayon qəzetləri üçün ən çətin dövrlər 1988-1993-cü illərdə olmuşdur. Həmin vaxtlar respublikada nəşr olunan bütün mətbu orqanların vəziyyəti, demək olar ki, eyni dərəcədə acınacaqlı idi. Belə şəraitdə öz ənənələrinə sadiq qalaraq, yenə də düzü-düz, əyrini-əyri yazan rayon qəzetlərinə təzyiqlər təbii ki, çox idi. Qəzetlərdən öz istəklərinə uyğun istifadə etməyə çalşan “meydan qəhrəmanları” buna nail ola bilmədiklərindən tez-tez redaksiyalara təzyiqlər göstərilir, onları iş otaqlarından çıxarıb qapıları bağlayırdılar. Həmin illəri xatırlayanlar yaxşı bilirlər ki, məhz bu səbəblərdən, vaxt olub ki, həftələrlə redaksiya və mətbəə işçiləri gündüzlər deyil, məhz gecələr işləməyə məcbur olub və öz oxucuları ilə vaxtaşırı görüşə biliblər.

1988-1993-cü illərdə Azərbaycanda, o cümlədən, Naxçıvanda baş verən proseslər muxtar respublikanın rayon qəzetlərinin fəaliyyətində də özünü göstərməyə bilməzdi. Ulu öndərin Naxçıvanda tarixi xilaskarlıq missiyasını həyata keçirdiyi dövrdə Naxçıvan Vilayət Həmkarlar Şurasının “Ağrıdağ” qəzeti də nəşr olunmağa başlamışdır. Qəzet qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq milli şüurun oyanmasında əhəmiyyətli rol oynamışdır.

Bu dövrdə ermənilərin əsassız torpaq iddiaları ilə üzləşən xalqımız mətbuat orqanlarında da buna xüsusi yer ayırırdı. Məsələn, “Qabaqcıl” qəzetinin (Şahbuz rayonu) 22 avqust 1989-cu il (№98 (3687)) sayında oxuyuruq: “Qarabağ, biz səninləyik! Əziz həmvətənlərimiz! Xalqı bu çətin imtahandan yalnız onun pozulmaz birliyi və möhkəm iradəsi çıxara bilər”.

Bu dövrdə “Qabaqcıl” qəzeti həm də Şahbuz rayonunda haqlı tənqid ünvanlarını göstərən bir qəzet kimi yaddaşlara yazılıb. “Xidməti diqqət mərkəzində” (18 noyabr 1989, № 135 (3624)), “Laqeydlik buzu əriyəcəkmi?” (14 noyabr 1989, № 133 (3622)), “Şahbuz qəsəbəsində gəzirdik, nələr gördük, nələr görmədik” (14 oktyabr 1989, № 121 3610)), “Kənd unudulub” (8 oktyabr 1987, №119 (3302)) kimi yazılarda rayonda və onun kəndlərindəki mövcud vəziyyətə göstərilən laqeyd münasibəti tənqid edən fikirlər öz əksini tapıb.

 “Əkinçi” qəzetinin 9 avqust 1876-cı il tarixli (№15) sayındakı “Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olar” fikri 100 ildən sonra – 1980-ci illərin sonrlarında muxtar respublikanın bölgə qəzetlərinin əsas devizinə çevrilmişdi.

Muxtar respublikada milli şüurun oyanmasında və özünüdərk prosesinin formalaşmasında yerli mətbuatda vətənpərvərlik, milli dəyərlər, özünəqayıdış, azadlıq, müstəqillik ruhunda dərc olunan yazılar mühüm rol oynadı. Ən başlıcası isə bu qəzetlər XX əsrin səksəninci illərin sonları və 90-cı illərin əvvəlində ölkəmizdə müstəqillik ideyalarının həyata keçirilməsi üçün çalışırdılarsa, müstəqillik qazandıqdan sonra isə onun qorunub saxlanması və möhkəmləndirilməsi üçün fəal mübarizə apardılar.

Xalqımızın ümümmilli lideri Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından, muxtar respublikaya rəhbərlik etməyə başlamasından sonra Naxçıvan mətbuatı da yeni dövrə qədəm qoydu. Bu dövrdən Azərbaycanın suverenliyi, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşması, siyasi sabitlik, ictimai gərginliyin aradan qaldırılması və digər ümummilli məsələlər Naxçıvanın söz tribunasının əsas qayəsini əhatə etdi. Azad söz və sərbəst fikir, kütləvi informasiya vasitələrinə yeni baxış da bu dövr üçün xarakterikdir.

Ağır günlər keçirən Naxçıvan Muxtar Respublikasının 1990-1993-cü illəri əhatə edən dövrü olduqca gərgin, ziddiyyətli, eyni zamanda, tələbkar bir dövr idi. Bu məqamda muxtar respublika mətbuatı öz fəaliyyəti ilə xalqı azadlıq mübarizəsinə, həmrəyliyə çağırırdı. Şübhəsiz, bu çağırışların nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası SSRİ-nin tərkibindən çıxdı, SSRİ-nin bərpa edilməsi üçün keçirilən referendumu boykot etdi və dünya azərbaycanlılarının həmrəyliyi Naxçıvandan başladı.

***

1990-cı illərin əvvəllərində muxtar respublikanın rayon qəzetləri öz tirajinı və dövriyyəliyini xeyli azaltmış, ondan sonrakı illərdə isə fasilələrlə nəşr olunmuşdur. Xalqımızın ümummilli lideri, dahi rəhbər Heydər Əliyev Ali Məclisin Sədri kimi fəaliyyəti dövründə regionda kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Bununla bərabər o, vaxtaşırı yerli mətbuat nümayəndələri ilə görüşür, nəyi və necə yazmağı, ümummilli maraqlara qulluq etməyin nədən ibarət olduğunu onlara aşılayırdı.

 “Şərurun səsi” (əvvəllər “Pambığa doğru”, “Noraşen kolxozçusu”, “İşıqlı yol” adları ilə nəşr olunub) qəzetində Nemət Əhmədov, Qədim Qədimov, Qasım Tağıyev, Məhərrəm Xudiyev, “El həyatı” (əvvəllər “Ordubad işçisi”, “Yeni Ordubad”, “Ordubad fəhləsi” adları ilə nəşr olunub) qəzetində Abbas Qasımov, Hüseyn İbrahimov, Nağı Babayev, Hüseyn Ağrılı, Cəmşid Tağızadə, “Arazın səsi” (əvvəllər “Bolşevik yolu”, “Sovet Culfası”, “Zəfər” adları ilə nəşr olunub) qəzetində Əkbər Əliyev, Gülməmməd Allahverdiyev, Hüseyn Əzimov, Cəfər Əliyev, “Oğuz səsi” (əvvəllər “Sosializm maldarlığı”, “Qabaqcıl” adları ilə nəşr olunub) qəzetində Əhməd Əhmədov, Allahverdi Həziyev, Güllü Məmmədova, Rəzzak Babayev, Bayram Qurbanov, “Şərqin səhəri” (əvvəllər “Əmək bayrağı” adı ilə nəşr olunub) qəzetində Saleh Hüseynov, Nərminə Əlixanbəyova, Hüseyn Məmmədov və adlarını çəkə bilmədiyimiz yüzlərlə başqaları bu mətbuat orqanlarının jurnalistika sənətkarlığı baxımından inkişaf etdirilməsi, yeni yaradıcılıq meyllərinin ortaya qoyulması baxımından olduqca böyük rol oynamışlar.

***

Müasir dövrdə mətbuat orqanlarına olan hərtərəfli dövlət qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olub. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası mərhələli şəkildə möhkəmləndirilib, yaradıcılıq imkanları artırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 29 mart 2000-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” imzaladığı sərəncam region mətbuatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Həmin sərəncamın icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən qəzet redaksiyalarının maddi texniki bazaları xeyli gücləndirildi.

Müstəqillik dövrümüzdə Muxtar Respublikada rayon qəzetlərinin adları ilə yanaşı, fəaliyyət istiqamətləri də genişlənib. Naxçıvan şəhərində “Nuh yurdu” (1996), Sədərək rayonunda “Oğuz yurdu” (2000), Kəngərli rayonunda isə “Yeni həyat” (2005) qəzetləri və “Naxçıvan” ictimai-siyasi və elmi-publisistik jurnalı (1998) fəaliyyətə başlayıb.

2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması qəzetlərin günün tələblərinə uyğun nəşrinə şərait yaradıb. Rayon (şəhər) qəzetlərinin burada böyük formatda və rəngli çapı isə ümumən ölkəmizin mətbuat həyatında mühüm hadisəyə çevrildi.

Kütləvi informasiya vasitələrinə dövlət qayğısının növbəti ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılması muxtar respublikanın mətbuat tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu.

***

Bu gün muxtar respublikada 8 rayon (şəhər) qəzeti – “Şərurun səsi” (1931 – Şərur), “El həyatı” (1932 – Ordubad), “Arazın səsi” (1932 – Culfa), “Oğuz səsi” (1936 – Şahbuz), “Şərqin səhəri” (1979 – Babək), “Nuh yurdu” (1996 – Naxçıvan şəhəri), “Oğuz yurdu” (2000 – Sədərək) və “Yeni həyat” (2005 – Kəngərli) qəzetləri dərc olunur. Naxçıvanın rayon mətbuatı fikir plüralizmini, əqidə, söz azadlığını, dövlətçilik amalını özünün başlıca meyarları hesab edərək ictimai-siyasi prosesləri operativ və tərəfsiz əks etdirməyə çalışan, milli maraqları üstün tutan mətbuat orqanları kimi fəaliyyət göstərir.

XXI əsr bəşəriyyətin yeni sivilizasiya dövrüdür. Bu dövrün ən xarakterik xüsusiyyətlərinin, dəyərlərin formalaşması və onun prinsiplərinin mənimsənilməsi prosesində media, jurnalistika ən mükəmməl vasitədir.

Mətbuat millətin inkişaf göstəricisi, tarixin yazılı salnaməsi, ictimai fikrin formalaşma strukturudur. Kütləvi informasiya vasitələri sırasında yaranma tarixinə görə televiziya, radio, internet və digər informativ vasitələrdən öncə gələn qəzetçilik anlayışı günümüzdə də aparıcı mövqeyini qorumuş, müasirləşərək dövrün tələbinə uyğun formalaşmışdır.

Məmməd Babayev

Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: