Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma kursuna start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma çərçivəsində valideynlər, defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqları üçün inklüziv təhsil istiqamətində “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” adı altında 5 günlük ixtisasartırma kursuna start verilib.

İnstitutun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  kursun başlanğıc tədbirində Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Bakı şəhərində yerləşən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, loqopedlər, psixoloqlor, defektoloqlar və valideynlər onlayn formada iştirak ediblər.

Kursunun açılış tədbirində institutun rektoru Azad Novruzov bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma sahəsində muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatların təklifi əsasında mütəmadi olaraq kurslar təşkil olunur. Bu kurslarda təlimçi kimi professor-müəllim heyəti ilə yanaşı, kursun tədris proqramının istiqamətinə uyğun olaraq muxtar respublikadan kənardan da mütəxəssislər cəlb olunur.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, ötən dövr ərzində sağlamlıq imkanları məhdud uşaqlara münbit təhsil mühitinin formalaşdırılması məqsədilə təhsil müəssisələrində  monitorinqlər  aparılıb, maarifləndirici görüşlər keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunun dəstəyi ilə təşkil ediləcək ixtisasartırma kursları muxtar respublikada reabilitasiya sahəsində kadr hazırlığının artırılmasına, nazirlik və Naxçıvan Müəllimlər İnstitutu arasında qarşılıqlı fəaliyyətin güclənməsinə töhvə verəcək, bu sahədə yeni layihələrin icrasına əlverişli şərait yaradacaq, sağlamlıq imkanları məhdud uşaqların gələcək inkişafına mühüm dəstək olacaqdır.

Açılış tədbirində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun “Sağlamlıq imkanı məhdud insanların cəmiyyətə inteqrasiyasında yeni yanaşmalar; hədəflər, perspektivlər”, İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyevin “Uşaqlarla ünsiyyətin qurulmasında yaşa görə psixoloji inkişaf dinamikasının nəzərə alınması” mövzularında çıxışları dinlənilib.

 Kurs öz işini təsdiq olunmuş qrafikə uyğun olaraq onlayn formada davam etdirəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: